Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:40

Bir çay qaşığı ümid


-

"Ədəbi Azadlıq-2013" müsabiqəsinin şeir 20-liyindən (sonradan kənarlaşdırılıb)


Ramil Əhməd

Bir çay qaşığı ümid

Hava proqnozunda dedilər ki,
Somaliyə qar yağacaq...
Görəsən, Somalidəki uşaqların ürəyindən
qartopu oynamaq keçirmi?

Afrikalı bir uşaq,
yol kənarında oturub,
xəyalları ilə oynayır.
Amma xəyalına belə gəlmir,
NTV-də italyan salatının hazırlanması:
Holland pendir 200qr.
Bolqar bibəri.
Şüyüd.
Reyhan.
Zeytun.
Mayonez.
O uşağa isə anası Afrika salatı hazırlayır:
BİR damcı göz yaşı.
Bir DAMCI göz yaşı.
Bir damcı GÖZ yaşı.
Bir damcı göz YAŞI.
Bir çay qaşığı da ümid...

Kimdən soruşdum bilmədi,
Bilmirsiniz,
indi Somalidə neçə dərəcə soyuq var?..


“Müharibə” silsiləsindən

1

Biz köynəklərimizi,
ayaqqabılarımızı,
pencəklərimizi bir ölçü böyük alardıq ki,
böyüyəndə də geyinək...

Gəlmədi, gəlmədi, gəlmədi...
Niyə gözləyirdik ki?
Bilmirdikmi öldüyünü,
qardaşımla qəzetdə oxumamışdıqmı?
Divardan bizə göz qoyan kişi deyildimi
şəklinin altına
“Qəhrəmancasına şəhid oldu” yazılan?

Vərdişmiydi, ümidiydimi anamın
hər dəfə süfrəyə dördüncü boşqabı qoymağı,
bir pay artıq yemək bişirməyi –
mənə, qardaşıma, özünə və...
Sonra o boşqabları göz yaşlarıyla yumağı...

Biz atamızın
ayaqqabısına,
köynəklərinə,
dolabda tozlanan
siqaret qoxulu boz pencəyinə baxıb böyüdük...
“Ata!” dedik divardan baxan şəkilə,
Şəkil kimi yaraşıqlıydı atamız,
şəkil atamız...

Azdıq atasızlıq dolanbacında,
Uşağının əlindən tutan ataları görəndə
əllərimiz cibimizdə üşüyürdü.
Bizə elə gəlirdi ki,
heç vaxt ata ola bilməyəcəyik.
Harda görmüşdük,
nə bilirdik, nə deməkdi ata?
Kinolarda gördük,
filmlərdən bildik
atanın nə olduğunu,
Bizə Atanın O olduğunu sonralar anladıq.
Biz o uşaqlar kimi
atamzın əlləri ilə ölçə bilmədik əllərimizi...
Biz Tanrının balalarıydıq,
Onun isə əlləri yoxuydu,
yoxuydu əlləri,
Hər şeyi yoxdan yaratmışdı axı...

Anamız qocaldı,
biz cavanlaşdıq...
Bircə o şəkildəki gənc əsgər heç dəyişmədi...
Bükülmədi beli,
ağarmadı saçı,
tökülmədi dişləri,
gözlərinə eynək taxmadı,
qocalmadı, qocalmadı...

Qapıya söykənib
anamızın mətbəxdə
göz yaşlarına qulaq asırdıq...
Niyə heyrətləndiniz?
Suyun da səsi var axı,
bulağın da,
çayın da...
Hardan tapdı axı o qəzeti?
Necə xəbər tutdu?
Elə həmin gün
boşqabı qırdı,
daha bir pay artıq yemək bişirmədi,
O da bilirdi:
Gəlməyəcək,
Gəlməyəcək,
Gəlməyəcək...

2

Müharibədə ayağını, qolunu
itirmiş kişilərdən qorxub qaçardıq həmişə...
Hərdən yuxuma girirdi Qədim kişinin itkin əlləri,
tutub boğurdu məni.
Böyük uşaqlar ölümün nə demək olduğunu bildiyindən
başa düşürdülər atalarının öldüyünü.
Analarından gizlədərdilər
küçədə döyüldüklərini.
Taxtadan tapança düzəldərdilər
atalarının qisasını almağa...

Canavarlar Qarabağda qaldı,
hərə əlində bir ovuc torpaq,
ağzında bir qurtum su,
ciyərlərində bir udum hava gətirdi ordan...
Sözlü qızlar sevgilərini qaçaqaçda salıb itirdilər.
Hər şəhid bir ananın ümidiydi,
məryəm qızların toppuş cocuqlarının atasıydı...
Hər evə böyüdülmüş bir əsgər şəkli qaldı və...
qızlar bu şəkillərə baxıb doğdular...
Bu şəkil cocuqlar öz atalarının ögey balalarıydı...

Nə qonşulardan bir havar varıydı,
nə qohumlardan.
Neçə gündü tifilləri ac qalan dul Sürəyya
pəncərə önündə çarmıxa çəkilmişdi,
yardım maşınını gözləyirdi...
Qurdlu ciyər,
qaralmış ət,
iylənmiş ürək satan qəssab Qulam
“Bu üç yetimi necə dolandırır,
bəlkə, ürəyini satır xəbərimiz yoxdu?”, - deyirdi...

Balaca qızcığaz
gizlənqaç oynayırdı ki,
gözlərini açanda atasını tapsın...

Sürəyya deyirdi :
“Boyu uzun buray qızım,
saçı uzun suray qızım,
üç gecə yatandan sonra atan gələcək”.
O üç gün gəlib çıxmadı -
qızcığaz saymağı bacarmırdı çünki…
XS
SM
MD
LG