Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:42

Cameron neftxudaları cinayət məsuliyyəti ilə hədələdi


Moskvada BP-nin yanacaqdoldurma məntəqəsi
Moskvada BP-nin yanacaqdoldurma məntəqəsi
-

David Cameron-un bu bəyanatından bir gün əvvəl Avropa Komissiyasının müfəttişləri BP və Shell şirkətlərinin London ofislərində xəbərdarlıqsız reyd keçiriblər.

Avropanın hakimiyyət orqanları bu şirkətlərin benzinin qiymətini istədikləri kimi yönləndirmələrindən şübhələnir.

Britaniya baş naziri deyib ki, bu iddialar və nəticədə ölkədəki avtomobil sahiblərinin yüz minlərlə funt sterlinq ziyana düşdüyü təsdiqlənərsə, neft şirkətlərinə qarşı «qanunun tam gücündən istifadə olunacaq».

Cənab Cameron qiymətləri şişirdən qaz və elektrik şirkətlərinə də qarşı cinayət işlərinin qaldırılmasının mümkünlüyünü vurğulayıb.

Bu arada bir sıra Britaniya banklarının ipoteka faizlərini yönləndirməsinə dair xəbərlər də yayılıb.

David Cameron
David Cameron
Media materiallarından belə anlaşılır ki, hökumət cinayət məsuliyyəti haqqında ilin əvvəlində qəbul olunmuş yeni qanunlara dəyişiklik edərək, bank və enerji şirkətlərini hədəfə götürməyə çalışır.

Şərhçilər bildirirlər ki, baş nazirin bu məsələyə müdaxiləsi Britaniya hakimiyyət orqanlarının neft bazarında qiymətlərin saxtalaşdırılması barədə iddiaları araşdırmasına yol açacaq.

Bir neçə ay əvvəl Britaniya Ədalətli Ticarət İdarəsi neft bazarındakı qiymətlərin normal olduğu barədə hesabat vermişdi.

Britaniya parlamentinin bir sıra üzvləri müvafiq dövlət qurumunu və London polisini məsələyə qarışmağa çağırıb.

SİQNAL NEFT SƏNAYESİNDƏKİ «İŞVERƏN»DƏN GƏLİB

Millət vəkilləri Ədalətli Ticarət İdarəsinin «hər şeyin qaydasında olduğu» barədə gəldiyi nəticədən sonra millət vəkillərini bir sual rahatsız edir: Avropa orqanlarının başladığı yeni araşdırma hansı səbəblərlə bağlıdır?

Mətbuat xəbər verir ki, neft sənayesində çalışan «whistleblower»in – hərfi tərcümə etsək, «fitçalanlar»ın, yəni orada gedən arzuolunmaz prosesləri çuğullayanların sayəsində Avropa Komissiyası qəfil reydlər keçirib.

BP
BP
Millət vəkilləri Britaniyada benzin qiymətlərinin 2002-ci ildən bəri 80 faiz artaraq, litrinin 1 funt 35 pensə satılmasının səbəbləri ilə maraqlanırlar.

Yerli siyasətçilər neft şirkətlərinin «Britaniya vətəndaşlarının cibinə girilməsi barədə iddialar»ı Londonun deyil, Brüsselin araşdırmasını anormal hal sayırlar.

Bir sıra millət vəkilləri hökuməti neft nəhənglərinin cəzasızlığına son qoymağa çağırıblar.

BP və Shell şirkətləri Avropa Komissiyasının təhqiqatçıları ilə tam əməkdaşlıq şəraitində çalışdıqlarını bildirsələr də, «qiymət manipulyasiyasına» – yönləndirmələrə dair iddialara şərh verməkdən boyun qaçırıblar.
XS
SM
MD
LG