Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:33

Gülər Əhmədovanın "Xoruz baba" şeiri ilə qalmaqal qızışır


Keçmiş millət vəkili Gülər Əhmədova
Keçmiş millət vəkili Gülər Əhmədova
-

YAP-ın icra katibi Əli Əhmədov Gülər Əhmədovanın Facebookda yazdığı “Xoruz baba” şerinə münasibət açıqlayıb. O deyib ki, şeir barədə oğlundan eşidib və buna gülüb:

- Belə bir şey eşidəndə, sözün düzü heç onunla maraqlanmadım da. Bilmədim ki, heç nə yazıb. Bir gün keçəndən sonra bildim ki, belə şeylər yazılıb. Səhəri günü axşamüstü oğlumdan eşitdim. O, gülə-gülə dedi ki, belə deyiblər. Güldük, qurtardı-getdi. Deyib-deyib də... Təbii ki, bu onun mənəviyyatının, əxlaqının göstəricisidir.

Əli Əhmədov APA-ya müsahibədə deyib ki, istənilən məsələnin şəxsi deyişmə, məişət səviyyəsinə enməsinin tərəfdarı deyil: “Bu, mənim xarakterimə uyğun deyil. Düşünürəm ki, biz siyasətlə məşğul oluruqsa, gərək daha ciddi məsələlər ətrafında, daha ciddi səviyyədə söhbətlər aparaq. Məsələnin digər tərəfi var ki, əgər insanın sözü qurtarırsa və o, təhqirlərə keçirsə, bu onun mənəviyyatının göstəricisinə çevrilmiş olur”.

Şeir kimə ünvanlanmışdı?

Gülər Əhmədova isə öz facebook hesabında belə yazırdı:

“O gün, kefimin pis vaxtında yadıma bir Xoruz Ban Baba düşüb. Nə qədər gülmüşəm, Allah! Elə ağzını təzə açıb bir ağız banladı, nə təhər soxdularsa hinə, heç səsi-zadı gəlmir. Bizim məhəllədə də nə işlər var, nə işlər. Dağlı məhəlləsi belədir də...
Ay pipiyi qan Xoruz,
Gözləri mərcan Xoruz.
Sən nə tezdən durursan,
Cır səslə banlayırsan,
Girməyirsən hininə...
Ay üzü məstan xoruz"

Bu status bir neçə gün öncə keçmiş deputat Gülər Əhmədovanın Facebook statusunda yazılıb. Amma indi bu status Gülər Əhmədovanın hesabından silinib. “Yeni Müsavat” qəzeti isə bu statusu dərc edib və yazıb ki, Gülər Əhmədovanın “Xoruz” şeiri hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədova ünvanlanıb.

Sosial şəbəkələrdə hallanan bu söhbətdən sonra Gülər Əhmədova mətbuata bildirib ki, o, bu şeiri zarafatla yazıb və dostları ilə müzakirə etmək istəyib. Mətbuata göndərdiyi açıqlamada keçmiş deputat “Yeni Müsavat” qəzetini ona qarşı qərəzli davranmaqda, hakim partiyanın rəhbər şəxsi ilə münasibətlərini pozmaq cəhdində ittiham edir:

- Mən özümə məxsus Facebook sosial şəbəkəsindəki səhifəmdə zarafatyana və sırf dostlarımla müzakirə aparmaq məqsədilə bir şeir paylaşmışdım. Bu, sadəcə bir şeir idi və heç bir şəxsə və ya şəxslərə, habelə quruma və ya təşkilata ünvanlanmayıb. Çox təəssüf edirəm ki, yenə də yuxarıda adını çəkdiyim həmin qəzet mənim Facebook sosial şəbəkəsində paylaşdıqlarımı yalnış istiqamətə yozaraq ictimaiyyətdə barəmdə qərəzli münasibət formalaşdırmağa çalışmışdır.

Bir daha bütün KİV və ictimaiyyət nümayəndələrini əmin edirəm ki, Facebook sosial şəbəkəsində paylaşdığım fikirlər bir vətəndaş kimi dostlarımla müzakirə aparmaq məqsədi daşıyır və heç bir alt məna kəsb etmir.

“Qaynana”, “Xoruz baba”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə bu ittihamı rədd edib. Bildirib ki, Gülər Əhmədova müxalifət düşərgəsinin hədəfində olduğu görüntüsünü yaratmaq istəyir: “Biz də, bir qəzet olaraq, olanları yazır, oxucu tələbatından çıxış edərək, bir sıra gizlinlərə işıq tuturuq. Eləcə də, onun “facebook” səhifəsində yazdığı “Xoruz baba” statusunun şifrəsini də biz çözmüşük. Təbii ki, bu cür fəaliyyətimiz Gülər xanıma xoş gəlmir, bu səbəbdən də üzərimizə hücum edir. Lakin bu dəfə də yanlış yapır. Onun üçün ən yaxşı olan budur ki, indiki anda heç olmasa sussun, istintaqın nəticələrini gözləsin, sağa-sola hücum etməsin. Bundan belə hansı hərəkəti etsə, yenə də öz vəziyyətini pisləşdirəcək”.

YAP-dan Gülər Əhmədovaya hücumlar

Son iki gündür ki, YAP-ı Milli Məclisdə təmsil edən bəzi deputatlar Gülər Əhmədovanın ünvanına kəskin ifadələr işlədiblər, hətta onun həbs olunması zərurətindən də danışıblar.

Hakim partiyaya yaxın olan “Səs” qəzeti isə oktyabrın 9-u və 10-da çap olunan saylarında Gülər Əhmədovanın ünvanına təhqiramiz ifadələrlə dolu şeirlər çap edib.
XS
SM
MD
LG