Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:25

Dövlət Departamenti İnsan Alverinə dair 2013-cü ilin hesabatını açıqladı


Foto: Arxiv
Foto: Arxiv
-
ABŞ dövlət katibi John Kerry 2013-cü il üzrə İnsan Alveri Haqqında Hesabatı açıqlayıb, həmçinin hesabatın «qəhrəmanlar» hissəsini də təqdim edib.

Burada söhbət qlobal quldarlığa qarşı mübarizədə şəxsi nümunə olmuş qadın və kişilərdən gedir.

Hesabatda dünya ölkələrinin müasir quldarlıqla mübarizə səyləri, uğur və uğursuzluqları müzakirə olunur.

Sənəddə ölkələrin üç kateqoriyaya bölünməsi də məhz bu nailiyyətlərlə bağlıdır:
1-ci kateqoriyada insan alveri ilə mübarizənin vəziyyəti pis, 3-cü kateqoriyada isə qənaətbəxşdir. Bir də ikinci, orta kateqoriya var ki, Azərbaycan da məhz bu qrupa düşüb.

Hesabatda deyilir ki, Azərbaycan icbari əmək və seks məqsədilə insan alverinə məruz qalmış kişi, qadın və uşaqlar üçün mənbə, tranzit və istiqamət ölkəsidir.

Deyilir ki, azərbaycanlı kişi və oğlanlar Rusiyada və Azərbaycanda qul əməyinə məcbur edilirlər.

AZƏRBAYCAN VƏTƏNDAŞLARI XARİCƏ SATILIR

Bu da əlavə edilir ki, Azərbaycandan olan qadın və uşaqlar seksual istismar məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyəyə, Rusiyaya və İrana nəql edilirlər.

John Kerry İnsan Alveri Haqqında Hesabatı açıqlayır
John Kerry İnsan Alveri Haqqında Hesabatı açıqlayır
Digər tərəfdən Türkmənistan, Özbəkistan, Əfqanıstan, Filippin, Rumıniya, Hindistan və Ukraynadan olanlar Azərbaycanın tikinti sənayesində qul kimi istismar olunurlar.

Sənəddə deyilir ki, uşaqların, xüsusən də romaların dilənçiliyə məcbur edilməsi problemə çevrilib, Filippindən olan və evlərdə qul kimi işlədilən xidmətçi qadınların problemi isə getdikcə kəskinləşir.

Çinli qadın və kişilərdən tikintidə, küçə alverində və kənd təsərrüfatı sahəsində qul kimi istifadə olunur.

Hesabatda bildirilir ki, Azərbaycan hökuməti insan alverinin qarşısını almaq üçün minimum standartları təmin edə bilməsə də, hakimiyyət bu istiqamətdə əhəmiyyətli səylər göstərir.

Qeyd olunur ki, hesabat dövründə Azərbaycan insan alveri ilə mübarizə aparan hüquq-mühafizə orqanlarını gücləndirib, müəyyən edilmiş qurbanların müdafiəsi və cəmiyyətə yenidən inteqrasiyası üçün addımlar atıb.

Lakin vurğulanır ki, Azərbaycan insan alverinə, seksual istismara və məcburi əməyə məruz qalan heç bir xarici vətəndaşın şəxsiyyətini müəyyənləşdirməyib və bu kimi qanunsuzluqlara yol verən şirkətlərin aşkarlanması üçün cəhd göstərməyib.
Qeyd olunur ki, bu fəaliyyətə ölkədəki sistematik korrupsiya mane olub.

TÖVSİYƏLƏR

Hesabatda Azərbaycana tövsiyələr də yer alıb.

Arxiv foto
Arxiv foto
Tövsiyələrdə deyilir ki, Azərbaycan xarici vətəndaşların ölkə daxilində qul əməyinə məcbur edilməsi faktlarını araşdırmalı, məsuliyyət daşıyan şirkətləri və şəxsləri aşkar etməli və onların cəzalandırılmasına nail olmalıdır.

Həmçinin insan alverində əli olan rəsmilərin də məsuliyyətə cəlb edilməsi tövsiyə olunur.

Məsləhət görülür ki, Azərbaycan əmək məcəlləsinə «məcburi əməyi» aydın müəyyənləşdirən dəyişikliklər etməli, Əmək Müfəttişlərinin səlahiyyətlərini artırmalıdır.

Sənəddə həmçinin tövsiyə edilir ki, potensial qurbanların polisdə ilkin dindirilməsi zamanı vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakına şərait yaradılsın, qurbanları müdafiə edən təşkilatların maliyyələşdirilməsi gücləndirilsin və belə təşkilatlardan ibarət şəbəkənin Bakının xaricində də inkişafına diqqət yetirilsin.

İnsan alveri qurbanları ilə bağlı işlərə baxan məhkəmə hakimlərinin maarifləndirilməsi də tövsiyələrin arasındadır.

CƏZASINI ALANLAR

Hesabatda qeyd olunur ki, Azərbaycanın Cinayət Məcəlləsinin 144-cü maddəsi - seks və məcburi əmək məqsədli insan alverini qadağan edir və 5 ildən 15 ilədək həbsxana cəzası nəzərdə tutur.

Sənəddə deyilir ki, Azərbaycan 2012-ci ildə məcburi əmək məqsədli 2, seksual istismar məqsədli insan alveri ilə bağlı 10 təhqiqat aparıldığına dair hesabat verib.

2011-ci ildə məcburi əməklə əlaqədar 2 və seksual istismarla bağlı 17 təhqiqat aparılmışdı.

Hökumət həmçinin hesabat verib ki, 2012-ci ildə məcburi əmək məqsədilə insan alverinə dair cinayətlərə görə 2 nəfəri məhkum edib.

Arxiv foto
Arxiv foto
Daha 12 nəfər seks məqsədli insan alverinə görə cəzalandırılıb. 2011-ci ildə bu rəqəm 20 olub.

Sənəddə bildirilir ki, bu şəxslər 4 ildən 10 ilədək azadlıqdan məhrum ediliblər.

2013-cü ildə hakimiyyət ilk dəfə olaraq məcburi əmək məqsədli insan alveri ilə cinayətə görə 1 nəfəri 8 il yarım həbsxana cəzasına məhkum edib.

Hesabatda xüsusilə vurğulanır ki, Azərbaycandakı sistematik korrupsiya insan alverinə qarşı mübarizə işinə ciddi əngəl törədir.

Vətəndaş cəmiyyəti nümayəndələrinin məlumatına görə hüquq-mühafizə orqanları qul əməyi ilə bağlı şikayətləri araşdırmaqdan çəkinirlər, inşaat sektoruna nəzarət edən nüfuzlu fiqurların qəzəbindən qorxurlar.

Bildirilir ki, polis qeyri-qanuni fəaliyyətlərə göz yummaq məqsədilə fahişəliklə məşğul olan qruplardan rüşvət alır.

Hesabatda vurğulanır ki, Azərbaycan 2013-cü ildə məcburi əməklə bağlı insan alverinə görə heç bir hökumət rəsmisini cəzalandırmayıb.

Qeyd olunur ki, bəzi yerli müşahidəçilər Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə departamentində qurbanların dindirmələrə və hədələmələrə məruz qoyulduğunu bildiriblər.

QURBANLARIN MÜDAFİƏSİ

Hökumət bildirib ki, 2012-ci ildə 17 nəfər qul əməyinin, 36 qadın isə seksual insan alverinin qurbanı kimi müəyyən edilib.

Azərbaycan polisi
Azərbaycan polisi
Qeyd olunur ki, Daxili İşlər Nazirliyinin keçirdiyi 5 min reydə baxmayaraq, qul əməyinin qurbanı olmuş bir nəfər belə xarici vətəndaş aşkar olunmayıb.

Hakimiyyət 2012-ci ildə 455 uşağın dilənçiliyə məcbur edilməsi faktını aşkar edib. Onlardan 139-u QHT-lərin və uşaq polisinin öhdəsinə buraxılıb.

Hakimiyyət qurbanların cəzalandırılmasını önləyən heç bir tədbir görməyib.

Əksinə, qul əməyinə məruz qalanlar bəzi hallarda iş icazələri olmadığı üçün cəzalandırılıblar. Bütünlükdə, DİN insan alverinin 53 qurbanına yardım edib. Bu rəqəm 2011-ci ildə 38 idi.

Aşkar olunmuş 53 qurbandan 43-nə hökumət tərəfindən nəzarət edilən müvəqqəti sığınacaq verilib.

Bu qurbanlardan 35-nə birdəfəlik qaydada 500 dollar məbləğində müavinət verilib.
2011-ci ildə müavinətin məbləği 250 dollar idi.

İnsan alverinə dair qanunvericilik müəyyən edilmiş qurbanlara deportasiyadan müvəqqəti olaraq azad olmaq imkanı versə də, bu qanunlardan əməli qaydada istifadə edilməyib, belə ki aşkar olunmuş qurbanların arasında xarici vətəndaşların adı göstərilmir.

Hesabatda qeyd olunur ki, 2012-ci ilin dekabrında Bakıda insan alverinə qarşı mübarizəyə həsr olunmuş üç günlük beynəlxalq konfrans keçirilib və bu tədbirdə prokurorlar, hakimlər və müstəntiqlər də iştirak ediblər.

ABŞ-IN BAKIDAKI SƏFİRLİYİ: BUNDAN SONRA DA CİDDİ İŞ GÖRÜLMƏLİDİR

ABŞ bayrağı
ABŞ bayrağı
ABŞ-ın Bakıdakı səfirliyi bildirir ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində tərəqqi əldə edib və 2-ci sıraya keçirilib:

«Bu tərəqqi insan alverinin aradan qaldırılması ilə bağlı minimum standartlara əməl olunması istiqamətində Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti üzvlərinin həyata keçirdikləri səylər nəticəsində əldə olunub. Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində bundan sonra da ciddi iş görülməlidir. Birləşmiş Ştatlar Azərbaycan tərəfi ilə işləməyə davam edəcək».

MEHRİBAN ZEYNALOVA: KORRUPSİYA HALLARI AZƏRBAYCANIN DAHA YAXŞI YERƏ ÇIXMASINA ƏNGƏLLƏR TÖRƏDİR

«Son illər bu sahədə görülən işlər artıb. 2012-ci ilin tövsiyələrinə daha ciddi yanaşılıb, boşluqlar aradan qaldırılıb. Əks təqdirdə Azərbaycan 2-ci yerə salınmazdı. Sadalanan neqativ hallara gəldikdə, istənilən dövlətdə bunlar mövcuddur. Onların aradan qaldırılması üçün ictimaiyyətin də rolu vacibdir. Bu tək bir qurumun işi deyil. Ölkədə fahişəliklə məşğul olma faktları var. Bunun səbəblərinin aradan qaldırılması üçün Üçüncü Milli Fəaliyyət Planı hazırlanır ki, həmin planda deyilən məsələlərin aradan qaldırılması xüsusisi bənd kimi salınacaq».

Mehriban Zeynalova
Mehriban Zeynalova
Bunu insan alverinə qarşı mübarizə aparan «Təmiz Dünya» qeyri-hökumət təşkilatının rəhbəri Mehriban Zeynalova ABŞ Dövlət Departamentinin İnsan Alverinə qarşı mübarizə ilə bağlı illik hesabatına münasibət bildirərkən deyib.

Mehriban Zeynalova əlavə edib ki, ölkədə korrupsiya halları var. Buna görə də problemlə daha ciddi mübarizə aparmaq qismən çətindir. Onun fikrincə, Azərbaycan daha yaxşı sıralamaya düşə bilər:

«Bunun üçün Azərbaycanda həm hüquqi baza, həm strukturlar, həm də hazırlanmış kadrlar var. Sadəcə olaraq bəzi qurumlarda mövcud olan korrupsiya halları Azərbaycanın daha yaxşı yerə çıxmasına əngəllər törədir».
XS
SM
MD
LG