Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:28

Z. Qurbanlının atası: «24 saatdan çox keçib, ancaq rəsmi heç bir məlumat yoxdur» [Video]


Gənc fəalı polis saxlayıb
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00
-

“Mənə Zaurun harada saxlanılması haqqında konkret məlumat verilmir. Ancaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan söhbətdən belə məlum olur ki, Zaur orada saxlanılır. Mən indi də idarənin qarşısındayam. Mənə dedilər ki, iş günü olmadığından burada heç kim yoxdur. Oktyabrın 1-də gəlin, müstəntiqlə görüşün. Bu sözdən belə başa düşdüm ki, yəqin burdadır. Burada olmasından şübhələnirəm. Ancaq dəqiq deyə bilmirəm ki, Zaur burada saxlanılır, yoxsa, yox”.

Bunu AzadlıqRadiosuna sentyabrın 29-da saxlanılmış Zaur Qurbanlının atası Araz Qurbanov deyib. Araz Qurbanov deyir ki, oğlu dünəndən saxlansa da hüquq-mühafizə orqanlarında ona heç bir məlumat verilmir: “24 saatdan çox keçib, ancaq mənə rəsmi heç bir məlumat verilmir”.

DİN VƏ BAŞ PROKURORLUĞA MÜRACİƏT EDİLDİ

NİDA Vətəndaş Hərəkatı idarə heyətinin üzvü Rəşad Həsənov Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edib.

Rəşad Həsənov AzadlıqRadiosuna bildirib ki, müraciət hərəkatın üzvü Zaur Qurbanlının oğurlanması ilə bağlıdır.

“Biz hüquq-mühafizə orqanları ilə əlaqə saxlamışıq. Onlar deyirlər ki, Zaur Qurbanlını saxlamayıblar. Onda belə çıxır ki, Zaur oğurlanıb. Bu oğurluqdur. Oğurluqdursa, oğurluq faktını araşdırsınlar”.

Müraciət Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa oktyabrın 1-də göndəriləcək.

VƏKİL ZAUR QURBANLILIN HARDA OLDUĞUNU BİLMİR

Sentyabrın 29-u səhər saatlarında saxlanılmış NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının hara aparılması məlum deyil.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən növbətçi bildirdi ki, Zaur Qurbanlının həmin idarədə saxlanması haqqında məlumatı yoxdur.

Vəkil Anar Qasımlı
Vəkil Anar Qasımlı
Zaur Qurbanlının vəkili Anar Qasımov AzadlıqRadiosuna bildirib ki, şənbə-bazar iş günləri olmadığından məsələni aydınlaşdırmaq olmur. «Dünən Yasamal məhkəməsinə də getdim. Məhkəmənin sədr əvəzi rayon prokuroru ilə əlaqə saxladı. Dedilər ki, ya Binəqədi, ya da Abşeron məhkəməsinə aparıla bilər. Onlarla da əlaqə saxladım. Qeyri-iş günü olduğu üçün heç bir məlumat ala bilmədim».

Sentyabrın 29-u səhər saatlarında NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı yaşadığı evin önündə saxlanıb.

Onu saxlayanların özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etdiyi bildirilir.

Z. QURBANLININ EVİNDƏ AXTARIŞ APARILIB

Paralel olaraq Müsbət Dəyişiklik Hərəkatının ofisində də axtarış aparılıb. MD Hərəkatının üzvü Məhəmməd İlyasoğlunun AzadlıqRadiosuna dediyinə görə, axtarış başlayandan az sonra Z.Qurbanlı ofisə gətirilib. Ofisdən NİDA Vətəndaş Hərəkatına məxsus çap materialları götürülüb:

«Ofisdə oturmuşduq, mülkigeyimlilər gəldi. Dedilər Zaur Qurbanlıya nə isə vermişik, onun dostuyuq. İndi onun özü də gələcək. Zauru gətirdilər, sonra dedilər ki, biz Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarıyıq. Bütün kompüterləri söndürdülər. Müsbət Dəyişiklik Hərəkatı ilə NİDA-nın bütün sənədlərini ayırdılar. Hamımızın bir-bir şəkilini çəkdilər. Bizi aparmaq istəyəndə, onlara zəng gəldi ki, yalnız Zauru gətirin. Bir də NİDA-ya məxsus hələ yayılmamış bukletlər götürüldü. O bukletlərin üstündə İlham Əliyevin şəkli, bir də yazı var idi: «2013-cü ildə mən əgər gedərəmsə...»».

Z.Qurbanlının Yasamal rayon Polis İdarəsinə aparıldığı deyilir.

DİN-in mətbuat xidmətindən AzadlıqRadiosuna bildirdilər ki, yaxın saatlarda bu barədə məlumat verəcəklər.

Yasamal rayon Polis İdarəsindən isə idarəyə Zaur Qurbanlı adlı şəxsin gətirilmədiyini deyiblər.
XS
SM
MD
LG