Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:23

Aşotla Həsənin dostluğu haqda bu hekayəyə görə Cavaxyana «satqın» demişdilər (Oxu)


Levon Cavaxyan
Levon Cavaxyan

-

"OxuZalı"nda ən çox oxunan



… Mən onda Təhsil Nazirliyində işləyirdim. Bizim binaya bitişik, neçə ildən bəri işləməyən Azərbaycan teatrı vardı. Baltanı götürüb, xalqımın intiqamını almağa getdim…

… İndi utanıram buna görə. Amma onda utanmırdım. Onda qəhrəmandım mən. Ta öz adamlıq halıma dönənə qədər... Qəhrəmanlıq dəmləri gedər-gəlməzdə qaldı…



Bu hekayənin Ermənistanda çapından sonra müəllif Levon Cavaxyanı bəziləri azərbaycanpərəstlikdə və satqınlıqda ittiham etmişdilər. Türkiyənin "Aqos" qəzetində Türkiyə türkcəsinə tərcümədə dərc edilmiş əsəri Azadlıq Radiosunda Azərbaycan dilində çap edirik.


Levon Cavaxyan

KİRVƏ

(Türkiyə türkcəsindən Seyfəddin Hüseynli çevirib)

Biz müharibəyə getmədik, müharibə bizə gəldi. O vaxtacan firavanlıq, əmin-amanlıq hökm sürürdü. Saat 17-də radio “Danışır Bakı!” deyəndə sevincimiz yerə-göyə sığmazdı. Səsini axıracan qaldırardıq. O dalğa bizim təsəlli yerimizdi. Ordan yanıqlı bir səs, ürək parçalayan, qəmli-qüssəli muğam sədası gələrdi…

- Bu toy kimin toyudu belə? – soruşardı Aşxen nənəm. Onu qınamaq olmazdı. Bizim kənddə ancaq toylarda mahnı oxunurdu.

O hava radiodan daşıb çıxar, evə dolar, çölə yayılar, küçələr boyu axıb, meydanı bürüyər, Azərbaycanı addım-addım dolaşardı. Dünya SSRİ adlı böyük bir dövlətdi. Xoşbəxtlik dedikləri isə, kommunist ahəngli qüssəylə dolu, yanıqlı bir muğamdı. Yayın damlardakı kirəmitlərə hopmuş istisi yavaş-yavaş öləziyər, qızartdaq toz ayaq altından ahəstəcə havaya qalxar və o dərdli, yanıqlı muğamın doğma qüssəsi burula-burula, behişt ətri kimi axıb, bal kimi süzülüb, keyimiş beynimizə dolardı. Kommunizm yolundaydıq...

Aşot babam hərdən öz məxməri bariton səsiylə: “Həyatımız itkin bir mahnıdır” - deyərdi. Bizim kənd mahnı-nəğmə söhbətində ən usta adam kimi onu tanıyırdı. Əlini qulağının dibinə verib, bəlkə dünyanın qulağına çatsın deyə, ucadan bayatı çağırardı. Səsi də Şınoğun suyu kimi çağlardı.

Onun türklərin Ayrımından Həsən adlı bir kirvəsi vardı. Mahnısı da oralardan gəlirdi. Onların münasibəti əsl dostluqdu. Babam Həsənə “özünü dağdan at” desəydi, atardı. Amma babam ona “dağdan atıl” demirdi. Onu dağ başına qaldırırdı.

1988-in fevralıydı. Dağlardan təpəsi aşağı enmək vaxtı gəlmişdi. Müharibə özünü yetirəndə biz də boş dayanmamışdıq, mitinqlər keçirirdik. Müharibənin özündən qabaq sorağı gəlib çatdı: Sumqayıtda qırğın olmuşdu. Biz 32 qurbanın şəkillərini götürüb Dzidzernakapertə çıxdıq. Tarix təkrarlanırdı. Sonra Bakı qırğınları oldu. “Nə vaxta qədər qırılacaqdıq?!” Mən onda Təhsil Nazirliyində işləyirdim. Bizim binaya bitişik, neçə ildən bəri işləməyən Azərbaycan teatrı vardı. Baltanı götürüb, xalqımın intiqamını almağa getdim. Rəhbərlik imkan vermirdi: mən baltanı qaldırırdım, onlar altdan aşağı çəkirdilər. “Olmaz, qoymarıq”- deyirdilər. Moskva belə tərbiyə eləmişdi...

Əvvəlcə “olmaz, qoymarıq” deyənləri “sındırdım”. Sonra qapıya cumdum. Baltanı qaldırıb alnının ortasına dalbadal vurdum... Qapı hönkürürmüş kimi cırıldadı, geriyə aşdı. İçəri rütubət qoxuyurdu, bomboş salon, boş kreslolar vardı orda... Məyus olmuşdum bir az, istəyimə çata bilməmişdim. Hardasa, Hind cəngəllikləriylə qarşılaşan Makedoniyalı İskəndər kimiydim həmin an. O, dünyanın o biri başına gedib çıxdığı kimi, mən də teatr salonunda səhnənin arxasına atdım özümü. Bizim qəhrəmanlıq xəyallarımıza bura çox dedikcə dar gəlirdi. Ancaq sonralar başa düşdüm ki, uzaqbaşı, bağlı bir qapıyla döyüşürmüşəm. İndi utanıram buna görə. Amma onda utanmırdım. Onda qəhrəmandım mən. Ta öz adamlıq halıma dönənə qədər. Qəhrəmanlıq dəmləri gedər-gəlməzdə qaldı. İnsan, adətən, şərə qarşı cəsarətlə mübarizə aparır. Ancaq şər hansı tərəfdəydi?! Gəl indi bundan baş aç görək!...
Xoş halına sadəcə insan ola bilənlərin! “Bəxtəvər qəhrəmanların başına” demirəm mən. Qoy vətən fəxr eləsin onlarla... Mənim qəhrəmanlarımsa adi, sadə insanlardır. Əsl insan üçün düşmənçilik sədləri yoxdur. Onun vətəninin ərazisi ürəyi ilə vicdanının olduğu yerlərdir. Vay bu ərazidən çıxanların gününə! Bizim kirvə elələrindən deyildi, amma neyləmək olardı: getdi!... Mənim hekayəm də elə bundan danışır…

Aşot babamın Ceyranından kənddə bircə dənəydi. Onun qədər süd verən tapılmazdı, ancaq onun kimi təpik atan da yoxdu. Ceyranın gölə bənzər gözlərində bir dənizlik qüssə vardı. O, qüssəli gözlərilə dünyanı seyr edə-edə qabağındakı otu rahatca yeyəndə bu qəmgin halından hədsiz narazı olduğu kimsənin ağlına gəlməzdi. Axşamüstü şişman cəmdəyini, tox qarnını aramla yırğalayaraq, astadan mələyə-mələyə örüşdən qayıdardı. Adamlar onu adi bir inək bilib, yanından arxayınca keçib gedərdilər. Ancaq həmin anlarda onun içində bir inəkmi mürgüləyirdi, yoxsa bir buğamı oynayırdı, burası qəliz məsələydi. Dumanlı nəzərlərilə bir anlıq ötüb-keçənləri süzərdi. Qara, nəmli burun pərələrindən qaynar buğ qalxardı. Birdən başını aşağı, sinəsinə əyər, iti buynuzlarını irəli verib adamların üstünə yeriyərdi. Kişilər birtəhər özlərini qoruyardılar. Allah göstərməsin, qabağına çıxan qadın olsaydı... Bir andaca buynuzlardan sallaşıb qalar, həyasıyla ağrısı bir-birinə qarışardı. Heç o yan-bu yana yer qalmazdı: ətəyi başına keçər, bədəni arxaya qanrılar, çılpaq ayaqlarısa havada yellənərdi…

Yazıq babamın gözünə yuxu getmirdi. Onun öhdəsindən gəlməkçün çox əlləşmişdi... Dəyənəyilə inəyin qızartdaq belini odlayırdısa da, xeyri olmurdu. Ceyran müti bir halda dayanır, sevgi və qüssə dolu gözlərini sahibinə zilləyirdi. Hər zərbədən sonra astadan səslənir, boynunu uzadıb babamın üzünü yalamaq istəyirdi. Çarəsizlikdən, babamın əlindəki dəyənək havadan asılı qalırdı. Di gəl, dilsiz-ağızsız heyvanı başa sal!... Yox, bıçaq çəkməyə əli gəlməzdi. Ən yaxşısı satmaqdı. Amma belə dəli heyvanı kim alardı?...

Yenə kirvəsi Həsən yetdi dada.

- Mən alıram, Aşot kirvə, - dedi. – Sən gətir o Ceyran inəyini, mən alıram…
Erməni milli hərəkatı hələ təzəcə qızışırdı. Hər tərəfdən azərbaycanlılar əleyhinə çağırışlar ucalır, qazan qaynara düşürdü. Həsənə bizim inəyin bol südümü, yoxsa iti, sivri boynuzlarımı xoş gəlirdi, demək çətindi. Ancar hər halda, kirvəmiz beh kimi 100 rubl verdi, Ceyranı qabağına qatıb türklərin Ayrımına sarı yola düzəldi. Onlar eyni yolla getdilər. «Dünya isə məhvərindən çıxmışdı». Sabahlarımız təlaşlı açılırdı.

Azərbaycandan gələn xəbərlərin gətirdiyi narahatlıq gündən-günə artırdı. Bircə anam halını pozmurdu. “Kim sənə daş atsa, sən ona alma at, nar at” - deyirdi. Anam həlim təbiətli, şairanə ruhluydu, ancaq ən əsası, anaydı...

…Hə, belə, mənim gözəl oxucum. Bu sözlərimlə mən təkcə yazımı yox, ürəyimi də kağıza büküb sizin ixtiyarınıza verirəm…

Ayrım türklərin deyildi, Lori bölgəsində bir azərbaycanlı məskəniydi. Milli hərəkat oraya da yayılmışdı. Ara qarışmışdı. Kənd danüzünün qırovunda oyanırdı. Amma çöldə-bayırda kimsə görünmürdü, hər yan bomboşdu. Adamlar küyükmüş toyuqlar kimi evlərindən çıxmırdılar. Onlar öz Tanrısına sığınmışdı, biz də öz Tanrımıza. Onlar Quran oxuyurdular, biz İncil. Dava bu ikisinin davasıydı. Mənə qalanda, inancım bir az ayrı cürdür: mən Tanrıya inanıram, amma hansısa kitabda, ya da kitablarda yazıldığı kimi yox, eləcə, Onun özünə inanıram, olduğu kimi! O, Barışdırandı, Birləşdirəndi, Qüdrətlidi. İnsanlar o Barışdırıcını itirmişdilər. Ölkə isə yaman qarışmışdı. Yeni bütlər ortaya çıxmışdı, cadu kimi bir sevginin dadı yayılmışdı damaqlara. Tanrı sevgidir, amma sevgi Tanrı deyil. Sevginin tərsi nifrətdir. Adamlar dava gəzirdilər. Onlar davanın «dadından ləzzət alırdılar». Əgər adamlar Tanrını “özümünkü-özgəninki” deyib bölməsəydilər, Onun yaratdıqlarını da bir-birindən seçib-ayırmazdılar, yəqin ki!...

O gecə babam alt köynəyini yeddi dəfə dəyişdi. Gözlərini yumur, eyni pis yuxunu görüb oyanır, tir-tir titrəyirdi. Canı suya batır, soyuq tər mitilə hopurdu. Alt paltarı, dəyişdirdiyi köynəklər yaş kəfən kimi bədəninə yapışırdı. Dişləri şaqqıldayırdı. Şaxta iliyinə işləyirmiş kimi üşüyürdü.

- Aşxen, alt köynəyimi gətir, dəyişim... – babam inildəyirdi.

- Yenə?… - ağır yuxunun içindən hay verirdi nənəm.

…Göz qapaqlarının altında «Qaydzon» alayıydı: Avetlərin Paşosu, Bednaların Kotosu, Mırçanların Şalosu, Tırtmanların Gikosu, Grapın, Osanın Purçulu, Azarların Vahanı, Inanların Kamsarı, Hansaların Mişosu, Cicilin Pilisi, Hobosların Gevosu, Boşaların Samatı, Çiçoların Surosu, Iritslərin Tatosu, Cvaxların Cavahiri… Hücuma keçirdilər. Ayrım alova, tüstüyə qərq olmuşdu. Cicilin Pilisi «Villis»in çadırını arxaya atıb, pulemyotun lüləsini çölə çıxarmışdı. Arxa tərəfə keçib, eynən Çapayev kimi, gülləyə tutduğu evləri aşsüzənə döndərməkdəydi. Çılpaq qalmış kənd əllərini havaya qaldırmaq əvəzinə, özü havaya qalxırdı… Elə bil, nağıllardakı uçan əşyalar kimi, havaya qalxır, göylərə üz tutub, buludların arxasında gizlənmək istəyirdi. Ancaq göylərdə də nicat görünmürdü. Buludların arasıyla sürüşən evlər bir-birinə dəyirdi. Evlər böyükdü, adamlar balaca… Balaca adamlar böyük evlərdən çıxır, göyün dəlmə-deşiyindən keçir, buludların arasından sıyrılıb ələnir, hardasa irəlidə bir təpə kimi tığlanırdılar. Onlardan ən günahkarı da indi günahsızdı. Təpə yeriyən qarışqa topasıydı elə bil.

- Aşot, Aşot… - “topa”nın içindən səs gəlirdi...

Həsən kirvəydi, qəribə bir şəkildə Ceyranın belinə qalxmışdı. İnsanların altından, arasından sürünüb çıxmaq istəyirdi sanki. Ceyranın belinə təkcə özü yox, yaxınlarının hamısı minmişdi. Həsən ha dəhmərləsə də, inək yerimək bilmirdi. Boynunu burub geriyə baxırdı. Gölə bənzər gözlərində bir dənizlik həsrət vardı. Anasından ayrılan buzov kimi burnunu dikəldib böyürürdü…

- Aşot, Aşot…

Günəş başını qaldırıb, şüalarını uzadaraq babamın burnunu qaşıyırdı. O, əllərini qeyri-ixtiyari burnuna aparıb anlaşılmaz kəlmələr sayıqlayır, ancaq nədənsə heç cür gözlərini açmaq istəmirdi.

- Aşot, Aşot…- göz qapaqları elə bil qırsaqqızla yapışmışdı bir-birinə, açılmırdı.

Bezdirici bir səs qulaqlarının pərdəsini titrədirdi. Səsin hardan - öz qulağındanmı, yoxsa pəncərədənmi - gəldiyini kəsdirə bilmirdi... Hər nə isə… Gözləri açılır, yavaş-yavaş işığın mənbəyini seçirdi.

- Aşot, səni çağırırlar… - bunu səhər tezdən həyəti süpürməyə çıxmış Aşxen nənəm dedi.

- Xeyirdimi… - babam gözlərini ehmalca ovuşdura-ovuşdura soruşdu.

- Deyir, Həsəndən xəbər var, - nənəm cavab verdi.

Heç gözləmirdi bunu. Yorğanı üstündən atdı. Beyni bir neçə saniyədəcə açılışdı. Yuxusu quş kimi uçdu başından. Özü də bilmədi nə vaxt geyindi.

Avetlərin Paşosu tut ağacının altında arın-arxayın siqaret tüstülədirdi. O, kənddəki könüllülərin komandiriydi. Elə bil min ildi ki, üzünü qırxmırdı. Meşədən indicə çıxmış qaçaq kimi, üzünü-başını qıl basmışdı. Əlindəki siqareti söndürüb, təzəsini yandırdı.

-Xeyir ola... – duruxa-duruxa soruşdu babam.

- Gecə türklərin Ayrımını boşaltdıq... – Paşo ağır-ağır cavab verdi.

Yanan kibrit çöpünü siqaretin altında tutmuşdu. İri əlləri titrəyən alovu mehdən qoruyurdu. Dünyadakı ən ciddi işlərdən biriylə məşğulmuş kimi, rahat və fikirliydi. Nəhayət, dilləndi:

- Sadaxlıya çataçatda sənin kirvən Həsəni gördüm…

Babamın heç hövsələsi qalmamışdı, nəfəsi daralırdı.

– Ailəlikcə, köçlərini çəkib gedirdilər. Məni görəndə yaxınlaşdı, ayaqlarıma düşüb yalvardı ki, qurban olum, ay Paşo, bu pulu mənim qardaşım Aşota verərsən…

Paşo əlini qoltuğuna apardı. Bir parça qəzet kağızına səliqəylə bükülmüş əlli dənə qırmızı Sovet onluğuydu. İnəyin pulunun qalanıydı bunlar, biz dərhal başa düşdük. Babamsa başa düşə bilmirdi. Təlaşdan sol gözünün altı, solgun yanağı titrəyirdi. Karıxıb qalmışdı: alsınmı, almasınmı… Hansı cibinə qoyacağını da bilmirdi. Bir cibindən çıxarıb o biri cibinə qoyurdu, o birindən götürüb bu birinə.

O pul babamın heç ürəyincə deyildi, bilirdim. Sonralar, çox sonralar rublun tamam dəyərdən düşdüyü vaxtlar gəldi. Ancaq əslində babamdan ötrü onun buruşmuş əllərindəki Sovet rublunun heç əvvəlki dəyəri də qalmamışdı...

7 fevral 2008-ci il, Ermənistan

XS
SM
MD
LG