Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:50

Şairlər yurdunda doğuldu və… general oldu


İbrahim ağa Usubov
İbrahim ağa Usubov

AzadlıqRadiosunun «İz» proqramının «Güllələnmiş generallar» dastanı 2007-ci ildən bəri hər dəfə təkrar səslənəndə böyük maraq doğurur. Bunu nəzərə alıb radiomuzun saytında 1918-20-ci illərdə Milli Azərbaycan ordusunda xidmət etmiş generallar haqqında yazılar verməyə qərar verdik. Beləliklə, Cümhuriyyət ordusunun 21 generalının həyat tarixçəsini saytımızda oxuya biləcəksiniz. Yazılarda generalları tapıb ortaya çıxaran, onlar haqqında kitab yazan hərb tariximizin usanmaz araşdırıcısı Şəmistan Nəzirlinin araşdırmalarından faydalanacağıq.

-

İbrahim ağa Usubovla 12 azərbaycanlı general və zabiti 1920-ci il iyunun 16-da gecə ilə Nargin adasına aparıb güllələyirlər... Yalnız generallar Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov bu ölümdən qurtara bilir.


GENERAL-MAYOR İBRAHİM AĞA USUBOV

İbrahim ağa 1872-ci il martın 6-da, Səməd Vurğunun sözləri ilə desək, «şairlər Vətəni bizim tərəflərdə» doğulub – Qazax qəzasının Qıraq Salahlı kəndində.

GÜMÜŞ PULLA 97 MANAT 50 QƏPİK PENSİYA...

Atası da hərbçi olub – İbrahim ağanın atası Musa ağa və əmisi Süleyman ağa Usubovlar XIX əsrin əvvəllərində Azərbaycan türklərindən təşkil olunmuş Müsəlman süvari alayında xidmət ediblər. Musa ağa poruçik olub, hətta döyüş xidmətlərinə görə «Müqəddəs Stanislav» ordeninə layiq görülüb. O, 1891-ci ilin iyulun 22-də istefaya çıxıb və dövlət ona gümüş pulla 97 manat 50 qəpik pensiya kəsib. Ancaq pensiyanı almaq ona qismət olmayıb. 10 gün sonra – avqustun 1-də Musa ağa dünyadan köçüb...

HƏRBÇİ ATANIN HƏRBÇİ OĞLU

Atasının ölümündən bir il sonra – 1892-ci ildə İbrahim ağa Tbilisi Kadet Korpusunu əla qiymətlərlə bitirir. Daha bir ildən sonra unter-zabit rütbəsi alır. Rus-yapon müharibəsi başlayanda İbrahim ağa ştabs-kapitan idi. Port-Artur döyüşlərinə qatılır və ordenlər alır – «Müqəddəs Vladimir» və üçüncü dərəcəli «Müqəddəs Stanislav» ordenlərini (qılınc və bantla birgə). 1914-cü ildə İbrahim ağaya podpolkovnik, 1915-ci ildə polkovnik rütbəsi verilir. O, I Dünya savaşına da qatılır, həmyerliləri Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşur.

CEYHUN HACIBƏYLİ «KASPİ» QƏZETİNDƏ NƏ YAZIRDI?

1916-cı il fevralın 26-da Ceyhun Hacıbəyli Bakıda çıxan «Kaspi» qəzetində yazırdı:

«122-ci Tambov süvari alayının zabiti, üçüncü dərəcəli «Müqəddəs Vladimir» (1916), ikinci dərəcəli «Müqəddəs Stanislav», ikinci dərəcəli «Müqəddəs Anna» ordenli kavaler Ibrahim ağa Usubov bu alaya təyin olunandan sonra polkovnik rütbəsi alıb. 1914-cü il oktyabrın 14-də Mizines kəndi ətrafındakı yüksəkliyə hücum zamanı İbrahim ağa batalyona komandirlik edərkən düşməni iki cərgə səngərdən vurub-çıxararaq 3 gün həmin yüksəkliyi avstriyalıların əks-hücumlarından qoruyub saxlayıb».

ÇAR ORDUSUNUN GENERAL MAYORU

İbrahim ağa Usubov «Peremişl qalasından düşməni vurub çıxardığına görə» «Müqəddəs Georgi» ordeninin dördüncü dərəsinə layiq görülür. 1917-ci il iyulun 1-də 133-cü süvari diviziyasına briqada komandiri təyin olunur və ona general-mayor rütbəsi verilir.

CÜMHURİYYƏT ORDUSUNUN GENERAL-MAYORU

1918-ci ilin mayında Azərbaycan Cümhuriyyəti qurulur və İbrahim ağa Usubovu Milli Ordu quruculuğuna dəvət edirlər.

O, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Cavad bəy Şıxlinski və başqa hərbçilərlə birgə Milli Ordunun təşkilinə başlayır.

1918-ci ilin aprelində Gəncədə praporşik məktəbi açılır. Burada azərbaycanlı gənclər təhsil alırdılar. Bir il sonra həmin məktəb Bakıya köçürülür və Azərbaycan Hərbiyə Məktəbinə çevrilir.

1919-cu il yanvarın 9-da milli hökumət İbrahim ağa Usubovu hərbiyə naziri yanında tapşırıq generalı vəzifəsinə təyin edir.

İBRAHİM AĞA POLİQLOT OLUB

1919-cu ildə milli hökumət İbrahim ağanı Azərbaycan ordusuna hərbi ləvazimat və geyim alıb gətirmək üçün İtaliyaya göndərir. O, fransız, ingilis, alman və polyak dillərini mükəmməl bilirmiş. Respublika Mərkəzi Dövlət Arxivində bir sənəd – milli orduya geyim və təchizat əşyaları almaq üçün Cümhuriyyətin İtaliyadakı nümayəndəsinin hərbi nazirliklə danışıqları barədə teleqram qorunur:

«Özünün sərəncamında olmadığından İtaliyanın Hərbi Nazirliyi paltar və silah yox, avtomobil, aeroplan, projektor, dizlik, döşəkağı və adyallar verə bilir. Geyim əşyaları göndərilməsi Gellə tapşırılıb. İlk geyim dəsti dekabrın axırlarında Batuma gələcək. Keyfiyyətli köhnə paltar tapmaq mümkün deyil. Qiyməti əl versə, bu əşyaların əvəzinə parça almaq barədə fikirləşərəm. Parçanın bizdəki qiymətini bildirməyinizi xahiş edirəm. General İbrahim ağa Usubov».

QARA APREL...

İllər öncə İbrahim ağanın qardaşıqızı Gövhər xanımla görüşən Şəmistan Nəzirli İbrahim ağanın həyatının son dövrləri ilə bağlı bəzi faktları qeydə ala bilib. Atası erkən öldüyündən Gövhər xanım əmisi İbrahim ağanın himayəsinə keçibmiş. Əmisi 1914-cü ildə Xarkovdan Bakıya gələrək qardaşıqızını Hacı Zeynalabdin Tağıyevin açdığı Qız Məktəbinə qəbul etdirir. Gövhər xanımın dediyinə görə, İbrahim ağa bir də Bakıya 1918-ci ildə gəlir. Gövhər xanımın dediklərindən:

«1920-ci ilin aprelində XI ordu gəldi. Əliağa Şıxlinski, İbrahim ağa Vəkilov, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Firidun bəy Vəzirov, İbrahim ağa Usubov və bütün azərbaycanlı hərbçilərə, generallara ilk günlər toxunmadılar. Xüsusi əmr verdilər ki, poqonlarınızı çıxarın, indi Qızıl Orduda xidmət edəcəksiniz...».

«KÜÇƏDƏ BİR YÜK MAŞINI DAYANDI»

Gövhər xanımın xatirələrindən:

«İyun ayının ilk günləri idi. Evimizdə Qazaxdan gələn qonaq da vardı. Əliağa əmim (Əliağa Şıxlinski), İbrahim dayım da (general İbrahim ağa Vəkilov) bizə gəlmişdi. Hamı kəndi, qohumları, uşaqlıq dostlarını soruşur, deyib-gülürdü. O vaxt bütün hərbçilər Parlament küçəsindəki (indiki İstiqlal) 5 saylı evdə yaşayırdı. Gecə saat 12-yə işləyəndə hər kəs öz evinə getdi. Yenicə yatmağa hazırlaşırdıq ki, küçədə bir yük maşını dayandı. Maşından tökülən qırmızı əsgərlər qaça-qaça bloklara doldular. Tüfənglərin qundağı ilə qapıları döyüb içəri soxuldular. Əsgərlər içəri girən kimi əmimi əhatəyə aldılar. Mən əmimə tərəf atılıb zorla əlindən yapışdım və ağladım. Əsgərlər ev əşyalarını siyahıya aldılar. Əmimin özünü və orden-medallarını apardılar... O gecə azərbaycanlı generalları – Əliağa Şıxlinskini, Səməd bəy Mehmandarovu, Murad Gəray bəy Tlexası, Firudin bəy Vəzirovu, general-qubernator Nərimanbəyovu, polkovnik Rüstəm ağa Şıxlinskini, kapitan Bahadur bəy Vəkilovu yük maşınına doldurub apardılar. Dallarınca çox gedib-gəldik, bir xəbər öyrənə bilmədik...».

ÖLÜM YERİ – NARGİN ADASI...

Vəssalam. Heç çox çək-çevirə də salmırlar. İbrahim ağa Usubovla 12 azərbaycanlı general və zabiti 1920-ci il iyunun 16-da gecə ilə Nargin adasına aparıb güllələyirlər... Yalnız generallar Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov bu ölümdən qurtara bilir. Səbəbini gələn yazılarımızda öyrənəcəksiniz...

YAZINI BİTİRİRƏM, ÇÜNKİ...

Çünki İbrahim ağadan çox az nişanə qalıb. İbrahim ağa Xan Naxçıvanski kimi zəngin faktlarla tarixə düşməyib. Şəmistan Nəzərli demişkən, ondan bir neçə fotoşəkil, bir də qızı – Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, əməkdar incəsənət xadimi, professor Nigar xanım Usubova qalıb. Şəmistan bəy zamanında Nigar xanımla da görüşüb-söhbətləşib... Nigar xanım Əliağa Şıxlinskinin atası haqqında dediklərini yadında saxlayıb. O, deyərmiş ki, İbrahim ağa döyüşdə çevikliyi, piyada qoşunlardan məharətlə istifadə etməsi, xüsusilə də əsgərlərlə səmimi davranışıyla seçilirmiş. Hətta sonralar bolşevik Rusiyasının hərbi naziri olmuş M.V. Frunze onu çox yüksək qiymətləndirirmiş. Nigar xanım əsgərlərin İbrahim ağanı ata kimi sevməsini də xatırlayırmış...

VƏ XATIRLATMALI BİR NÜANS

İbrahim ağa general Şıxlinskinin bacanağı olub. O, Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla 1910-cu ildə evlənibmiş.

(Silsilə davam edəcək)
XS
SM
MD
LG