Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:32

5 ilə ABŞ neft ixrac edən ölkəyə çevrilə bilər


Qlobal proqnozlar verməklə məşğul olan İHS şirkətinin vise-prezidenti Daniel Yergin
Qlobal proqnozlar verməklə məşğul olan İHS şirkətinin vise-prezidenti Daniel Yergin
.


Enerji bazarlarında buna “təchizat şoku” deyirlər. Beynəlxalq Enerji Agentliyinin bu yaxınlarda açıqlanmış hesabatına görə, qarşıdan gələn beş ildə Şimali Amerikada neft istehsalı o qədər artacaq ki, Birləşmiş Ştatlar neft ixracatçısına çevriləcək və bu, öz növbəsində qlobal neft bazarlarını tamamilə dəyişdirəcək.

Bunun nə demək olduğunu öyrənmək üçün AzadlıqRadiosunun müxbiri Heather Maher qlobal proqnozlar verən İHS şirkətinin vise-prezidenti Daniel Yergin-lə söhbət edib. Onun “Qənimət: Neft, Pul və Qüvvə” (“The Prize: The Epic Quest for Oil, Money and Power”) kitabı Pulitzer Mükafatına layiq görülüb, son kitabı – “Enerji, Təhlükəsizlik və Müasir Dünyanın Yenidən Qurulması” (“The Quest: Energy, Security, and the Remaking of the Modern World”) davamlı enerji mənbələrinin axtarışı məsələsinə həsr olunub.

AzadlıqRadiosu: Qarşıdan gələn neft təchizatı şoku barədə ilk dəfə eşidəndə nə düşündünüz?

Daniel Yergin: Düşünürəm ki, burda təəccüblü heç nə yoxdur. ABŞ-ın neft istehsalı 2008-ci ildən bəri 43 faiz artıb. Təsəvvür edin ki, bu artım bütövlükdə Nigeriyanın bütün neft istehsalının həcmi qədərdir. Beləliklə, Şimali Amerikada təşəkkül tapmaqda olan qeyri-ənənəvi neft və qaz təchizatı vəziyyəti inqilabi bir yolla dəyişdirir.


AzadlıqRadiosu: Sizin son kitabınız təmiz, davamlı enerji mənbələri barədədir, halbuki neft bunlardan sayılmır. Elə isə bu neft bolluğunda müsbət nə isə varmı?

Daniel Yergin: Bu o deməkdir ki, dünya, qlobal bazar neftlə daha yaxşı təchiz olunacaq. Bu o deməkdir ki, dünya neft istehsalında yeni balanslaşma gedir, bu isə öz növbəsində neft bazarında daha böyük sabitlik deməkdir. Nəhayət bu, 5 il əvvəl olduğu kimi, neft istehsalının pik nöqtəsinə çatacağı və bunun ardınca istehsalın azalacağı kimi qlobal iqtisadiyyat üçün çətinlik yaradan qorxudan xilas olmaq imkanı yaradır.


AzadlıqRadiosu: Mübahisə etmək olar ki, neftin tükənmə perspektivi təmiz və alternativ enerji mənbələrinin axtarışına təkan vermişdi. İndi bu xəbərlər həmin axtarışları səngitməyəcəkmi?

Daniel Yergin: Yox, mən elə düşünmürəm. Doğrudur, neft istehsalının pik həddinə çatacağı və sonra azalacağı barədə ehtiyatlanmalar bərpa olunan enerjilərə və enerji keçidinə can atımlarını sürətləndirmişdi, lakin bəlli oldu ki, müəyyən mənada, həmin keçidə nail olmaq imkanları xeyli şişirdilib. Bunun baş verməsi üçün bir qədər çox gözləmək lazım gələcək.


AzadlıqRadiosu: Birləşmiş Ştatların neft idxalçısından neft ixracatçısına çevrilməsi xarici siyasətə dair mülahizələri necə təsirləndirəcək? Bu, İrana görə Fars Körfəzində yaranmış qeyri-stabillik narahatlığını azaldacaqmı?

Daniel Yergin: 1970-ci illərdən bəri Fars Körfəzi və həmin regiondan neft təchizatının sabitliyi qlobal iqtisadiyyat üçün başlıca narahatlıq mənbəyi olub. Söhbət ABŞ-ın bu regiondan çox neft almasınından getmir. Əslində, son bir neçə ildə ABŞ-ın neft təchizatının yalnız 8 faizi Fars Körfəzindən gəlib. Söhbət qlobal iqtisadiyyatın sabitliyinin bu regiondan gələn təchizatdan asılılğından gedir.

Zənnimcə, biz şahidi olacağıq ki, Birləşmiş Ştatlarda “çətin neft” adlandırılan şist neftinin, Kanadada qumluq neftinin istehsalının artması, Braziliya sahillərində neft yataqlarının inkişafı Qərb yarımkürəsini geniş mənada özünütəminatlı edəcək. Əlbəttə, tam yox, çünki neftin idxalı davam edəcək, lakin bu o deməkdir ki, Qərb yarımkürəsinin və Birləşmiş Ştatların mövqeyi dəyişəcək.
Prezident Barack Obamanın da 2012-ci ildə özünün dövlət nitqində qeyd etdiyi kimi başqa bir gözlənilməz təsir bu olub ki, ABŞ iqtisadiyyatı böyük inkişaf təkanı alıb. Biz hesablamışıq ki, Amerikda təxminən 1, 7 milyon iş yeri qeyri-ənənəvi neft və qazın hesabına dəstəklənib. Ötən il büdcə gəlirlərinin 62 milyard dollarını bu sahə gətirib. Tənəzzül zamanı, şəraitin çox da ümidverici olmadığı bir vaxtda məhz bu ABŞ iqtisadiyyatı üçün nəhəng töhfə polub.


AzadlıqRadiosu: Siz şist haqqında, xüsusən də hidravlik frekinq barədə nə düşünürsüznüz? Avropada bir ölkə - Fransa bunu artıq qadağan edib, başqa ölkələr də qadağan etməyi düşünürlər.

Daniel Yergin: ABŞ-da şist qazının istehsalı son onillikdə bizim qaz təchizatımızın 2 faizi olmaqdan 40 faizə çatıb.
Avropada fərqli şəraiti olan yerlərdə fərqli mövqelər mövcuddur. Britaniya hökuməti şist qazının inkişaf etdirilməsinə çox rəğbərtlə yanaşır, lakin orada qazma işləri ilkin mərhələdədir. Avropa Enerji Komissiyası bu yaxınlarda bildirib ki, Avropa şist qazının inkişaf etdirilməsi barədə düşünməlidir.
Fransa buna “yox” deyib, Almaniya isə siyasət mülahizələri baxımından bu məsələdə o qədər həvəsli deyil. Polşa və Ukrayna iqtisadi və enerji təhlükəsizliyi baxımından bunu çox mühüm məsələ hesab edirlər. Lakin, yenə də deyim ki, hadisələr çox ləng inkişaf edir.
XS
SM
MD
LG