Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:36

Snowden-ə görə təyyarə endirildi?


Evo Morales-in təyyarəsi Vyana beynəlxalq aeroportunda endirilib
Evo Morales-in təyyarəsi Vyana beynəlxalq aeroportunda endirilib
-

Boliviya prezidenti Evo Morales-in Moskvadan uçan təyyarəsinin səmti dəyişdirilib və göyərtəsində qaçaq ABŞ casusu Edward Snowden-in olması barədə şübhələrə görə, pilotlar təyyarəni Avstriyada endirməyə məcbur qalıblar.

Bunu yazan «Reuters» agentliyi bildirib ki, daha öncə Fransa və Portuqaliya təyyarənin eniş xahişinə «yox» cavabı verib.

Bütün hallarda, hələ ki, ABŞ-ın kəşfiyyat sirlərini yaydığı üçün Vaşinqtonun haqqında axtarış elan etdiyi casusun «Şeremetyevo» hava limanının tranzit hissəsini tərk etdiyini təsdiqləyən heç bir əlamət yoxdur.

Avstriya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Snowden-in təyyarədə olması barədə şayiələr əsassızdır.

MADURO-NU QORXUTMAQ İSTƏYİBLƏR?

Amma Boliviyanın xarici işlər naziri David Choquehuanca deyib ki, təyyarənin endirilməsi onun içində cənab Snowden-in olması şübhələrilə bağlıdır:

«Biz bu yalanı kimin uydurduğunu bilmirik, ancaq prezidentin həyatının riskə atılmasından məyusluğumuzu dilə gətiririk».

Edward Snowden
Edward Snowden
Boliviya Snowden-in sığınacaq üçün üz tutduğu onlarca ölkədən biridir və Morales müraciət edərsə, keçmiş casusun xahişinə baxılacağını vəd edib.

Boliviya prezidenti Moskvada keçirilən enerji konfransından qayıdırdı.

Boliviyanın müdafiə naziri Ruben Saavedra-nın fikrincə, təyyarənin Portuqaliyada enməsinə və ya Fransanın hava məkanında uçmasına icazə verilməməsinin arxasında ABŞ Dövlət Departamenti dura bilər:

«Biz şübhələnirik ki, bu iki Avropa ölkəsindən üçüncü qüvvə, bu halda Birləşmiş Ştatlar yararlana bilərdi».

Nazir bu hərəkətin Morales-i qorxutmaq məqsədi daşıdığını da söyləyib.

Boliviyanın bir başqa rəsmisi təyyarənin eniş xahişini İtaliyanın da rədd etdiyini bildirib.

QAÇAQ CASUSUN MEYDANI DARALIR

İyunun 23-dən bəri Moskvadakı hava limanının tranzit hissəsində qalan Snowden-in hərəkət imkanları indi daha da daralıb.

Onun ABŞ vətəndaşlığı ləğv edilib. Prezident Barack Obama bu şəxsə sığınacaq verən hər hansı ölkənin ağır cəzalandırılacağını deyib.

Vladimir Putin
Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin-in sözçüsü deyib ki, Snowden-in önünə «amerikalı partnyorlarımıza qarşı iş aparmamaq» şərti qoyulandan sonra o, Rusiyada sığınacaq barədə xahişini geri götürüb.

Moskva zəif görünməmək üçün Snowden-i Birləşmiş Ştatlara təslim etmək istəmir. Rusiya ilə ABŞ arasında ekstradisiyaya dair saziş də yoxdur.

Mətbuat xəbər verir ki, burada «casus kodeksi» də müəyyən rol oynayır. Keçmiş DTK casusu Putinin qaçaq agentdən çox da xoşu gəlmir.

İndiyədək beş ölkə Snowden-ə sığınacaq verməkdən boyun qaçırıb. Yeddi ölkə bildirib ki, sığınacaq xahişi olarsa, baxıla bilər. Səkkiz ölkə isə hələ bir qərara gələ bilmədiyini və ya rəsmi müraciət almadığını dilə gətirib.

«YETİMƏ» GƏL-GƏL DEYƏNLƏR

Keçmiş casusa sığınacaq verməsi mümkün sayılan bir neçə Latın Amerika ölkəsi arasında ən ağlabatanı Venesueladır.

Bu ölkənin prezidenti Nicolas Maduro qaz ixrac edən ölkələrin Moskvadakı konfransına qatılandan sonra «Reuters» agentliyinə bildirib ki, dünya mütləq Snowden-i qorumalıdır.

Maduro deyib ki, onun ölkəsi keçmiş ABŞ casusunun sığınacaq barədə xahişinə baxacaq.

Venesuela prezidenti ilə Putin arasında Snowden-ə dair hər hansı söhbətin olub-olmaması bilinmir.

Julian Assange
Julian Assange
Özünün London səfirliyində WikiLeaks-in rəhbəri Julian Assange-a sığınacaq vermiş Ekvadorun Snowden-i qəbul etməsi artıq o qədər də mümkün kimi görünmür.
Prezident Rafael Correa deyib ki, yalnız Ekvadorun özündə amerikalı qaçağa sığınacaq verilə bilər.

Norveç də Snowden-ə sığınacaq verilməsini müşkül məsələ sayır. Braziliya sığınacaq ərizəsinə baxmayacağını açıqlayıb. Finlandiya, İspaniya, İrlandiya və Avstriya isə bildiriblər ki, onlardan sığınacaq istəyə bilməsi üçün Snowden bu ölkələrin ərazisində olmalıdır.

Fransa və Çin sığınacaq barədə hər hansı xahiş almadıqlarını söyləyib.

Rusiyalı həmkarı Sergei Lavrov-la Bruneydə görüşən ABŞ dövlət katibi John Kerry bildirmişdi ki, onlar Snowden məsələsini müzakirə ediblər, lakin keçmiş casus Moskvanın ixtiyarında deyil.

Putinin sözçüsü Dmitry Peskov-un «Rusiya heç vaxt heç kimi təslim etməyib, etmir və etməyəcək» bəyanatını da gözardı etmək olmaz. Ancaq Moskva rəsmiləri onu da bildiriblər ki, hər hansı ölkə Snowden-ə sığınacaq vermək qərarına gəlsə, həmin ölkənin Moskvadakı səfirliyinin maşınına neytral əraziyə daxil olmaq icazəsi verilə bilər.
XS
SM
MD
LG