Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:46

Əkrəm Əylisli: "İsmayıllı hadisələri qığılcımdır"


-

"Hakimiyyət ağrıları görən, onu deyən insanlara həssaslıqla yanaşmır. Deyir ki, ay camaat gəlin bizi tərifləyin, yalnız bu halda hər şey sizə halaldır, tərifləməsəniz, haramdır".


Azərbaycan Ziyalılar Forumunun üzvü, yazıçı Əkrəm Əylisli İsmayıllıda baş verən hadisələr münasibət bildirib.

O, “Media forum” saytına açıqlamasında deyib ki, şair Musa Yaqubun İsmayıllı olayları ilə bağlı müsahibəsini oxuyub və onun fikirlərini bölüşür: “Ötən il Qubada belə etirazlar olmuşdu. Buna qiyam, iğtişaş deyirdilər. Quba hadisələri olanda demişdim ki, etiraz aksiyasında iştirak edən insanları cəzalandırmaq lazım deyil. Əksinə, onlara “sağ ol” demək lazımdır. Çünki onlar belə yaralı, problemli yerləri görür və həlli üçün mübarizə aparırlar. Yara dərinliklərə gedib çıxanda onu sağaltmaq asan olmur. Hesab edirəm ki, bu xırda narazılıqlar ümumi, böyük narazılığa da çevrilə bilər. Bu, bir qığılcımdır. Quba, İsmayıllı hadisələri də bunu göstərir.

Quba hadisələri olanda dedilər ki, Azərbaycanda da ərəb baharı başladı. Mən onda da demişdim ki, bu hadisələr ərəb dünyasını darmadağın edəcək. Belə də oldu və üç ölkə çox ağır vəziyyətə düşdü, xalq böyük məhrumiyyətlər qarşısında qaldı. Ziyalıların hadisələr bu yerə gəlib çıxmasını arzulamır. Öz vətəninə hörməti olan kəs belə hadisələrin dərinləşməsini, ölkəsinin fəlakətlə üz-üzə qalmasını istəməz. Bunun üçün nöqsanları görən, heç bir təmanna güdmədən onu dilinə gətirən, problemləri soyuq başla göstərən insanlara qulaq asmaq lazımdır. Amma Azərbaycanda hakimiyyətin tənqidi fikrə reaksiyası çox mənfidir. Bu məni həmişə narahat edib, indi də edir.

Hakimiyyət ağrıları görən, onu deyən insanlara həssaslıqla yanaşmır. Deyir ki, ay camaat gəlin bizi tərifləyin, yalnız bu halda hər şey sizə halaldır, tərifləməsəniz, haramdır. Belə yanaşma ilə vəziyyəti bu həddə gətirib çıxarırlar. Yəqin ki, kimlərsə əvvəldən İsmayıllıdakı vəziyyəti duyub, bunun həli üçün fikirlərini deyiblər. Amma tənqidi, hakimiyyətin dediklərinə zidd olan fikirlərə əhəmiyyət vermədiklərinə görə problemin həlli üçün çalışan da olmayıb. Nəticəsi isə göz önündədir.

Müstəqil insanlar baş verənləri araşdırmalıdır. Bu məsələ dəqiq, təmənnasız araşdırılmalıdır. Müstəqil araşdırmada dövlətin marağı olmalıdır. Səmimi, real bir dövlət marağı olmalıdır buna. Yoxsa iqtidarla müxalifətin deyişməsindən uzağa gedə bilməyəcəyik”.
XS
SM
MD
LG