Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:32

«Qış Bulvarı» ərazisində söküntü vaxtı tağlar üzə çıxıb...


Füzuli küçəsi
Füzuli küçəsi
-
«Bir neçə gün əvvəl sökülən binaların yerinə palma ağacları əkiblər...».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına «Tarix-Mədəni və Təbii İrsi Qoruma» İctimai Nəzarət Komitəsinin əlaqələndiricisi Aytəkin İmranova söylədi.

DƏYƏRDİMİ BUNA?

18 Aprel—abidələri və tarixi yerləri Qoruma Günü ərəfəsində açıqlama yayan komitənin əlaqələndiricisi AzadlıqRadiosu vasitəsilə ictimaiyyətə bir sual ünvanladı:

«Buna dəyərdimi? Azərbaycanın tarixinə, mədəniyyətinə, paytaxtın Parislə müqayisə olunan daş plastikasına? Axı, qanun var, ənənə var, beynəlxalq təcrübə var! Bu, nə deməkdir? Bu, hansı şüurdur? Bu, nə münasibətdir? Hüquqi çərçivə olmalıdır, mexanizmlər olmalıdır, dövlət qaydaları olmalıdır ki, hər məmur öz zövqünə görə, zövqsüzlüyünə görə, dünyagörüşünə, tapşırığa görə bu millətin tarixini silməyə cürət etməsin...».

BU, DAĞINTILARIN BİR HİSSƏSİDİR...

Aytəkin İmranovanın fikrincə, 18 Aprel—Ümumdünya Tarixi Abidələr Gününü ölkə böyük optimizmlə keçirdi:

«Çox böyük optimizmlə orta və aşağı ölçülü məmurlar məruzə etdilər. Onun əvəzində bizim təqdim etdiyimiz siyahı açıqlandı. Bu, bizim müşahidə etdiyimiz dağıntıların az bir hissəsidir. «Qış Bulvarı» deyilən ərazidə 2009-2012-ci illər arasında sökülən binalar idi. Hətta axır vaxtlar sökülən binaları siyahıya salmadıq, çünki dəqiqləşdirmə gedir. Cəmi 50-60 binadır sökülənlər. İndi də, bir neçə gündür sökülən binaların yerinə palmalar əkilib».

SÖKÜNTÜNÜN BİRİNCİ MƏRHƏLƏSİ...

Aytəkin İmranova bu yerlərin mərhələlərlə söküldüyünə diqqət çəkdi:

«Birinci mərhələdə Füzuli və Şəmsi Bədəlbəyli küçələri arası binalar 2009-2010-cu illərdə söküldü. Bu binalar dövlət reyestrində idi. Nazirlər Kabineti qoruma altına almışdı. Nazirlər Sovetinin qərarına görə, bu binalar sökülə bilməzdi... Bərpa oluna bilər, konservasiya oluna bilərdi, sökülə bilməzdi!».

İKİNCİ MƏRHƏLƏ—«İŞTAH DİŞ ALTINDADIR»

Aytəkin İmranova söküntünün ikinci mərhələsini belə izah etdi:

«Əvvəl bir küçə nəzərdə tutulmuşdu. Sonra iştaha gəldilər... yeni ərazilər, yeni layihələr ağıla gəldi. Növbəti küçənin üstünə düşdülər. 2010-2011-ci illərdə Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev küçələri arasındakı binaların vaxtı çatdı. Bu da «Azdrama»dan Milli Banka qədər olan ərazidir».

ÜÇÜNCÜ MƏRHƏLƏ—BAKININ İKİNCİ TARİXİ ƏRAZİSİ DAĞIDILDI
Aytəkin İmranova
Aytəkin İmranova

Komitənin əlaqələndiricisinin dediyinə görə, artıq söküntünün üçüncü mərhələsi başlayıb:

«Bu ildən üçüncü mərhələ başlayıb. Mirzağa Əliyevin tək nömrələrinə keçiblər. İndi artıq Dilarə Əliyeva küçəsindən başlayıblar sakinləri çıxarmağa. Yəni, artıq üçüncü mərhələsi başlanan ərazi Bakının «İçərişəhər»dən sonra ikinci tarixi ərazisidir...».

SÖKÜNTÜ VAXTI TAĞLAR ÜZƏ ÇIXDI!

Aytəkin xanım binaları sökənlərin qəribə mənzərə ilə üzləşdiklərini deyir:

«Biz elə bilirdik ki, binalar XIX əsrin binalarıdır—neft bumunda tikilənlərdir. Söküntü vaxtı binaların altından tağlar üzə çıxdı... Qanunvericiliyə görə, söküntü dayandırılmalı və arxeoloji qazıntılar aparılmalıdır. Amma əvəzində bünövrələr qazıldı. Onlar ətraf əraziyə də təhlükədir, şəhərə də. Çünki Bakıda sürüşmə gedir».

DAVAMLI DEPRESSİYA VƏZİYYƏTİNDƏYİK...

Komitə təmsilçisi sonrakı fəaliyyətlərinin nə olacağı sualına belə cavab verdi:

«Eyni şeyləri deməkdən depressiya vəziyyətinə düşürük. Heç olmasa, fiksasiya etməyə çalışırıq ki, sonra məsuliyyətdən qaça bilməsinlər. Çünki bunun məsuliyyəti olacaq! Mən buna 100 faiz əminəm. Tarixi məsuliyyətdən qaçmaq olmaz! Tədbirlər görülməlidir, ictimaiyyət səsini qaldırmalıdır. İctimaiyyət də elə boğulub, elə səsi kəsilib ki... Ən adi sosial problemlər üzündən çıxan adamlara min cür siyasi don geydirirlər… Yəni, ictimaiyyətin təpkisi, rəyi olmalıdır. Biz deməyinə deyirik. Fiksasiya edirik və edəcəyik. Çalışırıq qarşısını alaq. Amma burada bütün millətin, dövlətin səyi olmalıdır».

CAMAAT DAVADADIR...

Aytəkin İmranova sonda bir daha təqdim etdikləri siyahının tam olmadığını bildirdi:

«Siyahı tam deyil. Hələ də davam edir. Hazırda bildirişlər paylanılır. Camaat davadadır».
XS
SM
MD
LG