Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:46

Barack Obamanın sözünü kəsdilər [VIDEO]


Obama yaraqlılarla mübarizədə pilotsuz təyyarələrdən istifadəyə haqq qazandırır
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Obama yaraqlılarla mübarizədə pilotsuz təyyarələrdən istifadəyə haqq qazandırır

-

Amerika prezidenti Barack Obama yaraqlılara qarşı pilotsuz təyyarələrdən istifadəyə haqq qazandırıb. Deyib ki, bu silahlar ədalətli müharibədə təhlükəli şəxslərə qarşı və özünümüdafiə məqsədi ilə işlədilir.

Vaşinqtondakı Milli Müdafiə Universitetində (National Defense University) etdiyi geniş nitqində prezident əlavə edib ki, dronlardan istifadə zamanı, onların dinc adamları öldürməyəcəyinə əmin olmaq mühümdür.

Obama həmçinin Quantanamo həbs düşərgəsinin bağlanması planlarına da toxunub və deyib ki, oradakı məhbusların Yəmənə köçürülməsi üzərindən moratorium qaldırıla bilər.

Prezident həmçinin dronlardan istifadə ilə dörd ABŞ vətəndaşının öldürülməsinə də aydınlıq gətirib.

ÖLÇÜLÜB-BİÇİLMİŞ ƏDALƏTLİ MÜHARİBƏ

"Biz elə bir təşkilatla müharibədəyik ki, - deyib Barack Obama- biz onları önləməsək, onlar bacaqdıqları qədər amerikalı öldürə bilərlər”. "Odur ki, bu, ölçülüb-biçilmiş, özünümüdafiə məqsədilə son vasitə kimi əl atılmış ədalətli müharibədir” – ABŞ prezidenti bildirib. O deyib ki, bununla belə, “döyüşün yeni fazasına qədəm qoyarkən, Amerikanın özünümüdafiə kimi legitim hüququ müzakirələrin sonu sayıla bilməz”.

“Hərbi taktikanın leqal və hətta səmərəli olduğunu söyləmək, bunun müdrik və bütün hallarda mənəvi addım olduğunu demək deyildir”.

Amerikanın hazırda yaraqlı hücumlarla mübarizədə “yolayrıcında” olduğunu deyən prezident əlavə edib ki, Birləşmiş Ştatlar Əfqanıstan kimi ölkələr xaric pilotsuz təyyarələrdən istifadə məsələsinə baxa bilər. İnsan haqları təşkilatları dronlardan istifadənin dinc adamları öldürməsinə qarşı geniş kampaniya aparırlar.

PREZİDENTİN SÖZÜNÜ KƏSİBLƏR

Barack Obama Kubadakı Quantanamo həbs düşərgəsinin bağlanması planlarına toxunarkən dinləyicilərdən biri onun sözünü kəsərək hazırda bu saxlama məntəqəsində davam edən etiraz aclıq aksiyası məsələsini qaldırıb.

Obama onun sözünü kəsən xanımın qaldırdığı məsələyə rəğbətlə yanaşdığını bildirib.
O deyib ki, “Quantanamo Amerikanın qanunun aliliyini qulaqardına vurmasının simvoluna çevrilib”.

O bir daha Konqresə müraciətlə, qanunvericiləri onun Quantanamo məhbuslarının ABŞ-ın ciddi rejimli həbsxanalarına köçürülməsi təşəbbüsünün əleyhinə çıxamamağa çağırıb.

Barack Obama ABŞ-ın ciddi rejimli və ya hərbi həbsxanalarından hələ indiyədək kimsənin qaça bilmədiyini xatırladıb.

Prezident həmçinin Quantanamo məhbuslarının Yəmənə etaplanmasına qoyulmuş moratoriumu qaldırmaq niyyətində olduğunu bildirib.

Cənab Obama konqresmenləri Quantanamonun tamamilə bağlanmasına çağırıb.

DRON ZƏRBƏSİNDƏN ÖLƏN ABŞ VƏTƏNDAŞLARI

Amerika dövlət rəhbərinin bu çüxışı dronlardan istifadəyə dair yeni “prezident siyasəti qaydalarının” imzalanması ilə eyni vaxta təsadüf edir. Ağ Ev bildirib ki, bu qaydalar Pakistan, Yəmən və Somali kimi birbaşa müharibə zonası sayılmayan yerlərdə dronlardan istifadəni məhdudlaşdıra bilər.

Yeni qaydalara görə, dronlardan istifadə aşağıdakı hallarda məqbul sayılacaq:
Hədəf dəqiq bilindikdə və dinc əhaliyə zərər yetirilməyəcəyinə əminlik olduqda, hədəfin diri ələ keçirilməsi səmərəli sayılmayanda, sözügedən ölkələrin hökumətləri təhlükə ilə öz gücləri ilə bacarmayanda və başqa ağlabatan alternativlər olmayanda.

Ötən çərşənbə ABŞ, 2011-ci ildən bəri Yəmən və Pakistanda dörd Amerika vətəndaşının dron zərbəsi ilə öldürlməsini ilk dəfə olaraq təsdiq edib.

Senatın Ədliyyə Komitəsinə məktubunda ABŞ-ın baş prokuroru Eric Holder 2011-ci ildə əl-Qaedanın Ərəbistan yarımadasındakı baş əməliyyatçısı Anwar al-Awlaki-nin dron zərbəsi ilə məhv edilməsinə haqq qazandırıb.

Amerikanın Nyu Meksiko ştatında doğulmuş Awlaki, əl-Qaedanın internet jurnalını buraxan Amerika vətəndaşı Samir Khan-la birlikdə 2011-ci ilin sentyabrında Yəməndə ABŞ pilotsuz təyyarəsinin raket zərbəsi ilə öldürülüb.

Bundan bir ay sonra Awlaki-nin Koloradoda doğulmuş 16 yaşlı oğlu Abdulrahman da Yəməndə öldürülüb.

Cənab Holder həmçinin təsdiq edib ki, Şimali Karolina sakini olan Jude Kenan Mohammad də 2011-ci ilin noyabrında Pakistanın cənubundakı Vəziristan regionunda dron zərbəsindən həlak olub.

Baş prokuror deyib ki, adları çəklilən şəxslərdən yalnız Awlaki spesifik olaraq hədəflənib.

MİLLİ TƏHLÜKƏSİZLİK VƏ MƏTBUAT AZADLIĞI

Barack Obama Milli Müdafiə Universitetindəki çıxışında həmçinin ABŞ-da mətbuat azadlığı məsələsinə toxunub.

O, Associated Press agentlyinin telefonlarının dinlənməsi və Fox televiziyasının müxbirinə qarşı cinayət təhqiqatına başlanması ehtimalı ilə əlaqədar yaranmış qalmaqallarla bağlı Ədliyyə Nazirliyini mətbuat azadlığı qaydalarına yenidən baxmağa çağırıb.

O baş prokuror Eric Holder-ə bu məsələdə hökumətin səlahiyyətlərini aşıb-aşmadığını araşdırmağı tapşırıb.

Prezident bu araşdırmanın nəticələri üçün 12 iyul tarixini konkret olaraq son möhlət adlandırıb.

Mətbuat yazır ki, prezidentin belə konkret tapşırığı konkret addımların atılacağından xəbər verir.

Obama bəyan edib ki, milli təhlükəsizlik və mətbuat azadlığı arasında balansa ehtiyac vardır.

Bununla belə o, əlavə edib ki, hökumətin cavanbdehliyini təmin edən təhqiqat jurnalizminin zərər çəkməsini istəmir.

“Jurnalistlər öz işlərini görərkən hüquq riski altında olmamalıdırlar, - prezident deyib, - bizim diqqətimiz qanunu pozanlara yönəlməlidir”.

Qanunun pozulması deyərkən, prezident əməliyyatların və adamların təhlükəsizliyini və məxfiliyini qoruyan informasiyaların açıqlanmasını nəzərdə tutduğunu söyləyib.
“Lakin azad mətbuat bizim demoklratiyamız üçün zəruridir” – prezident deyib.

Qərb mətbuatının materilları əsasında hazırladı Zülfüqar Rüfətoğlu (London)
XS
SM
MD
LG