Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:32

Valideyn-övlad münasibətlərində cərimələr



-



"İnzibati Xətalar Məcəlləsi"ndən çıxarış.

Məcəlləni tam şəkildə buradan endir.
Bu sənəddə 2013-cü ilin yanvarına qədər olan düzəlişlər əksini tapıb. Bu tarixdən sonra edilmiş düzəlişlərlə birlikdə Məcəllənin yenilənmş mətnini Ədliyyə Nazirliyinin bu saytından əldə edə bilərsən.



Maddə 51. Uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi
Yetkinlik yaşına çatmayan uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə —
xəbərdarlıq edilir və ya iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir


Maddə 52. Valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırma
Yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə —
xəbərdarlıq edilir və ya otuz manatdan qırx manatadək miqdarda cərimə edilir

-----------------------------------

"Ailə Məcəlləsi"ndən çıxarış


Maddə 59. Uşaqların hüquq və mənafelərinin müdafiəsi sahəsində valideynlərin hüquq və vəzifələri


59.1. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər.

59.2. Valideynlərin və uşaqların maraqları arasında ziddiyət yarandığı müəyyən olunarsa, müvafiq icra hakimiyyəti orqanı uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir.

Maddə 60. Valideynlik hüquqlarının həyata keçirilməsi

60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.

60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
Maddə 61. Uşaqlarından ayrı yaşayan valideynin valideynlik hüquqlarının həyata keçirilməsi

61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.

61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.

61.4. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər.
61.5. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququna malikdir.
61.6. Yalnız uşağın həyat və sağlamlığı üçün valideyn tərəfindən təhlükə olduqda bu cür məlumat verilməsindən imtina edilir. Məlumat verilməsindən imtinadan şikayətə məhkəmə qaydasında baxılır.

Maddə 62. Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququ

62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər.

62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər.

62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir.

62.4. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.

Maddə 63. Valideynlik hüquqlarının müdafiəsi

63.1. Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər.
63.2. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər.

63.3. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər.

Maddə 64. Valideynlik hüquqlarından məhrumetmə

64.0. Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

64.0.2. alimenti qəsdən ödəmədikdə;

64.0.3. heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə,
tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;

64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə;


64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

Maddə 65. Valideynlik hüquqlarından məhrumetmə qaydası

65.1. Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir.

65.2. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır.

65.3. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir.

65.4. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur.

65.5. Məhkəmə valideynlik hüquqlarından məhrum etmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra üç gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.

Maddə 66. Valideynlik hüquqlarından məhrumetmənin nəticələri

66.1. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər.

66.2. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər.

66.3. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər (onlardan biri) ilə uşaqların birgə yaşama məsələsini məhkəmə Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən həll edir.

66.4. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir.

66.5. Uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər.

66.6. Uşaq valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər.
Maddə 67. Valideynlik hüquqlarının bərpası

67.1. Valideynlərin (onlardan birinin) həyat tərzi, əxlaqları, uşağın tərbiyəsinə münasibətləri dəyişdikdə, valideynlik hüquqları bərpa edilir.

67.2. Valideynlik hüquqlarının bərpası valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) ərizəsinə əsasən məhkəmə yolu ilə həll edilir.

67.3. Valideynlik hüquqlarının bərpası işinə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır.

67.4. Valideynlik hüquqlarının bərpası ilə bağlı valideynlərin ərizəsi ilə birlikdə uşağın valideynlərə (onlardan birinə) qaytarılması tələbinə də baxıla bilər.

67.5. Valideynlik hüquqlarının bərpası uşağın mənafeyinə zidd olarsa, məhkəmə valideynlərin (onlardan birinin) valideynlik hüquqlarının bərpası iddiasını uşağın rəyini nəzərə almaqla rədd edə bilər.

67.6. Uşaq 10 yaşına çatmışsa, ancaq onun razılığı ilə valideynlik hüquqları bərpa edilə bilər.

67.7. Uşaq övladlığa götürülmüşsə və övladlığa götürmə ləğv edilməmişsə, valideynlik hüquqları bərpa edilə bilməz.

Maddə 68. Valideynlik hüquqlarının məhdudlaşdırılması

68.1. Məhkəmə valideynlik hüquqlarından məhrum etmədən uşağın mənafeyini nəzərə almaqla, valideynlərdən (onlardan birindən) uşağın alınması barədə qətnamə qəbul edə bilər.

68.2. Uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda (psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir.

68.3. Valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə, valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır. Müvafiq icra hakimiyyəti orqanı valideynləri (onlardan birini) bu müddətdən də tez valideynlik hüquqlarından
məhrumetmə barədə iddia qaldıra bilər.

68.4. Uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər.

68.5. Valideynlik hüquqlarının məhdudlaşdırılması işinə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır. Bu zaman məhkəmə valideynlərdən (onlardan birindən) aliment tutulması məsələsini də həll edir.

68.6. Valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.

Maddə 69. Valideynlik hüquqlarının məhdudlaşdırılmasının nəticələri

69.1. Valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın tərbiyəsi ilə şəxsən məşğul olmaq, uşaqlı valideynlər üçün dövlət müavinətləri və imtiyazlarına olan hüquqlarını itirirlər.

69.2. Valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın saxlanmasını təmin etmək vəzifəsindən azad edilmirlər.

69.3. Valideynlik hüquqları məhdudlaşdırılan valideynin uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya yaşayış sahəsindən istifadə, valideyn və digər qohumlarla faktiki qohumluğa əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdirlər.

69.4. Hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmışsa, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilir.


"Ailə Məcəlləsi"ni buradan endir.
Sənəddə 2013-cü ilin yanvarına qədər edilmiş dəyişikliklər əksini tapıb. Bu tarixdən sonra edilən dəyişikliklirlə birlikdə Məcəlləni Ədliyyə Nazirliyinin bu saytından götürə bilərsən.
XS
SM
MD
LG