Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:48

Prokuror Quba hadisələrində təqsirləndirilənlərə cəza istəyib


Quba rayon Məhkəməsinin qarşısı
Quba rayon Məhkəməsinin qarşısı
-
Noyabrın 27-də Quba rayon Məhkəməsində 1 mart - Quba hadisələrinə görə həbs olunmuş 9 nəfərə dövlət ittihamçısı cəza istəyib.

Prokuror Əhəd İbrahimov təqsirləndirilənlərə qarşı irəli sürülmüş ittihamların məhkəmə istintaqı ilə sübuta yetirildiyini bildirib. O, Fayizi Səxavətə 6, Xəyyam Yunusov, Ələkbər Nəcəfli, Niyaməddin Ələsgərov, Bəhruz Qəribov, Elgün Məhərrəmov, Rəşad İlyasov, Rafiq Mürşüdov və Tapdıq Qəribova isə 5 il cəza istəyib. Onlar əmlakı qəsdən məhvetmə, ictimai qaydanı pozma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslər və onların vəkilləri prokurorun istədiyi cəza ilə razılaşmayıblar. Vəkillər deyib ki, ittiham üzrə zərərçəkmiş şəxslər məhkəmədə dindirilərkən müttəhim kürsüsündə əyləşənləri hadisə vaxtı görmədiklərini bildiriblər.

Hakim növbəti məhkəmə iclasını noyabrın 28-nə təyin edib. Həmin gün vəkillərin çıxışı gözlənilir.

Quba hadisələri ilə əlaqədar 30 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 12-si həbs edilib, 18 nəfər barəsində başqa yerə getməməklə bağlı iltizam alınıb. Zərərçəkənlər əsasən polislərdir.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.

Hazırda həmin hadisələrlə əlaqədar Quba rayon Məhkəməsində daha 3 məhkəmə prosesi keçirilir. Dördüncü - sonuncu cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası isə noyabrın 30-da keçiriləcək.
XS
SM
MD
LG