Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:33

Əsgər 2 ayda 5 xəstəliyə tutulub


Elşən Novruzovun yas mərasimi, avqust 2012
Elşən Novruzovun yas mərasimi, avqust 2012
-
Tərtər rayonunda 2 aya yaxın hərbi xidmət çəkmiş Şəmkir şəhər Yeni həyat qəsəbəsi sakini Elşən Novruzov ötən avqustda vəfat edib. Valideynlərinə hərbi hissədən oğullarının hərbi hospitala aparıldığı xəbəri verilib. Avqustun 30-da əsgər Elşən Novruzov dəfn edilib.

Hadisə baş verən vaxtda AzadlıqRadiosuna müsahibə verən valideynləri iddia edirdilər ki, Elşən indiyədək heç bir xəstəlikdən əziyyət çəkməyib. Hərbi tibb komissiyasından keçəndə də tam sağlam olub.

İSTİNTAQ ƏSGƏRİN XƏSTƏLİKDƏN ÖLDÜYÜNÜ BİLDİRİR

Ölüm hadisəsindən 5 ay keçib. İstintaq əsgərin xəstəlikdən öldüyünü təsdiqləsə də, atası Nəriman Novruzov bununla razılaşmır. O deyir ki, belə saxta istintaq qərarı ilə oğlunun qanının batırılmasına icazə verməyəcək.

Nəriman Novruzov hərbi hissədə ölən oğluna mobil telefona görə edilən təzyiqlərə yönəldərək deyir ki, əsgər yoldaşlarının valideynləri də Elşəni hərbi hissə zabitinin öldürdüyünü təsdiqləyirlər. Onlar övladlarının başına bir iş gəlməsin deyə, bu barədə istintaqa ifadə verməkdən çəkinirlər:

«Bizim uşağı hərbi hissədə öldürdülər. Ondan bir həftə qabaq anası yanına getmişdi. Deyib məni incidirlər. Ölümünə 4-5 gün qalmış telefon istəmişdi, anası da aparıb verdi. Sonra deyib ki, «ana, «dembillər» telefonu alır, gəl apar». Anası da gedib telefonu gətirib. Sonra onlar telefonu tələb ediblər. O zaman zabit gəlib uşağı öldürüb. Bu sözləri oradakı əsgərlərin valideynləri gəlib bizə çatdırır. Danışmırlar amma istintaqa. Hərbi prokurorluq bizi arxayın saldı ki, «uşağınız xəstəlikdən ölməyib, cinayətin üstünü açacağıq». Üstündən 5 ay ötüb».

«BİLİRLƏR KİM ÖLDÜRÜB»

Nəriman Novruzov deyir ki, telefonu oğlundan alan əsgər də tapılıb:

«Hamısını tapdılar. Öldürən adam tapılmadı. Telefon üstdə dava düşürsə, adam öldürülürsə, telefonu alan tapılır, bir addım o tərəfə öldürən tapılmır. Hamısını da bilirlər, kim öldürüb. Amma örtürlər üstünü».

Mərhum əsgərin anası Səlbi Novruzova deyir ki, birinci xanım Mehriban Əliyevanın qəbulunda olub. Onun göndərişi ilə prokurorluq yenidən işə baxıb. İstintaqın yekun cavabı yenə ədalətsiz olub. Bu dəfə oğluna 5 xəstəlik diaqnozu qoyulub. İndi Səlbi Novruzovanı bir sual üzür: Komissiyadan tam sağlam keçmiş gənc 2 aya 5 xəstəliyə necə tutula bilər?.

«Uşağımın yanına girdim, gördüm boğazı şişdir. Yoldaşıma dedim ki, Elşəni öldürüblər. Getdim həkimin yanına, dedim «mən uşağımın gözünə baxmaq istəyirəm». Uşağın gözünün qapağını açanda, boynu əyildi. Həkim rəng alıb rəng verdi. Dedi «uşaq komaya düşüb». Rentgen kağızını istədim, vermədilər. Tibbi ekspertiza həkiminin yanına getdim rentgen kağızı üçün, dedi «biz ekspertiza eləmişik, rentgen yox»».

ANA DEYİR OĞLU XƏSTƏXANAYA ÖLÜ GƏTİRİLİB

Səlbi Novruzova iddia edir ki, oğlu xəstəxanaya elə ölü gətirilib. Oğlunun soyuq əllərini tutanda nəbzi vurmurmuş, sadəcə, onları aldatmaq üçün günlərcə orada saxlayıblar. Dərdli ana deyir ki, oğlunun qanı yerdə qalmasın deyə, yaxın günlərdə ölkə başçısının qəbuluna gedəcək:

«Ümidim bir onadır ki, prezidentin qəbuluna gedim, əsgər anası kimi xahiş edim ki, əsgərlərimiz nə vaxtadək belə öləcək? Oğlumu öldürən cəzalandırılsın, «vətən xaini» adlandırılsın. Mən bunu vətənə xidmət üçün göndərmişəm».

Respublika Hərbi Prokurorluğundan bildirdilər ki, bu barədə araşdırma aparıb məlumat verəcəklər.

18 yaşında xəstəlikdən öldüyü iddia edilən Elşən Novruzov kiqboksinq üzrə ölkə yarışlarında uğurlar qazanıb. Xeyli sayda diplom və kubokları var.
XS
SM
MD
LG