Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:28

Qan Turalı: «Anarın üstünə yabayla getməliydim?» Günel Mövlud: «Sən soruşmalı idin ki...»


Shahnaz Baylaqizi and Qan Turalı
Shahnaz Baylaqizi and Qan Turalı
-
Şahnaz Bəylərqızı, Cavid Zeynallı



Anarla adi müsahibə, yoxsa dəyərlərə xəyanət? Qan Turalı, Günel Mövlud və Aqşin Yenisey “Penklub”da üz-üzə gəldilər.

“BU MÜSAHİBƏYƏ RAZILAŞMAĞIMIN BİR SƏBƏBİ DƏ BU İDİ”

Qan Turalı:

- Anardan həm yazıçı, həm də ölkənin ən böyük ədəbi qurumu - Yazıçılar Birliyinin sədri olduğu üçün müsahibə almaq istəyirdik. Bu müsahibə ilə bağlı ajiotaj olacağını gözləyirdim. Müsahibəyə razılaşmağımın bir səbəbi də bu idi. Kimlərin nə deyəcəyini belə qabaqcadan yaza bilərdim.

Şahnaz Bəylərqızı:

- Belə çıxır ki, bütün bunları hesablamışdız?

Qan Turalı
Qan Turalı
Q.T:
- Əlbəttə. Qalmaqala hesablamamışdım. Sadəcə, qalmaqal olacağını bilirdim.

Ş.B:

- Bəlkə də qıcıq doğuran həmişə Anarı və onun başçılıq etdiyi qurumu çox sərt tənqid edən Qan Turalının Anardan bir qədər neytral müsahibə götürməsi idi?

Q.T:

- Açığı, mən müsahibənin neytral olması fikri ilə razı deyiləm. Qoy opponentlərim desinlər, Anara hansı sual verilə bilərdi və mən onu verməmişəm? Bu fikirləri haqsız sayıram. Anara qarşı münasibətimdə əvvəl nə düşünürdümsə, indi də təqribən eyni şey düşünürəm, beş aşağı, üç yuxarı. Müsahibədən sonra da onun haqqında böyük söz, xoş söz işlətməmişəm.

“QAN TURALI BİLMƏLİYDİ Kİ...”

Günel Mövlud:
- Ölkədə bütün kateqoriya insanlardan müsahibə almış insan kimi kimdənsə müsahibə almağı nə barışıqlıq, nə də ayağa getmək, nə də mövqe dəyişikliyi hesab edirəm. Məni narazı salan dostumuz Qan Turalının Anarla apardığı söhbətin tərzi idi. Qan Turalı bilməliydi ki, onun Anardan müsahibə almağı və xüsusilə də neytral müsahibə almağı ona qarşı sərt, qıcıqlandırıcı münasibətə səbəb olacaq. Bizi narazı salan, əsəbiləşdirən yanımızda hesab etdiyimiz, dostumuz bildiyimiz, bizimlə eyni mübarizəni apardığını hesab etdiyimiz adamın gedib Anarın otağında sıradan jurnalist kimi ona sıradan suallar verib, onun verdiyi cavablara qane olmağı idi.

Ş.B:

- Sizcə, Anara hansı suallar verilməli idi, Qan Turalı verməyib?

G.M:

- Anardan divar qəzeti səviyyəsində belə olmayan dərgilərə milyonlar ayırmağın, inşa yazacaq qədər istedadları olmayanlara təqaüd verdirməyin səbəbini soruşa bilərdi. Gənclər tərəfindən bu qədər tənqidə, bəzən təhqirə məruz qalmasına baxmayaraq Anarın 20 ildən çoxdur bu kürsüdən bərk yapışmasının səbəbi ilə maraqlana bilərdi.

“ANARIN ÜSTÜNƏ YABAYLA GETMƏLİYDİM?”

Q.T:

- Təəssüf ki, mənim bacım Günel həmin müsahibəni oxumayıb. Anar 25 ildir AYB sədridir, onunla bağlı ona sual verilib: “25 il bir postda oturmaq üçün kifayət deyilmi?” Gənc yazıçılarla bağlı suallar verilib, az qala adbad. Hətta soruşulub ki, sizə niyə bu qədər nifrət edirlər? Ədəbi orqanların belə çıxması haqda da sual verilib, hətta özünün də bu dərgiləri tənqid etdiyi deyilib. Yəni bütün bu suallar verilib, Günel ya oxumayıb, ya da... Adama demişəm ki, bir kürsüdə 25 il oturmaq çox deyil? Anar da deyib ki, mən getsəm bura dağılacaq. Bundan sonra ona nə deyim? Adamın üstünə yabayla gedim?..

G.M:

- Qan Turalının mənim bu müsahibəni oxumadığımı deməsi gülməlidir. Çünki mən yazımda müsahibədən sitatlar gətirərək onlara münasibət bildirmişəm.

Q.T:

- Sən o sitatları birinci hissədən gətirmisən.

Günel Mövlud
Günel Mövlud
“BU GÜLMƏŞƏKƏR SUALDIR”

G.M:

- O ki qaldı Turalın verdiyi suallara. Adamdan soruşmaq ki, 25 il bir kürsüdə oturmaq xoşunuza gəlirmi, gəlmirmi? Bu, kifayət qədər gülməşəkər sualdır. Bizim qələmini gördüyümüz Qan Turalının sualı deyil axı. O sual belə olmalı idi: “Sən illərdir gənclər tərəfindən bu qədər tənqid olunursan, bu qədər söz eşidirsən, bu qədər onlara cavab verməli olursan. Bu vəzifə ehtirasının səbəbi nədir? Bu məmurluğun səbəbi nədir?” Ən azından bədii şəkildə soruşmaq olardı: “Yəni doğrudanmı sənin yazıçı həyatı yox, məmur həyatı yaşamaq xoşuna gəlir?” Yəni bu tərzdə sual vermək ağlına gəlməmişdi?.. “25 il bir kürsüdə oturmaq yaxşıdır ya pisdir” soruşmaq gülməlidir. Bu sual izahat tələb edən cavab istəmir.

Q.T:

- Günel xanım şairliyinə vurur. Jurnalistikada üslub önəmli deyil ki, orda əsas fikri çatdırmaqdır: “Sən 25 ildir bu kürsüdə oturmusan”. İndi nə reaksiya verir, versin. Günel məndən təcrübəli jurnalistdir. Getsin Anardan müsahibə alsın görüm necə olur.

“ANAR ADAMI OTAĞINDAN QOVAR, SONRA DA...”

G.M:
- Təbii ki, Anar məni qəbul etməyəcək. O jurnalisti dəvət edəndə bilir ki, ona hansı sual verilə bilər, hansı yox. İkincisi, bunu bilməsə də, Anardan gedib sərt müsahibə alarsan, səni otağından qovar. Sonra da deyər ki, filankəs gəlmişdi, bir az danışdı, xoşuma gəlmədi, onu otağımdan qovdum. Yəni o hər üsuldan istifadə etməyi bacarır. Mən bir az Turalı da başa düşürəm, o sualı mən dediyim tərzdə verməməyinin bir səbəbi də bəlkə budur. Adam əsəbiləşər. Yəni ictimaiyyətə, AYB üzvlərinə, gənc yazarlara qarşı bu qədər reaksiya verən Anarın otağına gedib müsahibə almaq fikrim yoxdur. Adam maqdır, təpəgözdür, girərsən otağına, ordan quzu kimi başını aşağı salıb çıxarsan.

Ş.B:
- Belə başa düşdüm ki, Anardan ehtiyatlandığınız üçün ondan müsahibə götürməyə risk etməzsiz?

G.M:
- Ehtiyat etmirəm. Ancaq elə hərəkət edə bilər və bunu ictimaiyyətə elə çatdırar ki, çox pis vəziyyətə düşərəm, deməyə sözüm olmaz, ya da sözüm qəbul olunmaz

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
“GÜNELDƏ ANARLA BAĞLI XOF VAR”

Q.T:

- Məncə, Güneldə və ortaq dostlarımızda Anarla bağlı böyük xof var. Şəxsən Anarla danışana qədər məndə də belə bir şey vardı. Amma Anarla müsahibədə gözləmədiyim qədər rahat idim. Günelin deməyi ki, Anar elə bir hərəkət edə bilər ya nə... Günel, sənin əlində diktafon var, nə olub yazacaqsan. Anarın da elə lüksü yoxdur ki, adamlar Güneli qoyub ona inansınlar.

G.M:

- Mən razıyam, hə, şəxsən mənim içimdə Anar xofu var. Çünki adam 25 ildir oturub orda. 25 ildə prezident dəyişir, ölkə dəyişir, şəhər dəyişir, dəyərlər dəyişir, amma adam orda oturub. Sabir Əhmədovun romanlarının birində süjet var, qəhrəman uzun illərdən sonra kəndinə qayıdır, görür ki, kənddə hər şey dəyişib. Ancaq kənddə bir ağacın koğuşunda yatan ilan hələ də ordadır. Şər həmişə öz yuvasındadır. Anar da bu şəri təmsil etdiyinə görə, içimdə qorxu var.

Ş.B:
- Amma bir yazıçı 20 ildir bu quruma rəhbərlik edirsə və bu durumdan məmnun qalanlar varsa və üstəlik də onu qurultay seçirsə, onu şər adlandırmaq nə qədər düzgündür?

G.M:

- Bu ölkədə seçkilərin hansı tərzdə keçirilməsinə şahid adamlarıq və o seçkilərin legitimliyinə inanacaq qədər sadəlövh ola bilmərik.

Anar
Anar
“QAN TURALININ BİRCƏ SƏHVİ VAR”

Aqşin Yenisey:
- Qan Turalıya balaca irad bildirilib. Bu iradın da səbəbi odur ki, 60-cı illər ədəbiyyatının estetikasından, etikasından müasir ədəbiyyat uzaqlaşıb. O ədəbiyyat tarixdir. Qan Turalının deməyi ki, yaşlı nəsillə gənc nəsil arasında barışıq yaratmaq istəyirəm... O kimlə barışmaq istəyirsə, bu, onun şəxsi işidir. Bu ədəbiyyat məsələsi deyil. Ona görə də bu gün Qan Turalını heç kim xəyanətdə ittiham etmir. Qan Turalının bir portal rəhbəri olaraq istənilən adamdan müsahibə götürmək ixtiyarı var. Onun bircə səhvi var. Adam müsahibəni çap etməzdən qabaq özünə haqq qazandırmaq missiyası ilə yazır ki, Anardan müsahibə götürmüşəm və məni xəyanətdə ittiham edəcəklər. Bu o deməkdir ki, müsahibə məqsədlidir. Bunu ağlı başında olan dərhal görür. Sən müsahibəni dərc elə, münasibət sonra bildirilsin...

Q.T:
- Mənim yazım anons xarakteri daşıyırdı.

A.Y:
- Biz də çörəyi qulağımıza yemirik. Anonsun da janrı var. Amma sən köşə yazısı yazdın və dedin ki, bu müsahibəyə görə dostların səni ittiham edəcəklər. Etdilər də... Sadəcə, sənin şəxsi münasibətləri bu şəkildə - ədəbi proses şəklində qələmə verməyin bir balaca öz cəbhənin, dostlarının, qələm yoldaşlarının xətrinə dəyib.

Aqşin Yenisey
Aqşin Yenisey
“ANAR DEMƏLİYDİ Kİ, MƏN QƏLƏT EDİRƏM, DAHİ SİZSİZ?”
Q.T:

- Müzakirələrin müsahibə yox, yazı ətrafında aparılmasını da anlamıram. Bu yazını yazmasam məni xəyanətdə ittiham etməyəcəkdilər? Edəcəkdilər. O ki qaldı, barışıq haqda deyilənlərə. Bu barışıq deyil. Mənim Anarla ədəbiyyata, sırf ictimai həyata, bir çox dəyərlərə baxışım kökündən fərqlidir. Bu, barışıq deyildi. Bir il öncə də demişdim ki, Anarla çay süfrəsi arxasında oturub çay içmək lazımdır. Bəzi qəzetlər yazırdı ki, Qan Turalı vicdansızcasına satılıb. Burda söhbət satılmaqdan getmir. Biz ədəbiyyat adamıyıqsa, bir-birimizi sevməsək də, eyni masa arxasında çay içib danışmağı bacarmalıyıq. Mən müsahibə almışam, müstəntiq kimi ifadə almamışam. Anar deməliydi ki, mən qələt edirəm, dahi sizsiz. Bunu deməliydi?..

G.M:
- Anarla biz ədəbiyyat davası aparmırıq. Biz Anarı ictimai adam kimi, məmur kimi tənqid edirik. Ondan məmur kimi hesabat tələb edirik. O da bizə məmur kimi, despot kimi cavab verir. Biz müzakirə etmirik ki, Anardan sonra nə olacaq? Biz onu deyirik ki, 25 il bir kürsüdə oturmaq olmaz. Bu nə demokratiyaya uyğundur, nə yaradıcı xasiyyətə uyğundur, nə də bir kişinin ləyaqətinə. Bəlkə gələn adam Anardan da pis olacaq? Amma bizim Anardan daha pisini görmək hüququmuz da var.

Q.T:
- Yazıçılar Birliyi mənə maraqsızdır. Bu qurumla üzvləri məşğul olmalıdır, nəinki biz. Öz təşkilatlarıdır, getsinlər öz sədrlərini seçsinlər.
Ş.B:
- Ancaq bu qurum dövlət büdcəsindən maliyyələşirsə...
Q.T:
- Demirəm, biz heç maraqlanmayaq, amma daha çox öz işləridir.

“MƏN YAXŞI BİLİRƏM Kİ, ANARIN QAN TURALIDAN ZƏHLƏSİ GEDİR, QAN TURALININ DA ANARDAN”

A.Y:
- Mən Anarı nə məmur, nə yazıçı kimi qəbul edirəm. Özünə də iradlarımı bildirmişəm. Mən çox yaxşı bilirəm ki, Anarın Qan Turalıdan zəhləsi gedir, Qan Turalının da Anardan. Bu müsahibə qeyri-səmimidir. Bilmirəm burda Qan Turalı uddu, yoxsa Anar.

Q.T:
- Bundan udan ədəbi proses oldu.

G.M:
- Bütün situasiyalarda olduğu kimi bundan Anar uddu.



BAX

XS
SM
MD
LG