Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:27

Şampun


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 10-luğundan


Hacı Hacıyev


ŞAMPUN



Bu axşam evə qayıdanda yadıma düşdü ki, səhər çıxanda qızım şampun almağımı istəmişdi. Yol uzunu irili-xırdalı xeyli dükan vardı. Evə ən yaxın olanından alaram - deyə düşündüm. Həmin dükana girənə qədər şampun almağa məcbur olduğumu unutmağa çalışdım.

Dükana çatıb, yüngülvari bazarlıq elədim. Quru çay, yağ, iki qutu siqaret, çörək, yumurta aldım. Evə qalxdım. Qapını açan kimi qızım özünü dəhlizə atdı. Gülümsədi, əlimdəki torbaları alıb, mətbəxə keçdi. Sonra mətbəxdən onun təəssüf və narazılıq dolu səsini eşitdim:

- Eeee, sən həmişə belə eliyirsən! Almayacaqdansa deyərdin, özümüz düşüb, alardıq. Elə bil heyfin gəlir şampuna pul verməyə. Bircə şeyi başa düşmürəm ki, niyə həmişə başqa şey yox, elə şampun yadından çıxır?!

Otağa keçib, televizoru yandırdım. İntellektual verilişin eynəkli qadın aparıcısı iştirakçılara çətin suallar verir, iştirakçılar sualın cavabını bilməyəndə, qız özü qarşısındakı kağıza baxıb, qürarla cavabı oxuyurdu.

- Çay gətir. Özün də az danış. Yadımdan çıxdı da. Ölüm-itim olmadı ki. Bir də ki, bütün günü evdəsən, zəhmət çək, düş al...

Bunu dediyimə peşman oldum. Onun astması vardı. Yağışlı, nəm havada nəfəs almağı çətinləşirdi. İşdi, yağış bir həftə yağırdısa, o düz bir həftə evdən çıxmır, pəncərələri açmağa qoymurdu. Azacıq nəm hava onu gözləri hədəqədən çıxana qədər öskürdürdü. Nəfəsi kəsilir, üzü qıpqırmızı qızarır, əllərini havada oynadıb, çırpınır, elə bil kimisə onun əvəzinə nəfəs alsın deyə, köməyə çağırırdı...Bu gün də hava bərk yağışlı idi. Yağış yağmayanda da, göy üzü açılmırdı.

Çay gətirdi. Qaşqabağını tökmüşdü. Bərk hirslənəndə o heç vaxt deyinmir. Səs-küy salmır. Susur - vəssalam. Onu danışdırmağa çalışdım:

- Anan hanı?

Qaşqabağını açmadan:

- Nina xəstələnib. Onun yanına gedib. - dedi.

- Nə olub Ninaya?

- İki gündü burnundan qan axırmış. Şəkəri, təzyiqi qalxıb. Yerdədi. Evdən çıxa bilsəydim, mən də gedəcəkdim.

Daha bir kəlmə də deməyib otaqdan çıxdı. Nəyə işarə vurduğu məlum idi. Çox danışdırmadım. Qoy, hirsi keçsin.

Nina bacımdı. Əsl adı Mədinədi. Amma uşaqlıqda bir dəfə evimizə qonaq gələn rus zabiti adını tələffüz edə bilməyib, ona eləcənə «Nina» demişdi. Ad Mədinənin elə xoşuna gəlmişdi ki, onu belə çağırmaq, əzizləmək kimi bir şey olurdu. Sonradan mən, arvadım, qızım, əri, dostları - Mədinəni «Nina» çağırırdıq.

Özümü topladım. Çayın son qurtumunu içib, ayağa qalxdım. Gödəkçəmi geyindim. Çətir götürdüm.

- Birazdan gəlirəm. Gec gəlsəm, narahat olma, bəlkə bibiyə dəydim. Özün də mısmırığını sallama, bir torba şampun alacam sənə! - deyib, evdən çıxıb, sürətlə aşağı düşdüm.

Bu hadisə çoxdan baş vermişdi. O vaxt mənim on-on bir, Ninanın da on üç-on dörd yaşı olardı. Rayonda yaşayırdıq. Atamız, anamız, nənəmiz - anamızın anası və biz-bacı-qardaş...

Sovet İttifaqının son illəri idi. Bütün ölkədə qəfil qıtlıq baş alıb gedirdi. Dükanlarda heç nə tapılmır, çörək mağazalarının qarşısında gecədən növbələr tutulur, insanlar bir dənə zavod çörəyinə görə bir-birilərinin ətini didməyə hazır olurdu. Ailə başçıları xüsusi fərasəti ilə seçilmirdisə, o evin külfəti sözün əsl mənasında aclıq çəkirdi.
Bizim ailənin də vəziyyəti çox fərqli deyildi. Əldə-ovucda olan qurtarmışdı. Olan-qalanımızı sataraq, ərzağa verib yemişdik. O illər bizi aclıqdan xilas edən tək şey anamın dişli-dırnaqlı qadın olmağı idi. Anam fərasətli qadın olmasaydı, atamızın ümidinə qalsaydıq, bəlkə də hamımız çoxdan acından ölmüşdük.

Anamın üçün kasıbçılıq, aclıq vaxtı baş girləmək, ailəni doyurmaq əsl incəsənət idi. Hardansa quru çörəklər tapıb, ikiqat ucuzuna alır, sonra o çörəkləri aşsüzənin içinə qoyub, aşsüzəni də içində su qaynayan qazanın ağzına tuturdu. Buxar çörəkləri pilə kimi yuşaldırdı. Arxların kənarlarından, heyvan ayağı dəyməyən yerlərdən yeməli göyərtilər - qoyunqulağı, lalədibi, əvəlik, əməköməci, qırxbuğum, quşəppəyi, cincilim yığır, onları buğda, qarğıdalı, ya da noxudla qaynadıb, uydurma olsa da doyumlu yeməklər hazırlarıyırdı. Kənddə kəsilən bütün inəklərin başına birinci o müştəri çıxırdı. Bu başları soyur, bizim sür-sümük bildiyimiz başdan kilolarla ət çıxarır, o ətləri kötüyün üstündə döyüb, kündə-kündə yumrulayır, ehtiyat saxlayırdı.

Həmin gün anam o kündələrdən birinin buzunu açıb, ətə min cür şey-şüy qataraq, beş nəfərlik ailə üçün dolma bükürdü. Qaynar suda pöşlədiyi kələmləri elə işləməkdən kobudlaşmış əli ilə çıxarırdı. Əllərinin dərisi elə kobudlaşmışdı ki, o daha buzu, qaynar suyu hiss eləmirdi.

Bu vaxt nənəm öz otağından çıxdı. Əlində odekalon şüşəsinə oxşayan bir şüşə vardı. şüşə yarısına qədər yaşıl maye ilə dolu idi. nənəm şüşəni gətirib düz anamın gözünün qabağında tutdu:

- Bax! Bax, görürsən?! Bircə dəfə yumuşam bu zəhrimarla başımı! Yenə o qancığın işidi. Min dəfə demişəm, milyon dəfə demişəm ki, mənim şeylərimə əl vurmasın! Amma kimə deyirsən?! Verdiyin tərbiyə budu! Budu verdiyin tərbiyə! Min dəfə sənə demişəm, qızın döyməyən dizin döyər! Görürsən, görürsən, qancığın hərəkətin?! Nə səni vecinə alır, nə məni! Kəkil çıxardıb indidən. Körpə uşaqdı, gündə baş yuyur.
Anam bükdüyü dolmanı qazanın dibinə qoyub, əlinin dalı ilə alnının tərini sildi:

- Yaxşı, ta sakit ol, mən onun dərsin verərəm.

- Nə sakit olum aaaz?! Nə sakit olum?! Elə belə eləyirsən ki, heç kimi vecinə almır da. Qudurtmusan onu! Elə harınnıyıb ki, gözü heç kimi görmür. Ağbirçək nənəsinin otağına girir. Onun şeylərin qarışdırır. Bu gün məndən xəbərsiz şampunumu götürən, sabah düyünçəmdən pul oğurlayar!

Anamın hövsələsi daraldı:

- Ay arvad, başa düşdüm, bəsdi sən allah! Dedim ki, dərsin verərəm!

- Az gör o qancıq nətər harınnıyıbsa, səni də mənim üzümə qaldırır e. Bəlkə bir məni döyəsən də?! Bircə üstümə qışqırmağın qalmışdı, bala?! Hə?! Onu da elədin?! Nə var, nə var, səhər küçədən keçən gədələrin birinə qoşulub qaçan qızına söz deməyəsən, hə?! Az, gözü-başı oynuyur eee, onun! Vallah, səhər eşitsəm ki, adımızı batırıb....
Bu vaxt bacım otağa girdi. Onun uzun, buruq, şabalıdı saçları kürəyinə dağılmışdı. Deyəsən, təzəcə yumuşdu. Evimizdə sabun, şampun olmadığını bilirdim. Yəqin, yenə nənəmin şampunundan götürüb yumuşdu saçlarını.

O otağa girən kimi nənəmin sözü ağzında qaldı. Çünki anam bir göz qırpımında bacımın üstünə atılıb, heyrətdən gözləri böyümüş bacımı ətli, yağlı əlləri vurmağa başladı. Onun üzünə, kürəyinə, yanbızına şillələr ilişdirdi, qarnının təpiklədi. Bacım başını qollarının arasına alıb, üzünü güzləməyə çalışdı. Anam onun saçlarını əlinə dolayıb, yerə yıxdı. Bacımı otaq boyu sürüməyə başladı. otaqda bir çevrə vurandan sonra sürüyə-sürüyə artırmaya çıxartdı. Qapıdan keçəndə qapının tili bacımın üzünü, burnunu, dodaqlarını cızdı. Anam bacımı sürüdükcə döşəmə onun üzünün qanına batırdı. Anam onu artırma dirəyinə çatdırıb, saçlarını əlinə daha möhkəm doladı. Başını artırmaya vurmağa başladı. Bir neçə dəfə zərblə vurmağa başlayandan sonra, qızın halsız düşdüyünü görüb, onun saçlarını əlindən açdı. Nəfəsi kəsilməkdə olan bacımın yerdə heysiz uzanmağına baxıb, uzanılısına da bir-iki təpik ilişdirdi. Sonra ətli, yağlı əllərinə yapışmış saçları arıtlayıb, otağa qayıtdı və təzədən dolma bükməyə başladı.

Anam bacımı döydüyü müddətdə nənəm əlindəki şampun şüşəsini yaxşı görə bilsin deyə işığa tutur, bacımın nə qədər şampun işlətdiyini ölçməyə çalışır, sonra qəzəblə başını bulayır və qisası alınmış adamlar kimi anamın onu döyməyinə, yerlə sürüməyinə, başını artırmaya vurmağına baxırdı...

Birazdan bacım ayıldı. Qanlı döşəməyə səpələnmiş, çirkli, yağlı, qanlı saçlarına baxıb, acı-acı ağladı...

Anam dolmanı büküb, ocağa qoyandan sonra, bir qazan dovğa horrası hazırladı, ununu, düyüsünü, yumurtasını, göyərtisini bir yerdə töküb, ocağa qoydu. Sonra artırmaya çıxıb, hələ də ağlayan bacımın qolundan tutub, ocağın yanına apardı. Çömçəni onun əlinə verib:

- Dovğanı bula qancıq! Çürütsən, səni qanına bulayaram! - dedi və toyuqlara dən verməyə getdi.

Bütün bunlar baş verərkən, mən qorxaraq, divara qısılıb qalmışdım. Anama tərəf qaçmaq, bacımı onun əlindən almağa çalışmaq, ona necəsə kömək eləmək ağlıma da gəlmirdi. Mən elə qorxmuşdum ki, anamın bacımı buraxıb, məni döyəcəyini düşünür, birtəhər aradan çıxmağın yollarını axtarırıdım. Düşünürdüm ki, qəfil evdən çıxsam, anamın diqqətini çəkərəm və o bacımı buraxıb, qalan hirsini də məndən alar. Buna görə də, qəzəbdən gözlərinə qan gəlmiş anamın diqqətini çəkməməyə çalışaraq, bacardıqca divara sıxılır, az qala divarın bir parçasına çevrilirdim...

Dovğa qaynayandan sonra, bacım qazanı yerə qoyub, çölə çıxdı. Mən də bayaqdan quruyub- qaldığım yerdən tərpənib, onun arxasnca getdim. Bacım həyətdə heç kimin olmadığını görüb, bağçaya adladı. Onun bu vaxt bağçaya niyə getdiyini başa düşə bilmirdim. Hava qaralmışdı. Meyvə vaxtı da deyildi.

Bacım ağacların altı ilə addımlayıb, baçamızı qonşunun bağından ayıran nəhəng kanalın tirində dayandı. Mən ondan aralıda, ağaclaın altında səssiz dayandım. Nina bir müdət suya baxıb, sonra özünü kanala atdı.

Səsimi çıxarmadan tez özümü kanalın tirinə yetirdim. Pal-paltarlı kanala atılıb, hələ suyun üzündə əl-qol atan bacımın qolundan yapışdım. Arıq, çəlimsiz olmağı onu sudan qırağa çıxarmağımı asanlaşdırdı. Bacım halsız idi. Heç kim görməsin deyə, onu tez sürüyüb, ağacların birinin altına uzandırdım. Evə qaçıb, gizlicə dəsmal, paltar gətirdim. Bacımı soyundurdum. Quruladım. Gətirdiyim paltarları birtəhər ona geyindirib, üzünü şillələdim. Dodağının partlağı, burnunun cızığı daha da dərinləşmiş, şişmişdi.

Bacım özünə gəldi. Qorxa-qorxa:

- Tez ol, evə gedək! - dedim. - Paltarlırını da burda gizləyək. Elə eləyək ki, sənin özünü suya atdığını bilməsinlər. Yoxsa səni yenə döyəcəklər.

Həmin axşam bacım yemək yeyə bilmədi. Dodağının şişi get-gedə artırdı. Deyəsən, kanalın çirkli suyundan infeksiya keçmişdi. Onu həkimə aparmadılar. Ailəlikcə yeyib-doyandan sonra, anam nənəmin köhnə şallarından birinin ucundan əl boyda kəsdi. Əl boyda parçanı yandırıb, külünü isti-isti bacımın dodağının partlağına, burnunun cızığına tökdü. Atam heç bacıma nə olduğunu soruşmadı da. Deyəsən, anamın onu döydüyünü bilirdi.

Təxminən bir aydan sonra bacımın dodağının yarası bitişdi. Amma dodağının üstündə də, burnunda da çapıq qaldı. Ömürlük.

Bir ildən sonra Nina şəkər xəstəliyinə tutuldu. Beş ildən sonra isə insulin vurmağa başladı.

O hadisədən sonra Nina ilə mən heç vaxt o barədə danışmadıq. Böyüyüb, cavan oğlan olana, sonra da evlənənə, daha sonra da qızım doğulana qədər mən həmişə bacımın nə vaxtsa o hadisənin əvəzini çıxacağını gözləyirdim. Hələ uşaq vaxtı fikirləşirdim ki, o böüyüb, ya ərə, ya da başqa ölkələrə gedəcək, anamı, nənəmi birdəfəlik unudacaq, bir də heç vaxt onların adını tutmayacaq...

O hadisədən sonra mən heç vaxt şampun görəndə qəhərimi saxlaya bilmirdim. Başımı sabunla yuyurdum. Marketlərdə həmişə parfümeriya bölməsinin yanından yanakı keçirdim. Şampunlara baxmaq, toxunmaq istəmirdim. Gecələrimi keçirdiyim qadınların vanna otağına girmək istəmirdim. Vanna otaqlarında yuyunanda, üzümü qırxanda, şampunların üstünə dəsmal atırdım. Arvadım, qızım məndən şampun istəyəndə min bir bəhanə gətirir, almırdım.

Şampun görəndə gözlərimin qabağında arıq, çəlimsiz, köməksiz bacımı qəddarca döyən anamı xatırlayırdım. Bacıma kömək etməməyim, onu müdafiəsiz buraxmağımı yadıma salır və özümə nifrət edirdim. Bir hovuz düzəldib, onu şampunla doldurmaq, sonra anamı, nənəmi o şampun hovuzunda boğmaq istəyirdim...

Şəhərin ən böyük parfümeriya dükanlarının birinə gəlmişdim. Qısa ətəkli, hündür daban ayaqqabılı satıcı üzündə yapışdırma təbəssümlə mənə yaxınlaşıb, nə istədiyimi soruşdu. İki səbət yığmasını istədim.

- Səbətə nə yığaq?

- İkisini də şampunla doldurun. Nə qədər, neçə növ, neçə marka şampun varsa, hamısından qoyun.

Nəhəng səbətləri götürüb, taksiyə oturdum. Maşını Ninanın evinə sürdürdüm.

Qapını Nina özü açdı. Əlimdəki səbətləri görüb:

- Bıy, bu nədi qaqa? Deyəsən, ətriyyat dükanı açmaq istəyirsən?

- Yox. Hamısı şampundu. Sənə almışam. Səbətin biri də qızındı. Astması tutanda evdən çıxa bilmir. Qoy ehtiyatı olsun həmişə. Sən niyə qalxmısan? Bəs deyirlər xəstəsən?

- Yox əşi, mənim canım it canıdı. Şəkərim qalxmışdı, o da həmişə olan şeydi. Keç otağa. Səbətləri qoy, burda qalsın. Gedəndə də elə apar, nənəm görməsin. Baxma, pis olur.

Ninanın əlləri narıncı idi.

- Əllərin niyə bu rəngdədi?

- Anamın yenə xuruşu tutub. Kök istəyir. Bütövünü də dişləyə bilmir. Sürtkəcdən keçirirdim ki, sən gəldin...

Otağa keçdim. Anam televzorun səsini elə qaldırmışdı ki, mənim gəldiyimi eşitməmişdi. Yoldaşım yox idi, yəqin evə qayıtmışdı. Nənəm öz kürsüsündə oturub, təsbeş çevirirdi. Yaxınlaşıb ikisini də öpdüm. Nina iki stəkan kök şirəsi gətirib, hərəsinə bir stəkan uzatdı.

- Siz için. Biz mətbəxdə bir az qeybətləşək.- deyib, məni mətbəxə dartdı.
Onun əlindən bərk-bərk yapışıb, mətbəxə keçdim. Əlimi buraxıb, çay süzdü. Soyuducudan mürəbbə çıxartdı. Dodağındakı, burnundakı çapıqlara baxdım. Daha özümü saxlaya bilmədim. Ağladım.

Nina əlini uzadıb, saçımı oxşadı.

- Ağlama. Onda sən çox balacaydın...
XS
SM
MD
LG