Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:35

«Gülər çox həyəcanlı idi və mən ondan şübhələnmişdim»


Əvəz Zeynallı
Əvəz Zeynallı
-

ƏVƏZ ZEYNALLIDAN 103 SƏHİFƏLİK İFADƏNİN BİRİNCİ BÖLMƏSİ

«Məni həbs edəndə elə təxmin edirdim ki, qəzetin hansısa vergi məsələləri ilə bağlı əməliyyat olub. Çünki son vaxtlar Korrupsiya ilə Mübarizə İdarəsi bəzi qəzetləri vergi məsələsinə görə sıxışdırırdı. Ancaq müstəntiq bir müddət gözləyəndən sonra «deputat Gülər Əhmədova ondan hədə-qorxu ilə pul tələb etməyinizə görə müraciət edib» deyəndə, oynanılan iblisanə oyunun yeni detalları mənə aydın oldu. Başa düşdüm ki, məni başqa maddələrlə həbs edə bilməyən hakimiyyət şərləməyə qərar verib».

Noyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi davam edib. Əvəz Zeynallı 6 aydan artıq davam edən məhkəmədə sərbəst ifadəsini verib. O, həbsini «Xural» qəzetində hakimiyyəti aramsız tənqidə tutan müxtəlif materiallarla bağlayıb. Qəzetin 10 illik fəaliyyəti dövründə qəzetə qarşı 33 məhkəmə işi keçirilib. Məhkəməyə üz tutanlar arasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehtiyev də olub. Əvəz Zeynallı Gülər Əhmədovanın şikayəti əsasında həbsini də Ramiz Mehtiyevlə qəzet arasındakı münasibətlərə bağlayıb:

«Güləri tənqid də edirdik, xəbər də yazırdıq. Münasibətimiz də normal olub. «Mərkəz» qəzetinin keçmiş baş redaktoru Nigar Almanqızı mənə şikayətlənirdi ki, Gülər onu incidir, şantaj edir, hədələyir, ailəsini təzyiq altında saxlayır və sair. Mən də bu barədə Gülərlə söhbət etdim».

Gülər Əhmədova
Gülər Əhmədova
Əvəz Zeynallı bildirdi ki, Nigar Almanqızı ilə Gülər Əhmədovanın münasibətlərinə dair qəzetdə dərc etməyə hazırlaşdığı yazının anonsundan sonra Gülər Əhmədova ona zəng edərək görüşmək istədiyini bildirib:

«NƏ QƏDƏR PUL İSTƏYİRSƏN?»

«Bu anonsun dərcindən və digər xəbərlərdən sonra Gülər Əhmədova mənə zəng vurub öz ofisinə çay içməyə çağırdı. İsrarlı təkidlərinə baxmayaraq, Gülərin ofisinə getmədim. Onu redaksiyaya dəvət etdim. Gülər 8 avqust 2011-ci ildə redaksiyaya gəldi. İsrarla xahiş etdi ki, «qardaş, qurban olum, bacının səninlə bircə dəqiqəlik söhbəti var»... Bilsəydim ki, Gülər Əhmədova Ramiz Mehdiyev oyununun tərkib hissəsi kimi gəlib yanıma, onu qəbul etməzdim... Təsəvvür edin, ciddi hesab etdiyin bir adam, 15 ilin deputatı otağa girib oturan kimi deyir, «qardaş, mən sənin üçün nə edim, nə qədər pul istəyirsən?..». Dedim, sən neynirsən, ay xanım? Dedi yoxeee, qardaş, de görüm, mən səninçün nə edim?

...Gülər Əhmədova çox həyəcanlı idi. Mən ondan şübhələnmişdim və o, bunu hiss edirdi. Tez durub çıxdı, mən də tələsik redaksiyanı bağlayıb çayxanada məni gözləyən işçilərimizin yanına getdim. Çatan kimi də ilk sözüm bu oldu: Deyəsən, Gülər səsimi yazmağa gəlmişdi».

Əvəz Zeynallı 103 səhifəlik ifadəsinin birinci bölməsinin bitdiyini deyəndən sonra, hakim məhkəmə iclasının davamını noyabrın 21-nə təyin etdi.

Əvəz Zeynallı ötən il oktyabrın 28-də həbs olunub. Baş redaktora qarşı külli miqdarda rüşvətalma və hədə-qorxu tətbiq olunmaqla rüşvətalma maddələri ilə cinayət işi başlanıb.

Elşad Abdullayev
Elşad Abdullayev
İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxudan yararlanıb 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Bu ittihamlar sübut olunsa, Əvəz Zeynallı əmlakı müsadirə olunmaqla, 8 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Keçmiş millət vəkili Gülər Əhmədovanın özü də hazırda istintaq altındadır. Keçmiş universitet rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayev onu deputat seçilməsi əvəzində 1 milyon dollar rüşvət tələb etməkdə günahlandıran videonu yayandan sonra Gülər Əhmədova istintaqa mane olmamaq üçün deputat mandatından imtina edib.
XS
SM
MD
LG