Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:30

Elşad Abdullayev: «Mən Heydər Əliyevə heykəl qoymuşam»


Elşad Abdullayev
Elşad Abdullayev
-
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev AzadlıqRadiosuna danışıb.

Sentyabrın 25-də deputat Gülər Əhmədovanın Elşad Abdullayevdən rüşvət tələb etdiyi ehtimal olunan video yayılıb.

- Elşad bəy, Gülər Əhmədova videogörüntünün montaj olunduğunu deyir. Sizin onu şantaj etdiyinizi bildirir.

- Mənim kimisə şantaj etməkdə marağım yoxdur. Mən qardaşım oğurlanana qədər Gülər xanımı tanımamışam. Qardaşım Mahir Abdullayev – MTN mayoru 2002-ci ilin 13 oktyabrında oğurlanıb. Oktyabrın 14-də isə işə gələndə, Gülər Əhmədova və Sevinc Babayevanı qəbul otağında görmüşəm. Hələ qardaşımın oğurlandığını bilmirdim. Gülər Əhmədova dedi ki, nə işin, problemin olsa deyərsən, Ramiz Mehdiyevlə həll edərəm. İlk mənə xidmətini təqdim edən Gülər Əhmədova oldu. Bunlar notariusla pul alırlar, bunu da etiraf etmirlər. Dövlət orqanının rəsmi sənədinə də etiraz edirlər, şantaj adlandırırlar. Özü də pulu ona hər şeydən qabaq qardaşımın geri qaytarılması üçün vermişəm.

- Amma bu pulu həm də deputat olmaq üçün verdiyinizi demisiz...

- Özüm hər il deputat seçkilərində iştirak etmişəm. Hüquq elmlər doktoru kimi parlamentdə olmaq istəmişəm. Amma gördüm ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə dövlətin gücündən mənə qarşı istifadə edir. Baxmayaraq ki, özüm dövlətin içində olmuşam, müəyyən vəzifələr tutmuşam. Amma bunlara heç bir şey sübut etmək mümkün olmur. Buna görə də, kamera ilə 9 ildə hər şeyi qeyd etmişəm. Adam oğurluğu ilə məşğul olan təşkilat dövlət içində, dövlət strukturlarında oturub. Hacı Məmmədovun dövründə onlar çayxanalarda otururdular. Ona görə bu işi açmaq çətindir. Ona görə cəsarətlə deyirlər ki, video montaj olunub. Montaj olunmayıb, bunu hüquqşünas kimi deyirəm. Yalan deyirəmsə, məsuliyyətə cəlb etsinlər. Montajdır? Qoy, ekspertlərə versinlər. Azərbaycandakı ekspertlərin durumu aydındır. Ancaq beynəlxalq ekspertlər asanlıqla müəyyən edə bilərlər ki, burda videomontaj yoxdur.

- Siz deyirsiz ki, Gülər Əhmədovaya 2 milyon manat pul vermisiz. Dərhal bir sual gündəmə gəldi ki, haradandır ABU rektorunda bu qədər pul? Elə Gülər Əhmədova da bu sualı səsləndirib. Sual edir ki, bu pulları leqal biznesdən qazanıbsa, vergisi hanı? Daha sonra deyir: «Orqan mafiyasının başçısı daha neyləməlidir ki?».

Azərbaycan Beynəlxalq Universiteti
Azərbaycan Beynəlxalq Universiteti
- Mən birincisi, qardaşımın oğurluğu ilə bağlı kimə nə vermişəm, prokurorluqda dindirmə protokolunda hamısı var. Qohum-əqrəbam mənə kömək edib, bu bir. İkincisi, mənim Bakıda tikinti şirkətlərində payım olub, mənzil payım. Bunu da satmışam. Bununla bağlı alqı-satqı müqavilələrim var. Yəni, hamısının mənbəyi var. Mən onlar kimi camaatı təhdid edib var-dövlətini almamışam. Mənim əlimdən alıblar. Azərbaycanda 10 mindən çox sahibkar var, hamısı lal olub, kar olub. Eləsi var məndən betər müsibətlərlə üzləşib, biri də ağzını açıb danışmır. Bu nə ölkədir? Mən ləyaqətimin tapdanmağındansa ölkəmi tərk etmişəm.

- Siz bu ölkənin vəziyyətindən danışırsız, amma özünüz də son 20 ildə iqtidar partiyasının üzvü olmusuz. Yəni, Sizin də baş verənlərdə günah payınız yoxdurmu?...

- Heydər Əliyev Bakıya gələndə biz həqiqətən də qurban kəsmişik. Demişik ki, Allaha şükür, biz bu problemlərdən qurtulduq, Qarabağımızı da qaytaracaqlar. Bu işlərə də canla-başla kömək eləmişəm. Mən qısa müddətdə böyük işlər qurdum. Uşaq bağçası açdım, orta məktəb, kollec açdım, universitet, akademiya açdım. Bunu da qısqandılar. Qardaşımı girov götürüb bunları bir-bir geri tələb etdilər. Mən bununla bağlı bütün instansiyalara, Avropa Məhkəməsinə müraciət etmişəm ki, bu özbaşınalığa son qoyulsun. Bu boyda özbaşınalıq olar? Mən elə YAP-ın üzvü kimi danışıram. Ən böyük ziyanı da Azərbaycan müxalifətindən çox YAP-çılar çəkib. Ziya Bünyadov, Fərəməz Maqsudov qətlə yetirilib.

- Necə bilirsiz, bütün bunlardan sonra YAP hakimiyyətdə qalmalıdırmı? Deyirsiz ki, vəziyyət pisdir, cinayətkarlar hakimiyyət başındadır və s...

- Nə partiyası olur olsun, xalqın etimadını itirməməlidir. Onu itirdinsə qalmaq şansı da azalır. Mən Heydər Əliyevə heykəl qoymuşam, onun adına mərkəz yaratmışam. Mən dövlətimizə xidmət etmişəm. Amma mən dövlətimdən
Gülər Əhmədova
Gülər Əhmədova
dəstək görmədim.

- Siz universitet rektoru olmusuz. Gülər Əhmədova da Sizi rüşvətdə, ali məktəbə saxta yolla qəbul aparmaqda ittiham edir. Bu yöndə Sizinlə mübarizə apardığını bildirir.

- Məndə Gülər xanımla 5 saatlıq danışığımızın çəkilişi var. Orda bu söhbətlərin biri də olmayıb. Tam iftiradır. ABU universitetlərin reytinq göstəricisinə görə özəl universitetlər arasında birinci yerdə olub. Son illər Ermənistanda 72, Gürcüstanda 75, Azərbaycanda isə 77 özəl universitet yarandı. Qonşu ölkələrdə bu universitetlər yenə də fəaliyyət göstərir, amma Azərbaycanda 77 universitetin hamısı bizimki kimi sıradan çıxarıldı və birləşdirildi son yaranmış ailə universitetlərinə. Səbəb budur. Mən iki ildir gəlmişəm, gündə bir müəllim tuturlar. Xarici Dillər Universiteti dəbdədir, onun əleyhinə kampaniya gedir və s. Əsas problemi yaradanlar kənardadır. Kənardan baxıb millətə gülürlər.

- Yəni universitetdə rüşvət olmayıb?

- Hələ mənim dövrümdə bir nəfər rüşvətə görə məhkəməyə cəlb olunmayıb. Mən gedəndən sonra rüşvət məsələsi çıxdı, qara transplantasiya məsələsi gündəmə gəldi. Mən universitet nəzdində xəstəxana açmışam və onu icarəyə vermişəm. Baş həkim cinayət edirsə... Hesab edirəm ki, bu da saxta işdir. Mən Bakıdan çıxandan bir il sonra baş prokuror deyib ki, Azərbaycanda qara transplantasiya yoxdur. Sadəcə, bu yolla mənə təzyiq edirlər. Hələ universitet fəaliyyət göstərəndə qardaşımın işiylə bağlı Avropa Məhkəməsinə müraciət etdim. Mənim ərizəm artıq qeydiyyata götürüldü. Bundan sonra təzyiqlər başlandı. Dedim ki, qardaşımı qaytarın, ərizəmi geri götürüm. Olmadı.
XS
SM
MD
LG