Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:26

Şahid: “Hamı bilir “bandotdel” necə yerdir”


Xaçmazda məhkəmə zalından görüntü. 20 fevral 2013
Xaçmazda məhkəmə zalından görüntü. 20 fevral 2013
-
Fevralın 20-də Xaçmaz rayon Məhkəməsində Quba hadisələrinə görə həbsdə olan jurnalistlərin və Qubanın keçmiş bələdiyyə sədrinin məhkəməsi davam edib. Məhkəmə iclasında şahidlər ifadə verib.

RTV-nin xəbərlər, ictimai-sosial proqramlar departamentinin direktoru şahid Elxan Yusifli ifadəsində göstərib ki, Quba rayonunun sabiq icra başçısı Rauf Həbibovun Qubanı qarışdıran çıxışını YouTube-da görüb. Ona maraqlı olduğu üçün Facebook səhifəsində paylaşıb:

“Mənim baxdığım video yutuba “Dj. Mustafa” tərəfindən yüklənmişdi. Mən də baxdım, maraqlı gəldiyi üçün Facebook səhifəmdə paylaşdım. Heç bir şərh yazmadım”.
Şahid bildirib ki, Quba hadisələrindən sonra Quba rayon prokurorluğuna çağırılıb və sual-cavab olunub.

Məhkəmədə dindirilən növbəti şahid Qubadakı “Səməd-bulağı” restoranının sahibi Elman Ağayev olub. O, Qubanın icra hakimiyyəti başçısının çıxışı ilə bağlı söz-söhbətləri eşidəndən sonra tanışı olan bələdiyyə sədri, hazırda həbsdə olan Elxan Əliyevdən baxmaq üçün disk istəyib. Bələdiyyə sədri ona disk vermədiyindən o, Su-Kanalzasiya İdarəsinin rəisi olmuş Zakir İbrahimovdan diski əldə edib.

Hazırda təqsirləndirilən şəxslərdən biri olan Zakir Məmmədov ondan bu diskin surətini istəyib. O da başçının çıxışı yazılan diski Zakir Məmmədova verib. Bir neçə gün sonra Zakir Məmmədov diski geri qaytaranda o, diski sındırıb.

Şahid bildirib ki, Quba hadisələrindən sonra onu əvvəlcə Quba Rayon Polis Şöbəsinə çağırıblar. Sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin baş müstəntiqi İbrahim Ləmbəranski onu həmin idarəyə dəvət edib. Ordan da həbs olunaraq DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb və zirzəmiyə salınıb:

“Üç gün zirzəmidə saxladılar.Axırda da dedilər ki, azad olunursan, ancaq əvvəlcə bu kağızları imzalamalısan. Mən də imzaladım. Sonra məni Elxan Əliyevlə üzləşdirib “bandotdel”dən buraxdılar.

Prokuror:

- Sizə ibtidai istintaq zamanı hər hansı bir təzyiq olubmu?

- Mən nə deyim, görənlər bilir ki, “bandotdel” necə yerdir.

Vəkillərin suallarını cavablandıran şahid keçmiş icra başçısının çıxışını qubalılara təhqir olduğunu dedi:

“Başçı bizi əməlli-başlı təhqir edirdi. Deyirdi ki, qubalılar öz torpağını satıb. Torpaq satan özü idi”.

Məhkəmə iclası fevralın 21-də davam edəcək.

Quba hadisələri ilə əlaqədar bütövlükdə 30 nəfər məsuliyyətə cəlb edilib. Onlardan 24 nəfərinə hökm oxunub. 6 nəfərə 4 ildən 5 ilədək həbs cəzası verilib. Qalanları isə 3 il şərti cəzalandırılaraq məhkəmə zalından azad edilib.

Hazırda bu hadisəyə görə tuitulan yerli telekanalın əməkdaşlarının məhkəməsi davam edir.

2012-ci il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbilə aksiya keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.
XS
SM
MD
LG