Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:47

Sürücü: «Bilmirik ki, maşınımıza hücum edən müfəttişdir yoxsa quldur» [Video]


Bakıda sürücülərlə nəqliyyat müfəttişləri arasında daha bir çəkişmə
Gözlə

No media source currently available

0:00 0:05:50 0:00
-
Bazar günü gecə maşını əlimdən alaraq gətirib bura. Özü də bilir ki, idarələr işləmir. Bəs biz nə yeməliyik.

«Bakısərnişinnəqliyyat» MMC-nin Cəfərxandan 1 ünvanda yerləşən cərimə meydançasının qarşısında narazılıq edən təkcə Qarabağ əlili Elşad Səmədov deyil. Darvazanın qarşısı əlindən alınmış maşınını axtara-axtara bura gəlib çıxan sürücülərlə hər gün dolu olur.

Qarajın iri darvazasının qarşısına yığışanlar deyirlər ki, bəzilərinin maşınını qanunsuz taksi fəaliyyəti ilə məşğul olduqlarına, bəzilərini isə əsassız yerə bura gətirirlər.

- Sizin sənədiniz haradadır?

- Sənədim burdadır. Maşın da burdadır, 60 manat verdim sənədlərimi qaytardılar.

- Qəbz verdilər?

- Yox. Bax, bu barmaq boyda kağızı verdilər. Mən nə bilim bu nədir, üstündə cürbəcür rəqəmlər yazılıb.

- Sizi necə saxladılar?

- Biri əl elədi saxladı, dedi mən ağrıyıram, məni «Əzizbəyov»a at. Maşına oturan kimi dalınca üçü gəldi, açarları da, sənədləri də əlimdən alıb məni küçənin ortasında qoydular.

Başqa sürücülər:

- Cərimə edirlər etsinlər, ancaq maşının qapısını heç olmasa, mədəni şəkildə açsınlar, bir özlərini təqdim etsinlər, bir qəbz yazıb versinlər. Bilinmir kimdirlər, mülki geyimdə, sənəd də təqdim etmirlər, maşını, sənədləri alırlar, çıxıb gedirlər. Savadları da yoxdur, əllərində bir dəftər-qələmləri də yoxdur.

3-4 NƏFƏR KOLLUQDAN ÇIXIB ÖZLƏRİNİ MAŞINA ATDILAR

Elşad Səmədovun sözünü əraziyə gələn mühafizə polisi kəsdi. Sürücü onsuz da 60 manata əldə etdiyi sənədlərini ikinci dəfə əlindən verməmək üçün ərazidən uzaqlaşdı.

Araz Vəliyev
Araz Vəliyev
Mühafizə polisi:

- Nə oldu, polisi görən kimi niyə səsin kəsildi, hara qaçdın?

Sənədi üçün darvaza qarşısında dayanmış bir sürücü:

- Camaatlı polislə qorxudursan? Adam haqqını tələb edir.

Sentyabrın 15-də gecəyarısı əlindən alınmış sənədlərini soraqlaya-soraqlaya bura gəlib çıxan Araz Vəliyev isə deyir ki, ömründə bircə dəfə də şəxsi maşınından taksi kimi istifadə etməyib. İşi-gücü var, xırda ticarətlə məşğul olur, «taksovatlıq» onluq deyil. Ancaq gecəyarı əl edib maşınını saxladan mülkigeyimlilərin bəlasına gəlib. İndi də sənədlərini axtara-axtara qalıb. Qapıda dayanan polis işçisi Araz Vəliyevə dedi ki, sənədlərini Ayna Sultanova heykəli yaxınlığında idarə var, ordan götürməlisən.

Araz Vəliyevə qoşulub yollanırıq həmin idarəyə. Ancaq yolüstü hadisə yerinə baş çəkirik. Bizə hadisəni təsvir edir.

- Sentyabrın 15-i axşam təqribən 11-in yarısı olardı. Bax, bu yolla «Dərnəgül» tərəfə gəlirdim. Bir nəfər kolluqdan çıxıb əl elədi, elə bildim tanış-bilişdir, saxladım. Qapını açıb maşına oturan ki, ardıyca 3-4 nəfər də kolluqdan çıxıb özlərini maşına atdılar. Əl qolumu tutdular, sənədlərimi götürdülər, düşüb qaçdılar. Arxalarıyca qışqırdım ki, axı siz kimsiniz? Dedilər gedərsən qaraja, 100 manat ödəyib sənədlərini götürərsən.

QƏBZ İSTƏYƏNDƏ İNCİDİRLƏR

Araz Vəliyevi götürüb yollanırıq «Bakınəqliyyat» MMC-nin Ağasadıq Gəraybəyli 29 ünvanda yerləşən idarəsinə. Burda adamlara taksi, yaxud avtobus fəaliyyəti üçün lisenziya satılır. Ancaq binanın qarşısına çatanda, məlum olur ki, burda dayananların dərdi qəhrəmanımın dərdindən az deyil.

Sürücülər:

- Tıxacda maşını saxladığım yerdə 3-4 nəfər mülkigeyimli qapını açıb girib maşına, nə özlərini təqdim ediblər, nə sənədlərini. Bax, bu kağızı yazıb atıblar üstümə,
Binadan çıxanlar onlardan pul alındığını, ancaq qəbz verilmədiyini bildirirlər
Binadan çıxanlar onlardan pul alındığını, ancaq qəbz verilmədiyini bildirirlər
sənədlərimi də zorla əlimdən alıb düşüb gediblər. Bilmirik ki, maşınımıza hücum edən müfəttişdir, yoxsa quldur.

- Kağızın üstündə nə ad-familiyaları, nə vəzifələri qeyd olunub. Mən bilmirəm bunu mənə verənlər kimdir. Soraqla-soraqlaya gəlib çıxmışam bura, deyiblər sənədlərin burdadır, 101 manat cərimə ödə, apar.

Nahar fasiləsi bitdikdən təqribən 10 dəqiqə sonra idarənin qapısı açılır və mühafizə polisi bura toplaşanları siyahı üzrə səsləyərək içəri dəvət edir. Cərimə ödəmə prosesi hər sürücü üçün təqribən 4-5 dəqiqə çəkir. Binadan çıxanlar onlardan pul alındığını, ancaq qəbz verilmədiyini bildirirlər:

- 100 manat verdim, sənədlərimdir.

- Bəs qəbz?

- Vermədilər.

- Tələb etdiniz?

- Tələb edəndə incidirlər, adamı get-gələ salırlar.

- Siz bildiniz konkret nəyə görə ödədiniz bu cəriməni?

- Yox. Eləcə pulu aldılar, sənədləri verdilər, dedilər get.

Taksi fəaliyyəti üçün lisenziya almağa gələn sürücülər isə deyirdilər ki, onlardan 58 manat alınır. Qəbzdə isə 18 manat göstərilir.

NECƏ OLA BİLƏR Kİ, QƏBZ VERİLMƏSİN?

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, əsasən taksi fəaliyyəti ilə məşğul olanları saxlayıb cərimələyirlər.

Namiq Həsənov
Namiq Həsənov
- O sürücülər ki, lisenziyasız fəaliyyət göstərirlər, onlar 101 manat cərimələnirlər.

- Ancaq sürücülərin əksəriyyəti deyir ki, onlar taksi fəaliyyəti ilə məşğul olmurlar. Tıxacda, orda-burda müfəttişlər maşınlarına hücum edib sənədlərini əllərindən alır.

- Ola bilsin ki, 1-2 nəfərə qarşı etsinlər bunu. Ancaq kütləvilikdən söhbət gedə bilməz.

- Sürücülər Nəqliyyat Departamentinin müfəttişlərinin onlarla qeyri-etik davrandıqlarını deyirlər.

- Maşını saxlamırlar, müfəttişi saymırlar, çıxıb gedirlər. Müfəttiş neyləməlidir? Necə olur ki, Yol Polisi əl eləyən kimi saxlayırlar, ancaq bizim müfəttişlər üçün saxlamırlar. Bunlar da dövlət işçiləridir də.

- Sürücülərə qarşı qeyri-etik davrandığına görə indiyə qədər cəzalandırılan müfəttişlər olub?

- Belə halları hüquq-mühafizə orqanları araşdırır. O qədər olub ki, sürücülər də bizim müfəttişlərin başını yarıblar, bıçaqlayıblar, yaralayıblar. Belə hallar da olub.

- Müfəttişlər iş vaxtı mülki geyimdə olmalıdırlar, yoxsa xüsusi iş geyimində?

- Mülkidə də ola bilərlər, iş geyimində də.

- Biz müşahidələr apardıq - sürücülərdən pul alınırdı, ancaq ödənişə görə qəbz verilmirdi.

- Necə ola bilər ki, qəbz verilməsin? Pul kassaya ödənilməlidir, qəbz verilməlidir. Bunlar araşdırılmalıdır.
XS
SM
MD
LG