Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:37

İntiqam Əliyev: «Bu qədər adamı həbsxanaya göndərmək də asan deyil»


İntiqam Əliyev
İntiqam Əliyev
-
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev dinc toplantılarda fəallara kəsilən cərimələr, son günlər bu cərimələrin etirazçıların yaxınlarının əmlakına yönləndirilməsinə dair AzadlıqRadiosunun suallarına cavab verib:

- Dinc toplantılarda iştiraka görə yüksək cərimələrin müəyyən olunmasını necə qiymətləndirirsiniz?

- Hər hansı zorakılığa və qanunazidd hərəkətlərə yol verilmədiyi halda, dinc toplantıya qatılan insanların aşırı güc tətbiq olunmaqla tutulması, həbsi, yüksək məbləğlərdə cərimələrə məruz qalmaları toplaşmaq azadlığına əsassız müdaxilə kimi qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi çoxsaylı qərarlarında dəfələrlə bəyan edib ki, şəxs hətta öncədən razılaşdırılmamış toplantıda iştirak edirsə belə, zorakılığa yol verməyibsə, onun tutulması, cərimələnməsi toplaşmaq azadlığının pozuntusudur. Hər hansı qanun pozuntusuna yol vermədikləri halda dinc toplantının güc tətbiq olunmaqla dağıdılması, iştirakçılarının tutulması, həbs, cərimə böyük məbləğdə cərimə cəzasına məhkum edilmələri toplantı hüququna əsassız müdaxilədir.

Toplantılarda iştiraka görə yüksək cərimələrin müəyyən olunmasının insanları ictimai fəallıqdan, etiraz aksiyalarında iştirakdan çəkindirmək məqsədi güddüyü aydındır.

- Şəxsin adına əmlak yoxdursa, cərimələr yaxınlarının əmlakına yönəldilə bilər?

- İnzibati Xətalar Məcəlləsinə görə (maddə 9.1), inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta tərədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Toplantıda tutulan insanların əksəriyyəti hökumətin yarıtmaz siyasəti nəticəsində ölkədə yaranmış ağır sosial-iqtisadi durum səbəbindən işsiz insanlardır. Onların bu qədər yüksək məbləğdə cərimələri ödəmək imkanları yoxdur.

Şəxsin adına əmlak yoxdursa, onun atasının, anasının, qardaşının əmlakını siyahıya almaq, onun üzərində həbs qoymaq, onu satışa çıxarmaq olmaz. Ülvi Həsənlinin işində onun kompüteri və telefonu götürülüb. Halbuki kompüteri beynəlxalq təşkilat onun müvəqqəti istifadəsinə verib, telefon isə başqa bir adamındır. Bunu təsdiqləyən sənədi var. Əbülfəz Qurbanlının valideynlərinə məxsus xalçaları icraçılar qoltuqlarına vurub aparıblar. Turqut Qəmbərin cəriməsini almaq üçün valideynlərinin evinə gedirlər və onların mülkiyyətində olan kondisionerə, televizora, kompüterə göz qoyurlar.

- Bəs borclunun adına əmlak yoxdursa, necə olmalıdır?

- Məhkəmə qərarlarını icra etməməyə görə həm inzibati, həm də cinayət məsuliyyəti var. İnzibati Xətalar Məcəlləsinin (İXM) 313-1.1-ci maddəsinə görə, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə 500 manat və ya borclunun şəxsiyyəti nəzərə alınaraq 10 gün müddətinə inzibati həbs seçilir. Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, 100 manatdan 3000 manatadək cərimə edilə, 60 saatdan 240 saatadək ictimai işlər, 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum edilmə cəzasına məhkum
10 dekabr aksiyası
10 dekabr aksiyası
edilə bilər.

İctimai işlər barəsində inzibati tənbeh tətbiq edilən şəxsin asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə faydalı işlər görməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İctimai işlər gün ərzində 4 saatdan çox ola bilməz.

- Niyə məhz əmlakına ödətdirmək yolunu tutublar?

- Bu qədər adamı cinayət məsuliyyətinə cəlb etmək də, onları həbsxanaya göndərmək də asan deyil. Hakimiyyət bu qədər adamı həbsə atsa, çox ciddi problemləri yaranacaq.

Tələbin qiyamçı cəriməçilərin ailə üzvlərinin əmlakına yönəldilməsində məqsədlərdən biri həm də atanı-ananı övladına, qardaşı bacıya qarşı və s. qoymaq ola bilir. Amma baxın, hansı effekti verir. Hakimiyyət lağ olunur, daha çox insanlar müzakirələrə qatılır, suallar verirlər. Məsələn, soruşurlar ki, dinc toplantıda iştirakına görə ali təhsilli gənclərindən 500, 200, 3000 manat cərimə istəyən dövlətdə niyə həmin o gənclər iş tapa bilmirlər. Bu qədər yüksək cərimələri olan ölkədə niyə müəllimə, həkimə 150-200 manat əməkhaqqı verilir.
26 yanvar aksiyası
26 yanvar aksiyası
Niyə inzibati xətalar və cinayət məcəlləsində seçki, toplaşmaq, ifadə azadlığına müdaxiləyə görə məsuliyyət, o cümlədən cərimələr və inzibati həbs nəzərdə tutan normalar bircə dəfə də olsa tətbiq edilməyib. Niyə Azərbaycanda dinc toplantıda iştiraka görə cəza Cinayət Məcəlləsindəki bir çox cinayətlərə görə müəyyən olunan cəzalardan da ağırdır. Məsələn, Cinayət Məcəlləsi bütün növ seçki saxtakarlıqları nəzərdə tutan cinayətlərə görə 100 AZN-dən 500 AZN-dək cərimə nəzərdə tutub. Halbuki seçki saxtakarlıqlarının ictimai maraqlara vurduğu ziyan şəxsin hər hansı qanunsuz hərəkətlərə yol verilməyən dinc toplantıda iştirakı nəticəsində vurulan ziyandan qat-qat təhlükəlidir.

Bu işlərlə bağlı məhkəmə qərarlarının mütləq icra etdirilməsinin hüquqla hər hansı bağlılığı yox. Bu gün Azərbaycanda minlərlə icra olunmamış məhkəmə qərarları var ki, illərlə insanlar o qərarlarda nəzərdə tutulan kompensasiyaları almaq üçün nəticəsiz çaba döyürlər. Avropa Məhkəməsinin Azərbaycan məhkəmələrinin qərarlarının icra olunmaması ilə əlaqədar 50-dən çox qərarı var. Məsələn, Avropa Məhkəməsinin «Faber» firmasının işi ilə bağlı qərarını göstərmək olar. Azərbaycan Respublikası İqtisad Məhkəməsi 2005-ci ilin noyabrında Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiası əsasında Sabir İsrafilova 31000 AZN kompensasiya ödənilməsi barədə qərar çıxarıb. 7 ildir ki, qərarı icra etdirə bilmir. 2010-cu ilin yanvarında Avropa Məhkəməsi dövlətə «3 ay ərzində icra et» dedi, amma müraciət etmədiyi qurum qalmayıb, qərar bu günə qədər icra olunmur.
XS
SM
MD
LG