Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:28

Ağayi Bruce Lee, əllərin ağrımasın...


Fərid Hüseynin istintaq zamanı dindirilməsi kadrlarını İranın PressTV kanalı göstərir.
Fərid Hüseynin istintaq zamanı dindirilməsi kadrlarını İranın PressTV kanalı göstərir.
-

Həbsxana əhlinin ən çox sevdiyi dörd Azərbaycanlı müğənni vardı: Xatirə İslam, Baloğlan Əşrəfov, Şəfa, Vüsal Əliyev. Xairəni isə hərtərəfli çox sevirdilər.


Fərid Hüseyn


HƏBSXANA XATİRƏLƏRİ

(İranda həbs edilmiş və bir neçə ay Təbriz həbsxanasında saxlanmış şair Fərid Hüseynin xatirələri)


Həbsxana əhlinin ən çox sevdiyi dörd Azərbaycanlı müğənni vardı: Xatirə İslam, Baloğlan Əşrəfov, Şəfa, Vüsal Əliyev. Xairəni isə hərtərəfli çox sevirdilər.

Orda olduğum müddətdə yalan olmasın, bəlkə əlli adam məndən soruşdu ki, Xatirə ərə gedib, qızdı, yoxsa?

Məsələyə daha dərindən maraqlananlarsa soruşurdu: bizim pulla, görəsən, onun başlıq pulu nə qədər olar, neçə sikkəyə ala bilərəm? Hamısının da növbəti sualı bu olurdu: Bakıya gəlsəm Xatirəni görə bilərəm, mənə ərə gələr?

“Sevirəm” sözünə “söyürəm” deyən bu kəslər, hər dəfə Xatirənin mahnısına qulaq asanda yanıqlı-yanıqlı ah çəkərək deyirdilər: “Mən Xatirəni çox söyürəm”.

***

Həbsxanada olanda dördüncü günlər kino saatı olurdu. Bir dəfə də Bruce Leenin filmini gətirmişdilər. Həmin vaxt bikef-bikef həbsxananın həyətində gəzinirdim. Çağırdılar ki, gəlin filmə baxın. Əvvəl getmək istəməsəm də, sonra fikirləşdim ki, gedib baxım, bir az da vaxt orda keçsin. Nəysə, gəldim kino otağına.

Dubliyaj ləzzət elədi. Belə ki, döyüşdə düşmənləri ayaq-baş edən Bruce Leenin dəstəsindən olan adam onları ölümdən xilas edən məşhur döyüş ustasına belə deyirdi:

– Ağayi Bruce Lee, əllərin ağrımasın...

Düzü, bu kadr, o səs, o ifadə hələ də qulağımdan getmir ki, getmir. O gün o qədər gülmüşdüm ki, dərdlərim müvəqqəti də olsa yadımdan çıxmışdı.

***

Bir dəfə iki dildə olan maraqlı sözlər haqqında danışanda qətl törətmiş bir cavan oğlan soruşdu ki, arvadların döşlərinə taxdığı geyimə nə deyirsiz? Mən də cavab verdim:

– Lifçik.

Eyni sual mən də ona verdim. Osa mənə dedi ki, biz həm sinəbənd deyirik, həm də koledübarə. Bilməyənlər üçün deyim ki, koledübarə ikinəfərlik papaq deməkdir. Düzü,
Fərid Hüseyn və Şəhriyar Hacızadə istintaq zamanı
Fərid Hüseyn və Şəhriyar Hacızadə istintaq zamanı
sözün təyinatı ləzzət eləmişdi mənə.

***


Təbriz zindanında olanda Vəhid adlı qoluzorlu, əhli-kef bir oğlan vardı, zindana gələndən əməlli-başlı cana gəlmişdi, kökəlmişdi. Yeganə adam idi ki, həbsxanadan getmək haqqında düşünmürdü. Hərdən də havaxorda olanda ucadan qışqırırdı:

– Həbsxana döyül e, Küveytdi, Küveyt. – Onlar Küveyti dünyanın cənnəti sayırlar.
Hərdən ondan soruşurdum ki, zindanın nəyi yaxşıdı eşikdən? – tez cavab verirdi.

– Eşikdə olanda anama deyirdim ki, mənə bir köynək al, daşdan səs çıxırdı, anamdan yox. Amma burda biləndə ki, paltarım yoxdu, tez alıb gətirir. Eşikdə gündə üç dəfə yemək tapmırdım, burda verirlər. Eşikdə kimin evinin içində süpermarket var? Heç kimin. Amma burda zindanın içində supermarket var, nə istəyirsən al ye. Eşikdə uşaqvaxtı topum olub, yox, amma burda dövlət top da verib.

***

Vəhid çox hazırcavab idi. Bir dəfə soruşdum ki, bu oğlanların çoxu niyə qaşlarını alırlar? Düşünmədən cavab verdi:

- ¬Qədim vaxtlarda oğlan uşaqları kömürdən bığ çəkib atalarına oxşamaq istəyirdilər, indi də qaşlarını alıb analarına oxşamaq istəyirlər... – sonra da bərk qəhqəhə çəkib güldü.

***

Bir dəfə ailəmizlə görüşə gedəndə, qolumuza möhür vuran rəis bizi çox sorğu-sual elədi. Axırda yaşımızı soruşanda atasını görmək üçün tələsən, eyni suallardan cana gəlmiş Şəhriyar del Gerani dilləndi: 22 yaş mənim var, 23 yaş Fəridin, birgə də eləyir 55 yaş. Şəhriyarın cavabından suallarının ardını gətirməyən rəis bizim qolumuza möhür vurub yola saldı. Ondan sonrakı görüşlərdə də bizi yubandırmadı. Hər dəfə də bizi görəndə Şəhriyara baxıb gülə-gülə deyirdi: ikinizin birgə 55 yaşınız var, hə?

***

Şəhriyar məndən uzun idi deyə, hamı elə bilirdi ki, onun yaşı çoxdu, məndən böyükdür, bütün sualları ona verirdilər. Bu da onda bezginlik yaradırdı. Bir sözlə, bəstəboy olmağım orda çox karıma gəlirdi.

Qafqazinfo
XS
SM
MD
LG