Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:41

Olay bənzəyir, qərar bənzəmir


Gənc fəal Nigar Yaqublu və futbolçu Araz Abdullayev
Gənc fəal Nigar Yaqublu və futbolçu Araz Abdullayev
-
Martın 28-də yol qəzası törədən «Neftçi» futbol klubunun yarımmüdafiəçisi Araz Abdullayev öncə saxlansa da, ertəsi gün zaminə buraxılmışdı. Futbolçunun həbsdən çıxarılmasına klub prezidenti Sadıq Sadıqovun zəmanəti imkan yaratmışdı. Bir neçə ay öncə – 2012-ci il sentyabrın 11-də olan bənzər olayda isə Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun zaminə buraxılmasına icazə verilməmişdi.
Futbolçu Araz Abdullayevin törətdiyi qəzada bir təmizlikçi qadın ölmüş, digəri yaralanmışdı. Xətai rayon mənzil kommunal təsərrüfatı birliyində çalışan bu qadınlar olay baş verən zaman küçə süpürürlərmiş. Nigar Yaqublunun törətdiyi yol qəzasında da zərərçəkən şəxs yaşamını itirmişdi.
İKİLİ HÜQUQ STANDARTI?
Hüquqşünas Yalçın İmanov deyir ki, bu iki iş ikili hüquq standartına parlaq örnəkdir:
«Bir halda şəxs istintaq dövründə həbs olunub, digər halda həbs edilməyib. Bu şəxslərin məhz siyasi mənsubiyyətinə, yaxud mənsubiyyətsizliyinə sərbəst buraxılıb- buraxılmaması açıq deməyə əsas verir ki, hüquq və qanunlar bu məsələdə daha çox siyasi iradənin ifadəçisi kimi çıxış edir. Nigar Yaqublu işi ilə Araz Abdullayev işinin müqayisəsi də bunun təsdiqidir. Nigarın istintaq dövründə həbsdə saxlanmasına heç bir ehtiyac yox idi. Onun zaminə götürülməsi ilə bağlı kifayət qədər nüfuzlu insanlar, o cümlədən deputatlar üz tutmuşdular. Ancaq nə istintaq orqanları, nə məhkəmə zaminə götürməklə bağlı xahişləri təmin etmədi».
«ARAZ ABDULLAYEVDƏN ŞİKAYƏTÇİ DEYİLİK»
Ölən təmizlikçi qadın - 51 yaşlı Zülfiyyə Hüseynova qardaşı ilə birlikdə yaşayırmış. Qardaşı oğlu İlkin Hüseynov deyir ki, Araz Abdullayevdən şikayətçi deyil:
«Qəsdən mənim bibimi vurub öldürməyib ki. Qəzadır, mən özüm də sürücüyəm. Heç kim getdiyi yerdə bir toyuğu da vurmaq istəməz. Ərizə verəcəyəm ki, mən bu adamdan şikayətçi deyiləm. Ölünü, necə lazımdır, yüksək səviyyədə yerdən qaldırdılar. Mənə də kömək edib, sağ olsun».
Müzəffər Baxışov
Müzəffər Baxışov
Hüquqi Dövlət Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, bu cinayət əməlində görə, bir qayda olaraq, həbs-qətimkan tədbiri seçilmir. Çünki hadisə yerinin müayinəsindən sonra avtotexniki ekspertiza təyin edilir. Bununla da sürücünün hadisənin qarşısını almaq üçün texniki imkanının olub-olmadığı müəyyənləşdirilir. Avtotexniki ekspertizanın və məhkəmə tibbi ekspertizasının rəyi olmadan sürücünün təqsirləndirilən şəxs qismində cəlb edilməsi mümkün deyil:
«Təəssüf ki, siyasi əqidəsi bilinən şəxslərlə bağlı durum fərqlidir. Yüksək dövlət orqanlarında çalışan vəzifəli şəxslərin yaxın qohumları bu qəbil cinayətlər üzrə zərər çəkmiş şəxs qismində keçdikdə, dediyim ekspertiza rəyləri olmadan da siyasi əqidəliləri təqsirləndirilən şəxs qismində cəlb edirlər. Onlar barədə həbs-qətimkan tədbirinin seçilməsinə çalışırlar. Bütün bunlar həm Konstitusiyanın 25-ci maddəsinin, həm də Cinayət Məcəlləsinin 6-cı maddəsinin, yəni hamının qanun və məhkəmə qarşısında bərabərlik prinsipinin pozulması deməkdir».
Müzəffər Baxışov deyir ki, cinayət işinin başlanması üçün zərərçəkənin yaxın qohumunun şikayətçi olub-olmamasının heç bir əhəmiyyəti yoxdur.
ARAZ ABDULLAYEV HƏLƏ OYUNLARA ÇIXMIR
Arxiv foto
Arxiv foto
«Neftçi» klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin sözlərinə görə, Araz Abdullayev zaminə buraxılsa da, hələlik, oyunlara çıxmır:
«İndi cinayət işi gedir. Araz Abdullayevin zaminə buraxılması o demək deyil ki, o artıq azadlıqdadır. Cinayət işinin yekununa əsasən qərar veriləcək. Araz Abdullayev hazırda Azərbaycanda ən yaxşı formada olan futbolçudur. Bu dəqiqə klubumuzun Araz Abdullayevə ehtiyacı var. İstintaqdır, bilmək olmaz, bəlkə həbs olunacaq, haqqında azadlıqdan məhrumetmə qərarı çıxarılacaq. Bunu zaman göstərəcək».
Abşeron rayon məhkəməsi Müsavat Partiyası Gənclər Təşkilatı sədrinin müavini Nigar Yaqublunu ölümlə nəticələnən avtomobil qəzasında təqsirli bilərək ötən il dekabrın 19-da 2 il 6 ay azadlıqdan məhrum edib.
Araz Abdullayevə Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb. Hazırda cinayət işinin istintaqı gedir.
Xətai Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.
XS
SM
MD
LG