Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:46

Rüstəm İbrahimbəyovun dəstəklədiyi hərəkatdan xəbər var


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-

Azərbaycanda yeni hərəkat yaradılır. Onun proqram və hədəfləri barədə bu günlərdə açıqlamalar gözlənilir. Hərəkatın adı, hələlik, bildirilməsə də, bu qurumda müxtəlif ictimai birliklərin, o sıradan gənclər təşkilatlarının birləşəcəyi diqqətə yetirilir.

Azərbaycan Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyovun sözlərinə görə, hərəkatı Ziyalılar Forumu ilə sıx bağlantı quran, ancaq onun üzvü olmayanlar yaradırlar. Bu barədə AzadlıqRadiosuna məlumat verən ünlü kinodramaturq və yazıçı yeni hərəkatın qurucuları sırasında Forum üzvlərindən yalnız politoloq Eldar Namazovun adını çəkə biləcəyini vurğulayıb.

Cənab İbrahimbəyov həmin qurum barədə ilk dəfə bir həftə öncə MediaForum saytına müsahibəsində söz açmışdı.

«10-15 GÜNƏ BÜTÜN MƏSƏLƏLƏR AYDINLAŞACAQ»

O, yanvarın 14-də AzadlıqRadiosuna bildirib ki, yeni hərəkata ölkə içində və xaricdə olan gənclər təşkilatları da qatılacaq. Cənab İbrahimbəyov həmin qurumların adlarını çəkməyib. Eyni zamanda hərəkat arzulayan hər kəsin üzünə açıq olacaq. O, bütün məsələlərin 10-15 günə aydınlaşacağını diqqətə yetirib.

Rüstəm İbrahimbəyovun fikrincə, belə bir hərəkata tələbat yaranıb:

Ziyalılar Forumu
Ziyalılar Forumu
«Bu qurumun vacibliyi mənə aydındır. Çünki müxalifət var, iqtidar var. Bir boşluq yaranıb. Belə cürbəcür təşkilatları birləşdirmək lazımdır».

Yeni hərəkatın hədəfinə gəlincə, cənab İbrahimbəyov deyir ki, Ziyalılar Forumunun yaradılmasında əsas məqsəd ölkədə ictimai rəyi formalaşdırmaq, vətəndaş cəmiyyətinin bünövrəsini qoymaq idi. Ancaq Forum siyasətlə məşğul olmadığından belə bir hərəkata ehtiyac yarandı.

VƏTƏNDAŞ FƏALLIĞINI ARTIRMAQ

Yazıçının sözlərinə görə, cəmiyyətin böyük bir hissəsi vətəndaş hərəkatlarında iştirak etmir, əhalinin 30-40 faizi siyasətdən tam uzaqdır. Yaradılmaqda olan hərəkat prezident seçkisində səsləri qorumağa, seçki saxtakarlıqlarını önləməyə can atacaq:

Məsələn, namizədin irəli sürülməsi üçün 60 dairədən 40 min imza lazımdır. Bu problemləri həll etmək, vətəndaşların seçkiqabağı fəallığını artırmaq və bunu gələn seçkilərə yönəltmək üçün belə bir hərəkat yaradıldı.

- Siz də prosesə dəstək verirsiniz?

- Bəli.

- Maliyyə dəstəyi, yoxsa başqa formada?

Xeyir, ideoloji dəstəkdir. Hərəkatın bəyanatı çıxandan sonra mövqeyimizi, onlara dəstəyimizi bildirəcəyik. Xalqa üz tutacağıq ki, hərəkata kömək etsinlər.

DANIŞIQLAR BAŞLAYIR?

Rəşad Həsənov
Rəşad Həsənov
​Eyni vaxtda bu günlərdə yeni hərəkat barədə danışıqların başlanacağı barədə də məlumatlar gəlir. Artıq bu danışıqlara ictimaiyyətin bəzi kəsimlərinin təmsilçiləri dəvət olunub. Daha doğrusu, belə bir görüşün olacağına dair tərəflərə xəbər göndərilib.

NİDA Vətəndaş Hərəkatı İdarə heyətinin üzvü, eləcə də ötən oktyabrda yaradılmış Gənclər Məclisinin təsisçilərindən olan Rəşad Həsənov deyir ki, bir gənc fəal kimi o, belə bir təklif alıb.

Ancaq görüş hansı formada olacaq, kimlər iştirak edəcək, bunlardan xəbəri yoxdur.

Rəşad Həsənov da bildirir ki, seçkiylə bağlı yaradılan bu hərəkat həmin prosesin müşahidəsindən tutmuş, seçkinin keçirilməsinə, səslərin qorunmasınadək bütün məsələlərə baxacaq bir qurum olacaq. Əsas və ya vahid namizədin razılaşdırılması, namizədliyə namizədlərin öz aralarında görüşdürülməsi və s. bu kimi bütövlükdə cəmiyyətin marağında olan işləri görmək, konsensusa gəlmək üçün bir hərəkat formalaşdırılır:

«MƏQSƏD KİMİSƏ HAKİMİYYƏTƏ GƏTİRMƏK DEYİL»

«Yəni məqsəd kimisə hakimiyyətə gətirmək deyil. Ümumiyyətlə, bu seçkini, bu prosesi əldən verməmək üçün bütün demokratik düşərgəni özündə birləşdirən, ortaq mövqe sərgiləməsi üçün yaradılan bir axın, hərəkatdır».

Yeni Hərəkatın təşkilatçılarından biri, Ziyalılar Forumunun üzvü Eldar Namazov hazırda təşkilati işlər getdiyindən əlavə heç bir məlumat verə bilməyəcəyini deyir. Ancaq o, işlərin bir neçə həftə alacağını da sözlərinə əlavə edir.

Bu ilin oktyabrında Azərbaycanda prezident seçkisi keçiriləcək. Hələlik Müsavat partiyası başqanı İsa Qəmbərin prezidentliyə namizədliyi verilib.
XS
SM
MD
LG