Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 01:46

9 faizlik inkişaf


Raja Almarzogi
Raja Almarzogi
-
«2013-cü ildə Azərbaycanın qeyri-neft sektorunda 9 faiz civarında iqtisadi artım gözlənilir».

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raja Almarzogi martın 12-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Prezident İlham Əliyev bir neçə gün əvvəl missiya rəhbəri ilə görüşdə bu sahədə böyük işlərin görüldüyünü və ötən il qeyri-neft sektorunda 10 faiz artım olduğunu söyləyib.

İlham Əliyev bu inkişafı informasiya və kommunikasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən uğurlu proqramlarla bağlayıb.

«9 FAİZLİK ARTIM İLK BAXIŞDAN BÖYÜK NAİLİYYƏT KİMİ GÖRÜNSƏ DƏ...»

İqtisadçı Natiq Cəfərli neftdənkənar sektorun inkişafı ilə bağlı həm prezidentin, həm də BVF rəsmisinin dediklərinə bir qədər fərqli yanaşır. O hesab edir ki, bu artım, əsasən, neft pullarının daha çox xərcləndiyi tikinti-təmir sektoru hesabına baş verir:

«Yəni, bu artım dayanıqlı artım deyil. Ora yönəldilən vəsaitin kökündə neft pulları durur. Sabah neftdən gələn gəlirlər azalsa, bu, avtomatik həmin sahələrdəki artımın kəskin aşağı düşməsinə gətirib çıxaracaq. İKT-ni çıxsaq, söylənilən artım tempində digər sahələrin payı çox cüzidir. O baxımdan da 2013-cü ildə yenə də tikinti-təmir işlərinə ayrılan vəsait qeyri-neft sektorundakı artımın lokomotivi olacaq».

İqtisadçıya görə, qeyri-neft sektorundakı 9 faizlik artım ilk baxışdan böyük nailiyyət kimi görünsə də, ümumdaxili məhsulda, ixracda bu sahənin payı xeyli aşağıdır.
Foto: Arxiv
Foto: Arxiv

AT ARABASI İLƏ GEDƏN İNKİŞAF

Salyan rayon sakini Elçin Əzizov da qeyd olunan artım tempinin bölgədə elə də hiss olunmadığını bildirir. Deyir, əksinə, əvvəllər müəyyən texnikası olan kəndlilər indi əkin sahələrindən öz məhsullarını at arabasında daşıyırlar:

«Kənd təsərrüfatından söhbət gedirsə, bizim rayon aqrar rayondur. Amma görək, bu rayona hansı dövlət dəstəyi verilib? Yoxdur axı elə bir dəstək».

Elçin Əzizova görə, son zamanlar Salyanda bəzi iri istehsal müəssisələri, təsərrüfat sahələri yaradılsa da, onların hamısı ayrı-ayrı məmurların himayəsində olan müəssisələrdir.

DEPUTAT: «BU SAHƏYƏ DİQQƏT VAR VƏ ƏLDƏ OLUNAN NƏTİCƏ DƏ YAXŞIDIR»

Deputat Eldar İbrahimov neftdənkənar sektorda inkişafın olmaması ilə bağlı səslənən fikirlərlə razılaşmır:
Eldar İbrahimov
Eldar İbrahimov
«İndi mən – rəqəmlərlə işləyən, azdan-çoxdan bu sahəyə bələd olan adam – təqribi bilirəmsə, kənddə oturan adi adam bunu nə bilir? Ola bilər 5-10 nəfər işləmir, bu o demək deyil ki, heç kim işləmir. 2013-cü il büdcəsində kənd təsərrüfatı üçün normal vəsait nəzərdə tutulub. Prezidentin ehtiyat fondundan da rayonlara xeyli əlavə vəsait ayrılır. Bəs bu pullar hara gedir? Kəndin inkişafına, kənddə sosial məsələlərin həllinə ayrılmır?! Və yaxud bu, kənd təsərrüfatı məhsullarının istehsalına təsir göstərmir?! Televiziyalar hər gün göstərir, görün, kənd təsərrüfatına nə qədər kredit verilir, şərait yaradılır. Dünyanın hər yerində kənd təsərrüfatı subsidiya ilə işləyir. Heç yerdə bu sahə öz-özünü maliyyələşdirə bilmir. Bu sahəyə diqqət var və əldə olunan nəticə də yaxşıdır».

«QEYRİ-NEFT SEKTORU BELƏ SÜRƏTLƏ İNKİŞAF EDİRSƏ, NİYƏ İXRACDAKI PAYI 3 FAİZDİR?»

İqtisadçı Nazim Məmmədov son illər BVF-nin proqnozları ilə Azərbaycan rəsmilərinin səsləndirdiyi faizlərin üst-üstə düşməsinə diqqət çəkir və deyilən rəqəmlərin heç biri ilə razılaşmır:

«Mən, əslində, qeyri-neft sektorunun bu sürətlə inkişafını gözləmirəm və bu məsələdə daha pessimistəm.
Nazim Məmmədov
Nazim Məmmədov
Çünki büdcə vəsaiti, əsasən, investisiya layihələrinə qoyulur. Bu sahəyə özəl sektorun da ciddi vəsait qoymasının şahidi deyilik. Bölgə əhalisinin xeyli hissəsinin iş dalınca paytaxta axışması da bu sektorda hər il deyilən qədər inkişafın olmasını təsdiqləmir. Deyilən kimi olsaydı, onda biz papağımızı göyə atıb Allahımıza şükür eləməliyik. Qeyri-neft sektoru elə sürətlə inkişaf edirsə, niyə bu sahənin ixracda payı 3 faizdir? Bu sahə inkişaf edibsə, əmək haqlarından tutulan gəlirlər, sığorta haqları, eyni zamanda fiziki şəxslərin gəlir vergisi daha çox olmalı idi, amma biz bunu görmürük».

«HÖKUMƏT... CİDDİ STRUKTUR İSLAHATLARINA GETMƏLİDİR»

Nazim Məmmədova görə, əslində, qeyri-neft sektorundakı yeni istehsal müəssisələrinin bir problemi də onların rəqabətə dözümlü olmamasıdır. İqtisadçı buna misal olaraq bölgələrdə açılan və bir müddətdən sonra fəaliyyətini dayandıran müəssisələri yada salır:

«Onların istehsal etdiyi məhsulların ya xammalı xaricdən gəlir, ya da istehsal olunan məhsullar bazarda rəqabətə dözmür».

​Nazim Məmmədovun fikrincə, hökumət qeyri-neft sektorunun daha yaxşı inkişafını istəyirsə, onda ciddi struktur islahatlarına getməlidir.
XS
SM
MD
LG