Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:44

Adam oğurluğunun üstüaçıq gizlinləri


Elşad Abdullayev
Elşad Abdullayev
-
Fransada mühacirətdə olan sabiq rektor Elşad Abdullayev 10 ilə yaxındır ki, nə oğurlanmış qardaşını tapır, nə də bu işə əli bulaşanların cəzalandırıldığını görür. Keçmiş rektor bütün müsahibələrində qardaşının Azərbaycanda fəaliyyət göstərən və ən yüksək səviyyədə himayə olunan mütəşəkkil dəstə tərəfindən oğurlandığını deyir.

İndiyədək Elşad Abdullayev «Youtube» portalında qardaşının oğurlanması ilə əlaqədar 10-a yaxın video yayıb. Bu videolarda hüquq-mühafizə orqanlarının əməkdaşları, məhkəmə hakimləri, deputat və başqa rəsmi şəxslərlə danışıqlar görüntülənib. Keçmiş rektorun dediyinə görə, qardaşının oğurlanmasından bir neçə gün sonra hüquq-mühafizə orqanlarına müraciət edib, amma heç bir nəticəsi olmadığından əlindəki videoları yaymaq qərarına gəlib.



«BU AY ONU SƏNƏ VERƏCƏYƏM»

Fevralın 20-də yayılan videoda Elşad Abdullayev hava limanı polis şöbəsinin rəis müavini Rasim İldırımzadə olduğu bildirilən bir nəfərlə itkin düşən qardaşı, MTN mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır.

2004-cü ilin noyabrında çəkildiyi qeyd olunan videogörüntüdə həmin şəxs Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı sağdır və qısa zamanda onu azad edəcəklər:

– Qardaşımı verə bilirsənsə, qoy ortalığa, verə bilmirsənsə, bu, aldatmaqdır.

– Bu söhbət yüz faizdir. Mən sənə niyə yalan deməliyəm? Azərbaycanın sərhədlərindən uzaq ölkədə deyil. Dedim sənə, bu ay onu sənə verəcəyəm. Bu məsələyə görə Azərbaycanda yaşamayan iki nəfər işini-gücünü atıb, gəlib oturub burda. Danışılacaq, mən səni axtaracağam və bir yerdə gedəcəyik. Ayağını aşır ayağının üstünə, rahat işinlə məşğul ol. Sənin yanına da başqa adam gəlsə, onları söy qov...

«HAMISI YALANDIR»

Rasim İldırımzadə «Mediaforum»a müsahibəsində Elşad Abdullayevin yaydığı videonu və orda səslənənləri yalan və böhtan adlandırıb. O, Elşad Abdullayevlə itkin düşən qardaşı barədə heç bir söhbətin olmadığını deyib.

ADAM OĞURLUĞUNUN AÇILMASINA MANE OLAN SƏBƏBLƏR

Hüquqşünas Əyyub Kərimov hesab edir ki, Elşad Abdullayevin qardaşının indiyədək tapılmaması, istintaq qrupunun hər hansı ciddi işlər görə bilməməsi hakimiyyətdə və hüquq-mühafizə orqanlarında onları himayə edən ciddi fiqurların olması ilə bağlıdır:

«2005-ci ildə baş verən real hadisəni deyim. Həmin vaxt adam oğurluğu ilə bağlı cinayətkar dəstə üzə çıxarılanda, məlum oldu ki, canilərə Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədov başçılıq edib.
Orxan Mansurzadə
Orxan Mansurzadə
Hüquq-mühafizə orqanları bəlkə də bütün məsələlərin izinə düşərək hər şeyi aydınlaşdırıblar, ancaq özləri də bu işə bulaşdıqlarına görə məsələni ictimaiyyətə açıqlamırlar. Mən belə fikirləşirəm, başqa cür mümkün deyil».

«DEYİLƏNLƏR BOŞ SÖHBƏTLƏRDİR»

Daxili İşlər Nazirliyinin mətbuat xidmətində şöbə rəisi çalışan Orxan Mansurzadənin fikrincə, vaxtilə olan hansısa hadisə hüquq-mühafizə orqanları haqqında belə fikirlər söyləməyə əsas vermir.

Şöbə rəisinin sözlərinə görə, ötən illərlə müqayisədə DİN və Prokurorluq orqanları üzrə qeydə alınan ümumi cinayətlər 10 faiz, şəxsiyyət əleyhinə olan cinayətlər isə 17,8 faiz azalıb.

«Adam oğurluğu şəxsiyyət əleyhinə olan cinayətlər kateqoriyasına daxildir ki, bu sahədə də vəziyyət demək olar sabit qalıb. 2012-ci ildə 19 adam oğurluğu faktı olub ki, bunun da 18-i qız qaçırma ilə bağlıdır. Onun biri yalnız sırf pul almaq müqabilində olan adam oğurluğudur».

Adam oğurluğunu hüquq-mühafizə orqanlarının himayə etməsi barədə deyilənlərə gəlincə, Orxan Mansurzadə bənzər fikirləri əsassız sayır:

«Keçmişdə baş verənlərlə bağlı söylənilən şəxsi mülahizələrin heç bir hüquqi əsası yoxdur. Varsa, ortaya çıxarsınlar».

«HƏLƏ XORUZ BANI EŞİTMƏYƏN CİNAYƏTLƏR OLACAQ»

Hüquqşünas Əyyub Kərimov Hacı Məmmədovun adam oğurluğu məsələsində özünü xırda fiqur adlandırmasını və vaxtilə məhkəmə gedişində söylədiklərini yada
Əyyub Kərimov
Əyyub Kərimov
salır:

«Hacı Məmmədov məhkəmə prosesində bildirdi ki, mən bu işlə məşğul olan qrupun çox xırda bir üzvüyəm və hələ xoruz banı eşitməyən cinayətlər olacaq. Sonradan aydınlaşdı ki, doğrudan da bir-birinə paralel fəaliyyət göstərən qruplar var. Mahir Abdullayevin oğurlanması da həmin qruplardan birinin cinayətkar əməlidir».

Əyyub Kərimova görə, Mahir Abdullayevin Hacı Məmmədovun dəstəsi tərəfindən oğurlanmaması ölkədə bu işlə məşğul olan digər mütəşəkkil qrupların mövcudluğundan xəbər verir. Hüquqşünasın fikrincə, bu qruplar ayrı-ayrı fəaliyyət göstərsə də, onları istər hökumətdə, istərsə hüquq-mühafizə orqanlarında çalışan yüksək səlahiyyət sahibləri idarə edir:

«Bunun əksi mümkün deyil. Himayəçi «dirəklər»siz belə qruplar fəaliyyət göstərə bilməz».

BELƏ OLMASAYDI...

2003-cü ilin oktyabrından bəri itkin düşən qardaşından soraq almaq istəyən və hüquq-mühafizə orqanlarından tutmuş, prezidentədək üz tutub dərdinə dərman arayan Elşad Abdullayev də eyni fikri dəstəkləyir. O da belə düşünür ki, sözügedən dəstələr hakimiyyətin ən yüksək səviyyəsindən himayə görür. Sabiq rektora görə, belə olmasaydı, onun qardaşını oğurlayanlar çoxdan ifşa edilərdi.
XS
SM
MD
LG