Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:49

Elşad Abdullayevin şikayəti əsasında həbs edilən işadamı məhkəmədə danışdı...


Arzu Kazımov və Elşad Abdullayev
Arzu Kazımov və Elşad Abdullayev
-
İyunun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2003-cü ildə yoxa çıxmış MTN zabiti Mahir Abdullayevin qaytarılması üçün qardaşından pul alınmasında təqsirləndirilən işadamı Arzu Kazımovun məhkəməsi başlayıb. O, 2003-cü ildə ayrı-ayrı vaxtlarda hazırda fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru olmuş Elşad Abdullayevdən ümumilikdə 1.5 milyon dollar almaqda ittiham olunur. İddialara görə, o, bu pulları Daxili İşlər Nazirliyindəki mənbələrə verməklə Mahir Abdullayevin tapılıb ailəsinə qaytarılmasını vəd edib. Ancaq pulu mənimsəyərək vədinə yalançı çıxıb.

İşadamı keçmiş rektorun 2012-ci ildə Baş Prokurorluğa yazdığı şikayət ərizəsindən sonra həbs olunub. İşadamı həmçinin ona aidiyyəti olmayan «2002 Servis» şirkətinin adından Elşad Abdullayevlə saxta mənzil müqavilələri bağlamaqda da günahlandırılır.

Arzu Kazımov isə özünü təqsirli bilmir.

Sərbəst ifadə verdikdən sonra hakim Əlövsət Abbasov, vəkil Ramiz Zeynalov və prokuror Elgiz Qafarov onu sorğu-suala tutdu.

«ELŞADLA BİR TON ÇÖRƏK YEMİŞİK, BİR DƏFƏ DƏ OLSUN ƏLİNİ CİBİNƏ SALIB 1 MANAT HESAB VERMƏYİB»

Hakim:

- Elşad Abdullayevlə necə tanış olmusunuz?

- 2003-cü ilin oktyabr ayında Rövşən Əliyev adlı tanışım dedi ki, Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev Yasamalda bina tikir. Sonra da məscid, uşaq bağçası tikmək fikri var. Səninlə tanış olmaq, işbirliyi qurmaq istəyir. Noyabrın əvvəlində məni Elşadla tanış elədi. Elşad sünni məscidi tikmək istəyirdi, Küveytdən adamlar da dəvət etmişdi. Sonra fikrindən daşındı, dedi burda sünni məscidi tikməyə imkan verməzlər. Uşaq bağçası layihəsi də alınmadı. O vaxtdan da münasibətimiz başladı. Qardaşı haqqında isə deyirdi ki, Mahir 10 milyonluq qızıl-zinətimi, 20 milyon dollarımı yığışdırıb qaçıb. Hamısını arvadına və qayınatasına verib. Ona görə də istəyirdi ki, mənimlə işbirliyi qurub yenidən biznesini genişləndirsin. Gündə 2-3 dəfə görüşürdük, çox yaxın idik. Onu da deyim ki, Elşadla bir ton çörək yemişik, bir dəfə də olsun əlini cibinə salıb 1 manat hesab verməyib. Elşad belə Elşad idi.

«HƏR TİKİLİNİN ARXASINDA BİR MƏMUR DAYANIR»

Hakim:

- Siz Elşad Abdullayevlə Əhməd Cavad 15 ünvanda inşa edilən binadan mənzil müqavilələri bağlamısınız. Ancaq rəsmən sizin həmin bina ilə hər hansı əlaqəniz təsdiqlənməyib.

- İndi kim öz adına iş görür? Bakıdakı iri tikililəri araşdırsaq, hərəsi bir məmurun adınadır. Ölkənin prezidentinə qədər hamı bilir ki, «Pasaj»ın yanındakı monolit binanı mən tikdirmişəm. O binada şəriklərdən biriyəm. 45 faiz payım var. Hüququm olmasaydı, ordan 24 mənzilin orderini mənə verərdilərmi? Elşad Abdullayevin yanında zəng vurub tapşırmışam ki, Elşadın qardaşları gələcəklər, mənzilləri göstərin, hansılarını istəsələr, adlarına sənədləşdirin.

Hakim:

- Elşad Abdullayev ondan qardaşına görə 1.5 milyon aldığını iddia edir. Nə deyə bilərsiniz?

- Mən Elşad Abdullayevdən pulları müqavilə əsasında almışam. Birinci müqavilə 2003-cü ilin dekabrında bir ay müddətinə imzalanıb. Həmin müqaviləyə əsasən, inşa etdiyim binadan Elşad Abdullayevin dayısının adına 500 min dollara mənzil satmışam. İkinci müqavilə isə təsisçisi olduğum şirkətlə Elşad Abdullayevə məxsus şirkət arasında imzalanıb. Bu müqavilə 1 il 6 ay müddətinə bağlanmışdı. Müqaviləyə əsasən, Elşad Abdullayev 30 faiz sələminə mənə bir milyon dollar vermişdi. Həmin müqavilə üzrə mən öhdəlik götürmüşdüm ki, inşa etdiyim binadan Elşad Abdullayevə 1 və 2 otaqlı 50 mənzil verəcəm, mənzilləri verə bilməsəm, satıb 10 gün müddətinə pulu qaytaracaqdım. Onu da deyim ki, Elşada əvvəl satdığım mənzili o, Təhsil Nazirliyində işləyən bir nəfərin qızına hədiyyə almışdı. Universitetinin lisenziya məsələsi düzəlsəydi, həmin mənzili qızın toyunda ona hədiyyə edəcəkdi. 2 ay gözlədim, gördüm Elşaddan səs çıxmır, çünki o, qızın şəxsiyyət vəsiqəsini gətirməli idi, adına order verilməliydi. Dedi ki, lisenziya məsələsi alınmadığına görə mənzili bağışlamalı olmadı. Həmin mənzilin orderini başqa bir adamın adına yazdırdı.

«GÜLƏR ƏHMƏDOVANIN OĞLUNU BRÜSSELƏ ÇAĞIRIB «RAZBORKA» AÇDI»

Prokuror:

- Elşad Abdullayevin ona 1.5 milyon dollar borclu olmağınız barədə nə deyə bilərsiniz?

- Kimin kimə 1.5 milyon borcu olar və neçə il bu borcunu tələb etməz? Bu neçə ildə nə vaxt bir qardaşı gəldi ki, bizə borcun var, niyə qaytarmırsan? Hamı bilir ki, Elşad kimdir. Elşad indiyə qədər məndə pul qoyardı? Ona borcu olan Vaqif adlı adamın üstünə Kiprə qədər getdi, Kiprdəki yerini əlindən aldı. Gülər Əhmədovanın oğlunu Brüsselə çağırıb «razborka» açdı. Elşadın məndə pulu olsaydı, indiyə qədər susardı?

«ZAHİD MÜƏLLİM DEYİRDİ Kİ, ELŞAD ÖZ QARDAŞINI UNİVERSİTETƏ QURBAN VERDİ»

Hakim:

- Niyə görə Elşad Abdullayev hüquq-mühafizə orqanlarına birbaşa yox, sizin vasitənizlə qeyri-rəsmi müraciət edirdi?

- Mənim daxili işlər nazirinin birinci müavini, rəhmətlik Zahid Dünyamalıyevlə yaxın əlaqəm var idi, dost idik. O, Elşad Abdullayevi qəbul etmirdi. Ümumiyyətlə, Elşaddan zəhləsi gedirdi. Deyirdi, qardaşı haradadırsa, özü yaxşı bilir. Sadəcə, ilanı Seyidəhməd əliylə tutmaq istəyir. O, ümumiyyətlə, Elşadı ciddi qəbul etmirdi. Elşad deyirdi ki, qardaşı Bakı bağlarından birində gizlədilir. Qardaşının yoxa çıxmasında 6 nəfər çox yüksəkvəzifəli məmurun adını çəkirdi. Zahid müəllim də ciddi yanaşmırdı. Deyirdi Mahir hara, o məmurlar hara. Zahid müəllim deyirdi ki, Elşad öz qardaşını universitetə qurban verdi. Deyirdi ki, bu qardaşlar universitetin nə zir-zibili vardısa, yığıb büküb qoydular Mahirin boynuna, sonra da özləri aradan götürdülər. Onu da deyim ki, bir dəfə Elşad mənimlə görüşdü, dedi, Zahid müəllimdən soruş, Mahiri üzə çıxartsaq, bizə təzyiq olmaz ki? Mən də elə yanındaca zəng vurub soruşdum. Zahid müəllim dedi, olar. Üstündən iki gün keçmişdi, Zahid müəllim zəng vurub dedi ki, Elşada de, qardaşı haradadırsa, üzə çıxartsın. Mən dərhal zəng vurdum Elşada bunu çatdırdım, Elşad dedi, artıq gecdir.

«QARDAŞININ BAŞINA GƏLƏNLƏRİ MƏNDƏN YAXŞI BİLİR»

Arzu Kazımov bildirdi ki, Elşad Abdullayevin qardaşları ondan sələmə götürdüyü pulları geri tələb edəndə o, nağd pul əvəzinə aeroport yolunda olan 46 sotluq torpaq sahəsini verib. Elşad Abdullayev həmin ərazidə tibb universitetinin filialını tikəcəklərini deyiblər:

- Mənim Elşada bu günə bir qəpik də borcum yoxdur. Qardaşının başına gələnləri isə hamıdan yaxşı bilir. Mən başa düşə bilmirəm, ordan bura yazıb göndərib ki, Arzu Kazımov məndən pul alıb, qaytarmayıb, məni 8 aydır tutub atıblar həbsxanaya. Mən də məhkəmədən tələb edəcəm ki, iddiaçı özü gəlsin, nə iddiası varsa üzümə desin. Belə şey olar? İddiaçı özü məhkəməyə gəlmir, ancaq onun yazıb göndərdiyi ilə burda kiminsə taleyi həll olunur.

Hakim 3 saata yaxın davam edən məhkəmə iclasını iyulun 2-dək təxirə saldı. Həmin gün şahidlər dindiriləcək. Onların arasında Elşad Abdullayevin yaydığı videolardakı bəzi adamlar da var.

İşadamı Arzu Kazımov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şikayət ərizəsi əsasında 2012-ci ilin noyabr ayında həbs edilib. Elşad Abdullayev iddia edir ki, keçmiş dostu olan işadamı 2003-cü ildə itkin düşmüş qardaşı, MTN zabiti Mahir Abdullayevin qaytarılması üçün DİN-dəki yüksəkvəzifəli şəxslərə vermək adı ilə ondan 1.5 milyon dollar alıb. İttihamlar sübuta yetirilsə, işadamını 15 ilədək həbs gözləyə bilər.

Keçmiş rektorun eyni iddiaları əsasında Vaqif HüseynNəriman Ağayev adlı şəxslər də həbsdədir.
XS
SM
MD
LG