Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:37

Həmməruzəçilər: «Azərbaycanda heç bir seçki demokratik standartlara tam cavab verməyib»


Pedro Agramunt və Joseph Debono Grech
Pedro Agramunt və Joseph Debono Grech
-
Dekabrın 20-də AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro AgramuntJoseph Debono Grech «Azərbaycanın öhdəliklərinə əməl etməsi» adlı hesabatı açıqlayıb. Hesabat yanvarın 23-də AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılacaq.

Monitorinq Komitəsi qeyd edir ki, Avropa Şurasına üzv olandan bəri Azərbaycan demokratik institutların işi üçün bəzi həlledici sahələrdə qanunvericilik bazasının yaradılması yönündə irəliləyib. Ancaq hüququn aliliyi və insan haqlarına hörmət baxımından bəzi qanunların praktikada məhdudlaşdırılması və pozulması getdikcə daha çox narahatlıq yaradır.

MƏHKƏMƏNİN MÜSTƏQİL OLMAMASI...

Məhkəmənin müstəqil olmaması bir problemdir. Əsas insan haqları, söz azadlığı, sərbəst toplaşma və birləşmə azadlığının vəziyyəti də təşviş yaradır. Komitə fəallara və jurnalistlərə qarşı saxta ittihamlara dair insan haqları müdafiəçilərinin, yerli və beynəlxalq QHT-lərin hesabatlarından qayğılandığını bildirir. Azadlıqların məhdudlaşdırılması, üstəgəl ədalətsiz məhkəmələr və icra orqanlarının təsiri – bütün bunlar vicdan məhbusu sayıla biləcək şəxslərin sistematik saxlanması ilə nəticələnir. Polis məntəqələrində işgəncə və pis davranış iddiaları, eləcə də cinayətkarların cəzasız qalması ciddi narahatlıq yaradır.

Korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizəyə hədəflənən qanunvericilik bazasının qurulmasında irəliləyişə baxmayaraq, başlıca məsələ bu qanunvericiliyin səmərəli tətbiqidir.

Hesabatda daha sonra vurğulanır ki, AŞPA Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xarici siyasət gündəminə geniş təsirindən xəbərdardır:

«Danışıqlar təəssüf ki, real nəticələrə gətirməyib, AŞPA-nın, Avropa Parlamentinin, ATƏT-in, BMT Təhlükəsizlik Şurasının qətnamələri hələ də yerinə yetirilməyib».

QANUNVERİCİLİK AVROPA STANDARTLARINA UYĞUNLAŞDIRILIR, ANCAQ...

2010-cu ilin parlament seçkiləri
2010-cu ilin parlament seçkiləri
Həmməruzəçilər yerli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması yönündə aydın tərəqqini qeyd edirlər:

«Diffamasiya haqqında yeni qanunun hazırlanması üçün hakimiyyətin bu yaxınlarda yardım istəməsi bu sahədə əməkdaşlığa yaxşı nümunədir».

Ancaq... «Təəssüf ki, bəzi qanunların yerinə yetirilməsində irəliləyiş yetərli deyil»:

«Avropa Şurasına üzv olandan bəri Azərbaycanda heç bir parlament, yaxud prezident seçkisi demokratik standartlara tam cavab verməyib. Avropa İnsan Hüquqları Məhkəməsində baxılan və 2005-ci il parlament seçkilərinə aid 35 işdən 7-si barədə qərarlar da bunu sübut edir. 2010-cu il seçkiləri ilə bağlı xeyli iş də məhkəmə baxışında öz sırasını gözləyir. Seçki prosesindəki nöqsan və çatışmazlıqlar, özəlliklə Seçki Məcəlləsi, seçki komissiyalarının tərkibi, namizədlərin qeydiyyatı, müşahidəçilər, şikayətlərə və müraciətlərə baxılması proseduru – bütün bu məsələlər gələn seçkiyədək həllini tapmalıdır».

MÜXALİFƏTLƏ DİALOQ

2010-cu il parlament seçkilərindən sonra tanınmış müxalifət partiyaları parlamentdə təmsil olunmur və hakim YAP Məclisdə siyasi qrup yarada bilən yeganə partiyadır. Hökuməti tənqid edən müstəqil deputatların eşidilmə şansı çox azdır. Həmməruzəçilər parlamentdənkənar müxalifətlə siyasi dialoqun olmamasından təəssüfləndiyini bildirir.

Əsl rəqabətli və qeyri-məhdud siyasi mühit, söz azadlığı, sərbəst toplaşma və birləşmə azadlığı əsas hüquqların tam gerçəkləşdirilməsini tələb edir. Assambleya Azərbaycanda bu sahədə vəziyyətdən dərin narahatlığını dilə gətirir:

«Cinayət və İnzibati məcəllələrə son dəyişikliklərlə icazəsiz aksiyalara görə cərimələr artırılıb. Bu da təşviş yaradır. Hakimiyyətin Bakının mərkəzində etirazlara ümumi qadağasını nəzərə alsaq,
10 dekabr aksiyası
10 dekabr aksiyası
bu dəyişikliklərin sərbəst toplaşma və ifadə azadlıqlarına gələcəkdə də mənfi təsir edəcəyi görünür. Dinc, ancaq razılaşdırılmamış aksiya iştirakçılarına qarşı Cinayət Məcəlləsinin müəyyən maddələrinin, xüsusən 221 və 223-cü maddələrinin məhdud tətbiqi başqa bir problemdir».

Həmməruzəçilər 2009-cu ildə Bakı sakinlərinin mülkiyyətinin alınmasında nöqsanlara
yol verildiyini də bildirərək, hakimiyyəti şəffaflığı təmin etməyə çağırırlar.

TÖVSİYƏLƏR

Bütün sadalananları nəzərə alaraq, AŞPA Azərbaycan hakimiyyətini buna çağırır:

– Ötən seçkilərdə beynəlxalq müşahidəçilərin qeydə aldığı nöqsanlarla bağlı tədbir görülsün;

– Açıq siyasi mühit yaratsın, parlamentdənkənar müxalifətlə dialoq qurulsun;

– Məhkəmə sisteminin, özəlliklə icra hakimiyyətindən tam müstəqilliyi təmin edilsin;

– Bütün hakimlər üçün keçərli təqaüd yaşı müəyyənləşdirilsin;

– Fəalları və jurnalistləri müdafiə edən vəkillərə təzyiqdən çəkinilsin;

– Məhkəmədə korrupsiya iddiaları səmərəli araşdırılsın;

– Korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizədə mövcud anti-korrupsiya qanunvericiliyi səmərəli tətbiq olunsun;

Avropa Şurasının baş qərargahı
Avropa Şurasının baş qərargahı
– Maraq toqquşmasını önləmək üçün qanun layihəsi hazırlansın;

– Siyasi məhbuslar və vicdan məhbusları məsələsində – saxlanması əsaslı şübhələr və qanuni narahatlıq yaradan məhbusların buraxılması üçün bütün hüquqi alətlərdən istifadə olunsun;

– Sağlıq problemləri olan siyasi məhbuslar humanitar səbəblərlə azad edilsin;

– Bütün işgəncə və pis rəftar hallarının səmərəli təhqiqatı aparılsın və təqsirlilər məsuliyyətə cəlb olunsun;

– Venesiya Komissiyası ilə ifadə azadlığına dair əməkdaşlıq şəraitində yeni diffamasiya qanunu üzərində iş davam etdirilsin;

– Tənqidi fikirlərlə çıxış edən jurnalistlər və başqaları təqib olunmasın;

– Sərbəst toplaşma azadlığına sayqı göstərilsin, özəlliklə Bakının bəzi mərkəzi yerlərində etirazlara icazənin güzəştli həlli tapılsın;

– Dinc aksiyaçılara qarşı qeyri-uyğun polis qüvvəsindən istifadə olunmasın;

– Beynəlxalq QHT-lərin qeydiyyat prosedurları təkmilləşdirilsin və asanlaşdırılsın;

– Azlıqda olan dini qrupların qeydiyyat prosedurları təkmilləşdirilsin və asanlaşdırılsın.

AŞPA demokratik institutların düzgün işləməsi üçün hakimiyyəti qanunvericiliyin həlledici sahələrdə tətbiqinə cəhdlərini artırmağa çağırır. Bütün bunları nəzərə alaraq, Assambleya qərara alır ki, Azərbaycanın öhdəliklərinin monitorinqini davam etdirsin.
XS
SM
MD
LG