Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:36

Zərərçəkmiş polislər onları daşlayanları xatırlamırlar


Quba - 1 mart 2012
Quba - 1 mart 2012
-
Hakim:

- Bu təqsirləndirilənlərdən kimi tanıyırsınız?

Zərərçəkmiş polis:

- Heç birini.

Hakim:

- Bunların arasında sizə daş atan var?

Zərərçəkmiş polis:

- Yox. Bu adamları birinci dəfə burda görürəm.

Noyabrın 20-də Quba hadisələri ilə bağlı təqsirləndirilənlərdən 7 nəfərin məhkəməsi zərərçəkmişlərin dindirilməsi ilə davam edib. Məhkəmə biri mülki şəxs, qalanları polis əməkdaşları olmaqla 8 zərərçəkmişi dindirib. Onlardan yalnız 2 nəfəri təqsirləndirilən şəxslər tərəfindən daşla vurulduqlarını bildiriblər.

Zərərçəkmiş mülki şəxs Sahib Bağırov təqsirləndirilən Habil Əliyev tərəfindən, zərərçəkmiş polis işçisi Rövşən Quliyev də təqsirləndirilən Telman Dadaşov tərəfindən daşla vurulduğunu deyib.

Quba RPŞ-nin polis işçiləri olan digər zərərçəkmişlər isə deyiblər ki, təqsirləndirilən şəxsləri ilk dəfə görürlər. Məsələn, ittiham aktında göstərilir ki, Habil Əliyev sahə müvəkkili Xəzər Nəcəfovu daşla vurub. Ancaq Xəzər Nəcəfov məhkəmədə konkret kim tərəfindən vurulduğunu yadda saxlamadığını bildirib.

Vəkil Rauf Kazımov:

- Habil Əliyev Sizi vurub?

Zərərçəkmiş polis:

- Görməmişəm, deyə bilmərəm.

Vəkil:

- İbtidai istintaqa verdiyiniz ifadənizdə göstərmisiniz ki, Habil Əliyev Sizi vurub, sağ əlinizdən xəsarət almısınız.

Zərərçəkmiş polis:

- Başımı qaldırıb bu adamı gördüm, əlində daş var idi. Ancaq konkret məni kim vurub, bunu bilmirəm.

ZƏRƏRÇƏKMİŞ MƏHKƏMƏYƏ SİLAHLA GƏLDİ

Quba rayon Məhkəməsinin qarşısı
Quba rayon Məhkəməsinin qarşısı
Vəkil Mirzə Əzizov Xəzər Nəcəfovun məhkəmə zalına silahla daxil olmasının protokollaşdırılmasını xahiş edib. Hakim də polis işçisinə bunu irad tutub. Polis işçisi isə bildirib ki, iş başında olduğuna görə məhkəməyə silahla gəlməyə məcbur qalıb.

Sonra məhkəmədə zərərçəkmiş qismində Quba RPŞ-nin digər əməkdaşları - Fazil Məmmədov (Cinayət-Axtarış Bölməsinin rəisi), Turab Abumüslümov, Adıgözəl Adıgözəlov, Vidadi ƏsədovElnur Həsənovun ifadələri dinlənilib. Onlar da dəmir barmaqlıqlar arasında oturanları tanımadıqlarını, Quba hadisələri zamanı onlara konkret kimin xəsarət yetirdiyini bilmədiklərini deyiblər.

Məhkəmə çəkişməsi noyabrın 22-də davam edəcək.

1 mart - Quba hadisələrinə görə təqsirləndirilən şəxslər əmlakı qəsdən məhvetmə, ictimai qaydanı pozma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddələri ilə ittiham olunurlar. Təqsirləri sübuta yetirilərsə, onları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Quba hadisələri ilə əlaqədar 30 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 12-si həbs edilib, 18 nəfər barəsində başqa yerə getməməklə bağlı iltizam alınıb. Zərərçəkənlər əsasən polislərdir.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.
XS
SM
MD
LG