Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:33

Azərbaycan Olimpiya oyunlarından 120-130 milyon avro qazanacaq


Azad Rəhimov
Azad Rəhimov
-

Bakıda Avropa Olimpiya oyunları ilə bağlı Olimpiya şəhərciyi salınacaq. 2015-ci iləcən Bakıda yeni idman qurğuları da quraşdırılacaq.

Trend-in məlumatına görə, bunu İdman və Gənclər naziri Azad Rəhimov dekabrın 12-də keçirdiyi mətbuat konfransında deyib:

«Olimpiya şəhərciyi məsələsi də öz həllini tapacaq. Bu məqsədlə Heydər Əliyev prospektində Koroğlu metrostansiyasının yaxınlığında yerləşən binaların Olimpiya Oyunları üçün təmir olunaraq, idmançıların ixtiyarına verilməsini nəzərdə tuturuq. Orada müxtəlif lazımi qurğular, yeməkxanalar, istirahət mərkəzləri və s. də quraşdırılacaq. Bu qurğuların bəziləri, məsələn, çimərlik voleybolu üçün qurğular müvəqqəti olaraq tikiləcək və Olimpiya Oyunlarından sonra həmin qurğular ya söküləcək, ya da icarəyə veriləcək».

Azad Rəhimov həmçinin bildirib ki, Azərbaycan Olimpiya oyunlarına ev sahibliyi etməkdən təxminən 120-130 milyon avro qazanacaq.

«Avropa Oyunlarının bütün yayım hüquqları Azərbaycana məxsusdur. Avropa Olimpiya Komitəsinin təklifi ilə bu hüquqları Avropa Yayım Şurasına satacağıq».

APA-nın məlumatına görə, nazir Avropa Oyunlarının keçirilməsi üçün müvafiq infrastrukturun mövcud olduğuna diqqət çəkərək, oyunların təşkili üçün çəkiləcək xərclərin çox da yüksək olmayacağına inandığını vurğulayıb.

Dekabrın 8-də Avropa Olimpiya Komitəsi 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib.

Azərbaycan prezidenti İlham Əliyev Avropa Olimpiya Oyunlarının ilk olaraq Bakıda keçirilməsini Azərbaycan üçün böyük tarixi hadisə hesab edib. Olimpiya Komitəsinin bu qərarını Azərbaycanın uğuru kimi dəyərləndirib.
XS
SM
MD
LG