Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:37

Richard Kauzlarich: “İsmayıllıda olanlar Çindəki hadisələri xatırladır”


Richard D. Kauzlarich
Richard D. Kauzlarich
-

"Çox kiçik bir azlığın korrupsiyalaşması, böyük var-dövlət toplaması artıq çox diqqət çəkir, gözə girir.

Və bunun bu qədər aşkar baş verməsi, gözə girməsi sosial media vasitəsilə artıq bir rayonda baş vermiş hadisə olmaqdan çıxır, əgər əvvəl bunu yalnız həmin rayondakı adamlar bilirdisə, indi bütün Azərbaycan bundan xəbər tutur".



Amerikanın Azərbaycanda sabiq səfiri olmuş (1994-97), indi isə ABŞ-ın Corc Meyson Universitetində Terrorçuluq, Transmilli cinayətlər və Korrupsiya üzrə Mərkəzin direktor müavini vəzifəsində çalışan Richard Kauzlarich-in Azadlıq Radiosuna müsahibəsi.


- Yəqin ki, məlumatınız var, bu yanvar axır illər ərzində Azərbaycanın yaşadığı ən qızğın il başlanğıclarından oldu. Əsgər ölümünə sosial mediada planlanmış küçə etirazları, tacirlərin aksiyası, İsmayıllıda iğtişaşlar... Bu hadisələri necə şərh edərdiniz, Azərbaycandakı proseslərin bundan sonrakı axarını necə görürsüz?

- Yanvar ayı mənə Azərbaycanla bağlı hadisələr arasında həm də 20 Yanvar faciəsini xatırladır. O zaman sovet qoşunları Azərbaycana girib çoxlu sayda azərbaycanlını qətlə yetirmişdi. Azərbaycanda səfir olduğum dövrdən bilirəm ki, orada insanlar həmin hadisələri necə ürəkağrısı ilə xatırlayırlar və bu faciənin Azərbaycan cəmiyyətində vurduğu yaralar necə dərindi. Bu o deməkdir ki, Azərbaycan cəmiyyətinin xarici qüvvələrlə bağlı hadisələrə reaksiya vermək təcrübəsi var. Bu ay Azərbaycanda baş verənlər isə daxildən baş verən hadisələrdir. Təxminən 1 il qabaq Qubada da İsmayıllıya bənzər hadisələr baş vermişdi. Bütün bunlar mənə Çində baş verənləri xatırladır. Yəni korrupsiyalaşmış məmurların qohumları, övladları bütün cəmiyyətlə açıq konfliktə girirlər. Çünki çox kiçik bir azlığın korrupsiyalaşması, böyük var-dövlət toplaması artıq çox diqqət çəkir, gözə girir. Və bunun bu qədər aşkar baş verməsi, gözə girməsi sosial media vasitəsilə artıq bir rayonda baş vermiş hadisə olmaqdan çıxır, əgər əvvəl bunu yalnız həmin rayondakı adamlar bilirdisə, indi bütün Azərbaycan bundan xəbər tutur. Elə bütün dünya da. Həmin hadisələr çox tez yayılıb beynəlxalq ictimai rəyə təsir edir. Mən ərəb inqilabı baş vermiş ölkələrlə müqayisə etmək istəməzdim, amma başqa ölkələrdə
Richard D. Kauzlarich
Richard D. Kauzlarich
baş verənlərin təcrübəsindən məlumdur ki, paytaxtdan kənar baş verən bu tipli hadisələr daha böyük iğtişaşlara yol aça bilər.

- Sizcə, hökumət son baş verənlərdən narahat olmalıdır, yoxsa bunlar yoluna qoyulası cari problemlərdir onlar üçün?

- Məncə, narahatlığa əsas var. Prezident Əliyev həmin vaxt Davos İqtisadi Forumunda iştirak edirdi və mən onun CNN-ə verdiyi müsahibəyə baxmışdım. Prezident Azərbaycanda iqtisadi sahədəki artımdan çox qürurla danışırdı. Amma bu həm də onu göstərir ki, ölkədə demokratiyanın, insan haqları və mətbuat azadlığının oturuşması sürəti iqtisadi artımın sürətilə ayaqlaşmır. Çünki əgər bu ayaqlaşma olmursa, onda iqtisadi artımın fonunda demokratiya sahəsindəki problemlər daha çox diqqəti cəlb edir. Buna görə də məncə, hökumətin bu sahədə tədbir görməsi vacibdir.

- İsmayıllı hadisələrindən sonra Amerika səfirliyi açıqlama yaydı, tərəfləri sakitliyə çağırdı, toplaşma azadlığına hörmət edilməsinin vacibliyini vurğuladı. Sizcə, Amerikanın maraqları olan bir ölkədə bu cür hadisələrin baş verməsi Qərbi ciddi narahat etməlidirmi?

- Əlbəttə, Qərbdə bundan narahat olurlar. Elə Amerika da Azərbaycanı daxilində parçalanmalar gedən, zəif dövlət kimi görmək istəmir, bunda maraqlı deyil. Əksinə Azərbaycanın güclü, çiçəklənən dövlət olmasını istəyir. Əsl stabilliyin yaranması insanların qanun qarşısında bərabərliyindən asılıdır. Mən Amerika səfirliyinin, yaxud başqa qurumların bəyanatlarını oxumamışam, amma Amerikanın Azərbaycanla bağlı siyasətinin uzun müddətdir ki, eyni məntiqə söykənməsi əsasında bilirəm ki, əlbəttə ABŞ Azərbaycanda hadisələrin belə inkişafından narahat olmaya bilməz. Bundan başqa Qarabağ məsələsini də yaddan çıxarmayaq. Bölgəyə sülhü yalnız sabit, demokratik hökumətlərin rəhbərləri gətirə bilərlər. İstər Azərbaycan, istərsə də Ermənistan mühüm seçkilər ərəfəsindədir.

- Bir çox ölkələrdə, hətta Hindistanda, Pakistanda da korrupsiyaya etirazların baş verdiyini müşahidə edirik. Azərbaycanın da korrupsiyaya bulaşma faizi beynəlxalq təşkilatların reytinqlərində çox yüksək göstərilir. Hətta bəziləri ölkədəki etirazları da korrupsiyaya etiraz sayırlar. Sizcə, korrupsiyayla mübarizəni nədən başlamaq lazımdır?

- Sosial medianın olmadığı dövrlərdə korrupsiya hallarını gizli saxlamaq, bundan çox adamın xəbər tutmasının qarşısını almaq mümkün idi. İndi belə hallar dərhal yayılıb hamıya məlum olur. Ölkənin gəlirindən faydalana bilməyən çoxluq faydalanan azlığın dəbdəbəli həyatını görəndə bu çox böyük gərginliyə səbəb ola bilər. Mənim eşitdiyim budur ki, İsmayıllıda yerli iscra hakimiyyəti başçısının qohumu taksi sürücüsünə hücum çəkib və taksi sürücüsünü qorumalı olan qanun faktiki olaraq tapdalanıb, ona əməl edilməyib. Əgər həm biznes sahəsində bərabərlik yoxdursa, hamı qanun qarşısında bərabər deyilsə, həm insanların təhsil və səhiyyədən bəhrələnmək imkanları bərabər deyilsə, bu, cəmiyyətin dayaqlarını sarsıdır və uzun müddət həll edilməyəndə bu problem sağalmaz xəstəliyə - xərçəngə çevrilir. Özü də fərqi yoxdur, Azərbaycan olsun, yaxud Çin, Rusiya. Bu bərabərsizlik həm də belə cəmiyyətlərdə hökumət başında duranların legitimliyini şübhə altına qoya bilər.
XS
SM
MD
LG