Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:41

Elşad Abdullayevin yeni videosu 2005 seçkilərinə hansı aydınlıqlar gətirdi?


İlk videodan kadr
İlk videodan kadr
-
Seçkisonrası dialoq. Dialoq Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevlə Sabir adına Kitabxananın keçmiş müdiri Sevinc Babayeva arasında gedir. Biri o birini əmin edir ki, yeni formalaşan parlamentdə təmsil olunacaq, özü də Komissiya sədri olacaq. [Son video birada]

Sevinc Babayeva: «Mən özüm bilirsən niyə sakitəm? Ona görə ki, onun əsas işində Ramiz durur. «Vsyo», o dedi, qurtardı. Qorxma deyirəm sənə. «Vsyo», qorxma da... Sən «uje» onunla işləyirsən. Qorxma. Mənim yanımda pul verdi. Gözümlə gördüm ki, pulu qəbul elədi» -- deyə qarşı tərəfi əmin edir.

«QAPINI BAĞLADI, RAMİZƏ ZƏNG VURDU»

Bu, Fransada mühacirətdə yaşayan, sabiq rektor Elşad Abdullayevin yaydığı ilk video deyil. Sentyabrda o, deputat seçilməsi üçün apardığı sövdələşməylə bağlı videoyazılar yaymışdı. Orda deyilirdi ki, Elşad Abdullayev parlamentə düşmək üçün bir milyon dollar verməlidir. Həmin pulun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə çatdırılacağı anlaşılırdı. Sözügedən videogörüntüdə də Sevinc Babayeva və deputat Gülər Əhmədovanın olduğu deyilən iki qadın iştirak edirdi. Bu video yayıldıqdan sonra dələduzluqla bağlı cinayət işi açılıb. Hakim Yeni Azərbaycan Partiyasından olan Gülər Əhmədova deputat mandatından imtina edib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyilənləri böhtan adlandırıb.

Qayıdaq son videoya. Videoda söhbət 2005-ci il parlament seçkiləri zamanı Elşad Abdullayevlə eyni dairədən namizədliyini irəli sürmüş Müsavat Partiyasının üzvü Arzu Səmədbəylidən gedir. Başqa bir epizodda Gülər Əhmədovanın seçki rəqibi Eldar Namazova qalib gəlməsi üçün protokolların dəyişdirildiyindən
Eldar Namazov
Eldar Namazov
söz açılır.

Sevinc Babayeva: «O (Gülər Əhmədova nəzərdə tutulur – Ş.B.), qapını bağladı. Ramiz müəllimə zəng elədi. Dedi ki, Azər mənə kömək eləmir. O da dedi ki, bir dəqiqə gözlə. Bunu qulağımla eşidirəm. Ramiz zəng etdi. Dedi mən bilmirəm, orada hər şeyi həll et. Polis gəldi məntəqələrin qabağına töküldü. Polislər Eldarın adamlarını vurdular. Polis Gülərin adamlarının birinə əl vurmadı. Qoçular gəlmişdi eee…».

ELDAR NAMAZOV: «HÜCUMLAR OLDU, BIÇAQ ÇƏKDİLƏR…»

O günləri Eldar Namazov belə xatırlayır:

«Həqiqətən də səsvermə günü məlum olanda ki məntəqələrin əksəriyyətində mən qalib gəlmişəm, hakimiyyətin qərarı ilə ora polis, qoçu dəstələri tökdülər. Çalışdılar ki, bizim müşahidəçiləri, komissiya üzvlərini ordan uzaqlaşdırsınlar, protokolları əlindən alsınlar. Hücumlar oldu, bıçaq çəkdilər, təhlükəli məqamlar yaşandı. Ancaq bu təzyiqlərə baxmayaraq, onlar 29 məntəqədən yalnız 4-dən protokolları oğurlaya bildilər. Ona görə həmin axşam seçkiləri saxtalaşdırmaq mümkün olmadı. Əsas saxtakarlıq 2 gün sonra baş verdi, 6 məntəqənin nəticələri ləğv edildi… 10 məntəqənin nəticələrini dəyişəndən sonra YAP-ın namizədi qalib elan edildi. Bu işə daha sonra Avropa Məhkəməsində baxıldı. Azərbaycan hökuməti cərimələndi».

Avropa Məhkəməsi
Avropa Məhkəməsi
Yeri gəlmişkən, 2005-ci il parlament seçkilərindən sonra Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 40-a yaxın müraciət göndərilib. Hüquqşünas İntiqam Əliyevin bildirdiyinə görə, Strasburq Məhkəməsi 11 şikayətçinin azad seçki hüququnun pozulduğunu tanıyıb... Azərbaycan hökuməti daha 7 nəfərin şikayətində göstərilən pozuntuları tanıdığından Avropa Məhkəməsi onları baxılan işlərin siyahısından çıxarıb. Beləliklə, 18 nəfərin seçki saxtakarlığı ilə üzləşdiyi təsdiqlənib. Bunlar isə, müşahidəçilərə görə, YAP-çılara ciddi rəqib sayılırdı: AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, onun müavini Arif Hacılı, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, xalq artisti Flora Kərimova və başqaları var.

«TƏZMİNAT ÖDƏMƏK DƏ VƏZİYYƏTİ DƏYİŞMƏDİ»

Hüquqşünas Erkin Qədirliyə görə, hökumətin Avropa Məhkəməsinin qərarı ilə deputatlığa namizədlərə yüksək təzminat ödəməsi də faydasız oldu və növbəti parlament seçkilərinin gedişatına və nəticələrə təsir etmədi. Əksinə, 2010-cu il parlament seçkiləri daha pis vəziyyətdə keçdi və beynəlxalq qurumların qınaqları ilə üzləşdi.

Hüquqşünas deyir ki, hökumət Avropa Məhkəməsinin bircə qərarını yerinə yetirib: eks-namizədlərə təzminat
Erkin Qədirli
Erkin Qədirli
ödəyib:

«Amma seçkilərin saxtalaşdırılmasında əli olan seçki komissiyaları üzvlərini cəzalandırmayıb -- o qərardan çıxan nəticə budur. Seçkilərin dürüst keçirilməsi üçün ayrıca önəm daşıyan qanunvericilik və inzibati təcrübə dəyişməyib. Seçkilərin nəticələrinə də yenidən baxılmayıb və təkrar seçki keçirilməyib və ya müddəti nəzərə alaraq, həmin seçki dairələrindən deputat təyin olunmuşların mandatı ləğv edilməyib...».

Bəs son iki ayda ölkə mediasının və sosial şəbəkələrin müzakirə mövzusuna çevrilən videogörüntülərdən sonra vəziyyət dəyişə bilərmi? İstintaq onlardan necə yararlanmalıdır? Erkin Qədirli deyir ki, bu məsələyə cinayət qanunvericiliyi çərçivəsində yanaşmağın tərəfdarı deyil:

«Bu, böyük siyasi qalmaqaldır. Bu, siyasi sistemi, elitanı çatlada biləcək, ciddi ziddiyyət yaradacaq məsələdir. Bu işi edən hökumət dərhal istefaya getməlidir. Ancaq bu da mümkün deyil. Cinayət kimi yanaşsaq, hansı müstəntiqdən, hakimdən umursuz bunu? O videolarda hakimin dediklərini də görmüsünüz...».

Respublika Prokurorluğundan əvvəlki videolarla bağlı istintaqın nə yerdə olduğunu öyrənmək cəhdləri sonuc vermədi. Yeni videonun cinayət işinə əlavə edilib-edilməyəcəyi məsələsi də, hələ ki, cavabsız qalıb.
XS
SM
MD
LG