Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:31

Prokurorluq: "Rafiq Tağının ölümü ilə bağlı 180 şahid dindirilib"


Rafiq Tağı
Rafiq Tağı
-

Baş Prokurorluq yazıçı-publisist Rafiq Tağının ölümü ilə bağlı istintaq-əməliyyat tədbirlərini davam etdirir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya belə deyib.

«Cinayət işi üzrə çoxsaylı istintaq-əməliyyat tədbirləri həyata keçirilib, o cümlədən zərərçəkmiş və şahid qismində 180-dən artıq şəxs dindirilib, 10-a yaxın kompleks ekspertiza təyin olunaraq müvafiq rəylər alınıb. Bununla yanaşı Rafiq Tağını Kliniki Tibbi Mərkəzə gətirmiş təcili yardım stansiyasının həkimləri, müalicəsi ilə məşğul olmuş tibb işçiləri də dindirilib. Hadisədən əvvəlki və hadisə vaxtı mərhumun hərəkət marşrutlarının tərtib olunmuş sxemi üzrə 43 videonəzarət kamerasının qeydə aldığı görüntülərin təhlili aparılıb. Onlardan yalnız iki obyektə məxsus dörd videokamera işləməyib ki, bunun da səbəbi texniki nasazlıqlarla əlaqədar olub», deyə Baş Prokurorluğun rəsmisi bildirib.

Rafiq Tağının ölüm səbəbinə gəlincə, Eldar Sultanov deyib ki, məhkəmə-tibbi ekspertizasının nəticələrinə görə, yazıçı bədəninə bıçaqla yetirilən xəsarətlərdən ölüb.

O, daha sonra bildirib: «Cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir».

Rafiq Tağı 2011-ci ilin noyabrın 19-da işdən evə qayıdarkən naməlum şəxs tərəfindən bıçaqlanıb. Bir neçə gün sonra isə xəstəxanada keçinib.

Yazıçı, publisist İran və Azərbaycan siyasi hakimiyyətini tənqid edirdi.
XS
SM
MD
LG