Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:54

ABŞ Konqresində Azərbaycanda insan haqları və seçkilər müzakirə olundu


Konqresdə Azərbaycanla bağlı dinləmələr keçiriləcək
Konqresdə Azərbaycanla bağlı dinləmələr keçiriləcək
-


"Problemli tərəfdaş: Azərbaycanda artmaqda olan avtoritarizm". İyulun 16-da ABŞ Helsinki Komissiyasının Konqresdə keçirdiyi xüsusi dinləmələr belə adlanır. Dinləmələrin gedişindən reportaj daim yeniləndiyindən son çıxışlar mətinin əvvəlində verilib.

DİNLƏMƏLƏRİN GEDİŞİNİ TAM OLARAQ BURADA İZLƏMƏK OLAR . (Diqqət! Görüntülər videonun 20-ci dəqiqəsindən sonra başlayır)

AZƏRBAYCAN YOL AYRICINDA: DEMOKRATİYA VƏ TƏRƏQQİ, YOXSA AVTORİTARİZM VƏ TƏNƏZZÜL...

Dinləmələrin sonunda doktor Paul Carter tədbirin yekun sənədini oxudu. Sənəddə qeyd edilir ki, ABŞ Azərbaycan və onun xalqının dostudur. ABŞ-ın Azərbaycan hökuməti ilə çox sayda ümumi maraqları var: “Bu sıx əlaqələr bizim illərlə davam edən əməkdaşlığımızda çox önəmli faktor olub. Biz əlaqələrimizi daha da gücləndirmək istəyirik.

Bu gün burada da qeyd edildiyi kimi, şübhəsiz ki, Azərbaycan yolayrıcındadır. Bir yol demokratiya, iqtisadi tərəqqiyə, o biri yol isə avtoritarizm, korrupsiya və sonunda da iqtisadi durğunluq və tənəzzülə aparır.

Bu payızda keçiriləcək prezident seçkisi Azərbaycanın bu yollardan hər hansı birini seçməsində önəmli fürsət olacaq.

Bu seçkidə bütün namizədlərə heç bir qorxusuz, təqiblərsiz, azad kompaniya aparmaq, sərbəst hərəkət etmək imkanı verilməlidir.

Jurnalistlərin heç bir qondarma ittihamlarla həbs qorxusu, fiziki hücumlar, peyk yayımlarına maneələr olmadan olmadan seçki kompaniyasını azad şəkildə işıqlandırmalarına şərait yaradılmalıdır.
Azərbaycan yolayrıcındadır. Bir yol demokratiya, iqtisadi tərəqqiyə, o biri yol isə avtoritarizm, korrupsiya və sonunda da iqtisadi durğunluq və tənəzzülə aparır.

Qeyri-hökumət təşkilatları, dini qurumlar və vətəndaş cəmiyyətinin başqa elementlərinə hər hansı bürokratik, ya da hüquqi maneələr olmadan fəaliyyət şəraiti yaradılmalıdır.

Azərbaycan cəmiyyəti inanmalıdır ki, onun hökuməti hansısa kiçik bir qrupun deyil, şəffaf, hüquqi normalar çərçivəsində hamının maraqlarına uyğun şəkildə idarə edilir.

Bunlar Azərbaycan Respublikasının BMT-nin, ATƏT-in və başqa beynəlxalq təşkilatların üzvü olan bir dövlət öz üzərinə götürdüyü öhdəliklərdir”.

Sənəddə həmçinin Azərbaycanın bu fürsəti qiymətləndirərək qeyd olunan demokratiya və insan haqları normalarına təminat verəcəyinə səmimi inam ifadə olunur.

AZƏRBAYCAN DEMOKRATİYA GÖSTƏRİCİLƏRİ İLƏ AVROPAYA DEYİL, ÖZBƏKİSTANA DOĞRU GEDİR...

Milli Demokratiya Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy bildirdi ki, bir çox totalitar hökumətlər adətən müxalifəti xarici agentlər kimi təqdim edirlər. Eyni ittihamlar Rusiyada da var. Cənab Putin adətən deyir ki, ictimai fəal qeyri-hökumət təşkilatları xarici ölkələrin agentləridir. Təəssüf ki, buna bənzər ittihamlar Azərbaycanda da səslənir: “Biz İlqar Məmmədovu yaxşı tanıyırıq. O, nə İranın, nə də Rusiyanın agenti deyil. O, tər-təmiz siyasi məhbusdur.
Azərbaycan cəmiyyəti inanmalıdır ki, onun hökuməti hansısa kiçik bir qrupun deyil, şəffaf, hüquqi normalar çərçivəsində hamının maraqlarına uyğun şəkildə idarə edilir.

1990-cı illərin ortalarında Azərbaycan və Gürcüstan təxminən eyni vəziyyətdə idilər. O zaman Azərbaycan NATO-ya can atır, bu istiqamətdə gedirdi. İndi isə bu iki ölkənin arasında böyük fərq meydana gəlib.

Freedom House-un hesabatlarına baxsaq, Azərbaycanın demokratiya sahəsində göstəriciləri Gürcüstanda, ya da Avropaya deyil, təəssüf ki, Özbəkistana yaxınlaşır.”

MİLLİ ŞURA GAH RUSİYA, GAH QƏRB LAYİHƏSİ KİMİ TƏQDİM EDİLİR

Eldar Namazov vurğuladı ki, Rüstəm İbrahimbəyov Azərbaycanda daimi yaşayır və işləyir. O Azərbaycan Kinematoqrafçılar İttifaqının, Ziyalılar Forumunun sədridir, Bakıdakı İbrus teatrının rəhbəridir. Ona görə onu Azərbaycandan kənarda yaşayan şəxs kimi təqdim etmək çox böyük yanlışlıqdır.

Müxalifətin yeni yaratdığı Milli Şuranın Moskvaya bağlı olması barədə iddialara Eldar Namazovun cavabı belə oldu: “Hakimiyyət təmsilçiləri ABŞ-da, Qərbdə keçirdikləri görüşlərdə Milli Şuranı Rusiya layihəsi kimi təqdim edirlər.

Eyni zamanda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvaya, Tehrana səfər edib onları inandırmağa çalışır ki, Milli Şura qalib gəlsə, ölkəni Avropaya doğru yönəldəcək.
Azərbaycanın demokratiya sahəsində göstəriciləri Gürcüstanda, ya da Avropaya deyil, təəssüf ki, Özbəkistana yaxınlaşır.

Amma seçkilərin taleyi nə Moskvada, nə Tehranda, nə də burada Vaşinqtonda həll olunacaq. Azərbaycanda xalq özü seçkisini keçirib, səsinin arxasında duracaq və demokratik dəyişiklikləri həyata keçirəcək”.

ASİM MOLLAZADƏNİN RUSİYA BARƏDƏ NARAHATLIĞINA ABŞ-DAN CAVAB

Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirdi ki, hazırda Rusiya keçmiş sovet məkanı ölkələrindəki daxili siyasi proseslərdə fəal rol oynayır. Latviyada, Gürcüstanda seçkilərdə Rusiya vətəndaşları qalib oldular.

Eyni zamanda Azərbaycanda Hizbullaha bənzər qurumlar ABŞ-ın, İsrailin səfirlərini, Azərbaycandakı yəhudi icmasının təmsilçilərini öldürməyə cəhd etmələri barədə xəbərlər var. Eyni zamanda bu hücumları planlaşdıran adamlar siyasi məhbuslar siyahısındadırlar.

Millət vəkili ABŞ təmsilçilərindən soruşdu ki, Rusiyanın, Hizbullah kimi qurumların bu cür fəaliyyəti o deməkdirmi ki, ABŞ Azərbaycana dair maraqlarından vaz keçir? Putinin Sovet İttifaqını bərpa etmək planları barədə nə düşünürlər?

ABŞ təmsilçiləri isə qeyd etdilər ki, hər bir ölkədə dövlətin gələcəyi barədə yerli vətəndaşlar özləri qərar verirlər: “Xarici oyunçular kimi biz sadəcə onları doğru qərarlara həvəsləndirə bilərik. Onları daha demokratik, şəffaf peşəkar qərarlar vermələrinə yardımçı ola bilərik.
İlqar Məmmədovu yaxşı tanıyırıq. O, nə İranın, nə də Rusiyanın agenti deyil. O, tər-təmiz siyasi məhbusdur.

Azərbaycanın gələcəyi barədə də xalq özü qəbul etməlidir.

Böyük güclər bəzi hallarda necəsə təsir edə bilər. Amma sonunda hər şey xalqların özündən asılıdır.

Biz xalqların istədiyindən çox iş görə bilmərik. Azərbaycanda da biz əminik ki, xalq demokratiya istəyir. Buna əminik. Buna görə demokratiyanı müdafiə edirik.”

SİYASİ MƏHBUS VARMI, YOXMU?

Ramiz Yunus Səməd Seyidova sual verdi ki, Azərbaycanda nə qədər siyasi məhbus var?

Millət vəkili Səməd Seyidov isə bildirdi ki, Azərbaycan Avropa Şurasına daxil olanda onlara siyasi məhbuslar adlandırılan 716 nəfərin siyahısı verilib: "Onların hamısı azad edildi. Üstündən bircə ay keçmiş Azərbaycandakı bəzi qeyri-hökumət təşkilatları Avropa Şurasında daha bir 500 nəfərlik siyahı təqdim etdilər. Biz də Şuranın yeni üzvü olan gənc dövlət kimi onlara inandıq və onları da azad etdik. İkicə həftə sonra QHT-dən daha bir 500 nəfərlik siyahı gəldi.

Ona görə deyirəm ki, cənab Ramiz Yunus bizdə siyasi məhbus yoxdur".

AZƏRTAC FREEDOM HOUSE-UN HESABATINDAN ŞİKAYƏT EDİR

Azərtac-ın müxbiri Dövlət Departamentinin nümayəndəsindən soruşdu ki, Freedom House 2013-cü ilə dair hesabatında Azərbaycanı qeydi-azad ölkə adlandırır. Amma Ermənistanı, hətta işğal altında olan Qarabağı qismən azad kimi təqdim edir. Halbuki Ermənistanda 2008-ci ildə seçkidən sonra etiraz edənləri qırdılar.

ABŞ-ın maliyyələşdirdiyi qurum Azərbaycanın beynəlxalq aləmdə tanınmış işğal altındakı ərazilərində necə sorğu aparıb oradakı rejimin qismən azad olduğunu bəyan edir? Bu, başqalarını da ərazi işğalına sövq etmək demək deyilmi?
Azərbaycan Konstitusiyasının 100-cü maddəsi başqa ölkələr qarşısında öhdəliyi olanların prezidentliyə namizəd olmasını qadağan edir. Rüstəm İbrahimbəyov da hazırda Rusiya vətəndaşıdır. Ona görə hazırkı vəziyyətdə onun namizədliyi qeydə alına bilməz.

Cavabında Dövlət Departamentinin nümayəndəsi bildirdi ki, Freedom House müstəqil qurumdur. Federal dövlət orqanlarına aidiyyatı yoxdur:

"Biz onlara qrant veririk. Onların hesabatlarını redaktə etmirik. Bu, Freedom House-a ünvanlanası sualdır".

RÜSTƏM İBRAHİMBƏYOV RUSİYA PASPORTUNDAN İMTİNA EDİB

Rüstəm İbrahimbəyov ona sovet hakimiyyəti dövründən qalmış Rusiya pasportunu geri qaytardığını açıq-aydın bəyan edib. Bu barədə Rusiya dövlət orqanlarına müraciət edib. Rusiya qanunlarına görə də uzağı bir ay müddətinə onun vətəndaşlığına xitam veriləcək.

KONSTİTUSİYANIN 100-CÜ MADDƏSİ NƏ DEYİR?

Millət vəkili Səmədov Seyidov isə qeyd etdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsi başqa ölkələr qarşısında öhdəliyi olanların prezidentliyə namizəd olmasını qadağan edir. Rüstəm İbrahimbəyov da hazırda Rusiya vətəndaşıdır. Ona görə hazırkı vəziyyətdə onun namizədliyi qeydə alına bilməz.

Səməd Seyidov İlham Əliyevin 3-cü dəfə prezidentliyə namizədliyinin qanuna zidd olması barədə Erkin Qədirlinin fikirlərini isə onun şəxsi mülahizəsi adlandırdı.

O, vurğulayır ki, bir şəxsin 2 dəfədən çox prezident seçilə bilməsinə qoyulan qadağa Azərbaycan xalqının ümumxalq səsverməsi ilə aradan qaldırılıb, xalqın əksəriyyəti buna səs verib.

Millət vəkili hakim partiyanın adından bəyan etdi ki, hökumət seçkilərin azad və ədalətli keçirilməsini təmin edəcək.

RÜSTƏM İBRAHİMBƏYOVUN AZƏRBAYCANA DÖNÜŞÜNDƏ İKİ DƏFƏ PROBLEMLƏR OLUB

Eldar Namazov bildirdi ki, Rüstəm İbrahimbəyov hələ milli Şuranın prezidentliyə vahid namizədi olmazdan əvvəl iki dəfə Azərbaycana dönməsində problemlər yaradılıb.

O əlavə edir ki, İbrahimbəyovun namizədliyinin qeydə alınmasında hər hansı hüquqi maneə yoxdur. Amma hakim partiyanın təmsilçiləri hələ proses başlamamış, bəri başqadan bəyan edirlər ki, onun namizədliyi qeydə alına bilməz.

SUAL-CAVAB RÜSTƏM İBRAHİMBƏYOVDAN BAŞLADI

Senator Carter Azərbaycan səfirindən soruşdu ki, Rüstəm İbrahimbəyov Bakıya qayıdıb sərbəst şəkildə seçkilərdə iştirakına söz verilirmi? Səfir Elin Süleymanov bildirdi ki, onun qayıtması qarşısında hansısa maneələrin olması haqda heç nə bilmir, lakin Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır, qərar isə MSK verir.

Erkin Qədirli bildirdi ki, ReALın namizədi İlqar Məmmədovdur. Lakin söhbət İlham Əliyevin özünün namizədliyinin legitimliyindən gedir. Çünki 3-cü dəfə prezident seçilmək məhdudiyyəti aradan qaldırılanda o artıq prezident idi, qanunun geri qüvvəsi yoxdur.

ERKİN QƏDİRLİ: BİR AİLƏNİN HAKİMİYYƏTİ

ReAL nümayəndəsi Erkin Qədirli öz çıxışında Azərbaycan Demokratik respublikasını xatırlatdı. Dedi ki, cəmi 2 il ömür sürən bu dövlət dəyər və ideya ixrac edirdi. 4 dəfə hökumət dəyişib, koalisiyalar dağılıb və yenidən yaradılıb. İndi isə kiçik fasilə ilə 30 ildir eyni ailə hakimiyyətdədir. ADR-in baş naziri istefadan sonra hökumətdən
maddi yardım istəyirdi. İndiki hakimiyyət üzləri isə böyük sərvət sahibidir.

SƏMƏD SEYİDOV QARABAĞ HAQDA DANIŞIR

Səməd Seyidov öz çıxışına dinləmələrin mövzusunun və aparıcının mövqeyinin tənqidi ilə başladı. Dedi ki, Azərbaycanda insan haqları haqda Qarabağ problemindən kənarda danışmaq düzgün deyil.

Eldar Namazovun çıxışını misal gətirərək dedi ki, müxalifətin birləşməsi elə Azərbaycan rəsmilərinin siyasətinin nəticəsidir ki, müxalifətə belə şərait yaradır.

Azərbaycanda müxalifətin Molotov kokteylindən istifadə etməyini xatırladan Seyidov bildirdi ki, Azərbaycandan Avropa məhkəməsinə olan şikayətlər İngiltərə, Rumıniya və sair Avropa ölkələrindən olan şikayətlərdən qat-qat azdır.

DİNLƏMƏLƏR BAŞLADI

ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə müavininin köməkçisi Thomas Melia öz çıxışında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun bəyanatını xatırladıb Azərbaycan rəsmilərini azad və sərbəst prezident seçkilərinin keçirilməsinə çağırdı. Öz çıxışında Azərbaycan dilində "dostlar pərdəsiz danışar" ifadəsini işlətdi.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanda demokratik islahatların keçirilməsi haqda danışdı. Ölkədə məhkəmə sistemində islahatların keçirildiyini, sərbəst toplaşma azadlığının mövcudluğunu dedi.

Milli şuranın nümayəndəsi Eldar Namazov Azərbaycan prezidentinin korrupsiyada birbaşa əli olduğu haqda faktların mövcudluğunu deyərək, prokurorluğun belə faktları araşdırmadığını dedi. O, həbsdə olan NİDA üzvlərinin müraciətindən sitat gətirdi. Onlarla adamın həbsdə olduğunu dedi. Milli şuranın 3 xahişini səsləndirdi:

- Azərbaycan məmurlarına Magnitsky sanksiyasına bənzər tətbiq edilməsi.

- Seçkiqabağı şəraiti liberallaşdırmaq üçün rəsmiləri öhdəliklərinə sadiq olmağa çağırmaq, siyasi məhbusları azad etmək.


DİNLƏMƏLƏR HAQDA

"Problemli tərəfdaş: Azərbaycanda artmaqda olan avtoritarizm". Bu gün ABŞ Helsinki Komissiyasının Konqresdə keçirdiyi xüsusi dinləmələr belə təqdim olunur.

Müzakirələr zamanı əsas diqqət ölkədə seçkiqabağı vəziyyətə yönəlib.

Dinləmə barədə məlumatda qeyd edilir ki, «ABŞ və Azərbaycanın ümumi maraqları var, energetika və regional təhlükəsizlik də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Lakin Azərbaycanda hazırkı siyasi durumla bağlı narahatlıq artır».

Həyəcanlı tendensiyalar hədə-qorxu və həbsləri, jurnalistlərə, hüquq müdafiəçilərinə qarşı zorakılığı, QHT-lərin qeydiyyatının sərtləşdirilməsini, İnternetdə qanunverici məhdudiyyətləri (böhtana görə cinayət məsuliyyəti də daxil olmaqla), toplaşma azadlığına məhdudiyyətləri, etiraz aksiyalarının dağıdılması üçün güc tətbiqini, nümayişçilərin həbsini, ədalətsiz məhkəmələri, özbaşına və siyasi motivli həbsləri, uzunmüddətli ibtidai həbsləri, icra hakimiyyətlərinin məhkəmə proseslərinə müdaxilələri əhatə edir».

Dinləmələrdə ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə müavininin köməkçisi Thomas Melia, ReAL hərəkatının nümayəndəsi Erkin Qədirli, Milli Demokratiya Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və başqaları iştirak edir.

Dinləmələrdə rəsmi Bakını millət vəkili Səməd Seyidov Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov təmsil edir.

Müzakirəyə Demokratik islahatlar partiyasının sədri, millət vəkili Asim Mollazadə də qatılıb.
XS
SM
MD
LG