Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:44

Aslan İsmayılov döyüldüyünü deyir


Aslan İsmayılov
Aslan İsmayılov
-

Azərbaycanda tanınmış vəkil və ictimai fəal Aslan İsmayılov mayın 30-da Bakıda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyüldüyünü iddia edir:

“Mən bu gün saat 17.00-da Nərimanov rayon Prokurorluğunda qətlə yetirilmiş kordiloqun işi ilə bağlı zərərçəkənin nümayəndəsi kimi istintaq hərəkətində iştirak edirdim.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Canpolad Daanov adlı müstəntiqi mənə bir neçə dəfə zəng etdi. İsrarla xahiş etdi ki, 2-3 dəqiqəliyinə gəlin. Mən də müstəntiqdən icazə alıb getdim. Növbətçi hissəni keçən kimi bir nəfər yekəpər mənə dedi ki, birinci mərtəbəyə keçin.

Gördüm Canpolad Daanov oturub burda. Dedim burda niyə oturmusunuz. Məni küçə söyüşləri ilə təhqir, təhdid etdi. Dedi ki, səni məhv edərik. Dedim niyə təhqir edirsiz, məni vurdu. O biri də üstümə cumdu. Müstəntiq dedi ki, kişisən vur məni. Mən sakitcə durdum. O birisi dedi ki, sən kimsən ki, Ramil Usubov haqqında danışırsan. Yaşamaq istəyirsənsə, özünü yığışdır. Bu bizim sənə xəbərdarlığımızdır.

Mənə dedilər sən niyə bloqer Rəşid Ramazanlının müdafiəsinə qalxıbsan. Niyə müsahibə verirsən ki, o, həmin idarədə döyülüb.”

Vəkil deyir ki, oradan çıxandan sonra Bakı şəhər prokuroru ilə görüşüb. Başına gələnlər haqqında ona məlumat verib. Baş Prokurorluğun qaynar xəttinə zəng edib məlumat verib. “Bu, sadəcə mənim təhqir olunmağım deyil. Bu artıq Azərbaycanda özbaşınalığın son həddidir. Mənə qarşı nəsə olsa bütün məsuliyyət Ramil Usubovun üzərində düşəcək. Çünki mənə bunları onun adı ilə edirdilər”.

Aslan İsmayılov baş verənlərlə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinə və başqa səfirliklərə də müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, Aslan İsmayılovun döyülməsi ilə bağlı onlarda hər hansı məlumat yoxdur. Məsələ sabah araşdırılacaq.

Hakimiyyətin ünvanına tənqidləri ilə tanınan Aslan İsmayılov bu yaxınlarda Vəkillər Kollegiyasından da çıxarılıb.
XS
SM
MD
LG