Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:38

Cavanşir Quliyev: "Hökumət fəxri adla, evlə, prezident rüşvətiylə sənətçiləri özünə bağlayıb"


Cavanşir Quliyev
Cavanşir Quliyev
-

A.X.Əbilov:

- Cavanşir bəy, məni təhqir etməyin... A kişi, bir dəqiqə, mən səni təhqir edirəm? Tanınmış adamın biri də sən. Səninlə İlhamə Quliyeva arasında nə fərq oldu?


İlqar Cahangirov:

- Bu gün 5 əməkdar artistin 4-ü əmək sərf etmir, əmək sərf edənlərin adı da çəkilmir. Nə cür alırlar? Verirlər, alırlar.



Azərbaycanda "xalq artisti" yalnız bu ada layiq olan sənət adamlarına verilir, yoxsa kimə gəldi paylanır?

Azadlıq Radiosunun "Pen klub" proqramındakı debata bəstəkar Cavanşir Quliyev, əməkdar artist İlqar Cahangirov, kulturoloq Aydın Xan Əbilov və Kulis.az saytının mədəniyyət müxbiri Aliyə qatıldılar. Canlı efirə kulturoloq Elmir Mirzoyev də zəng etdi.

AYDIN XAN ƏBİLOV: “10 İLƏ 60 XALQ ARTİSTİ ÇOX DEYİL”

Şahnaz Bəylərqızı:

- İlham Əliyev 10 illik prezidentliyi dövründə 60 nəfərə xalq artisti fəxri adı verib. Bu fəxri ad yaranandan – 1928-ci ildən bəri ona 200-ə yaxın sənət adamı layiq görülüb. Maraqlıdır ki, bunun təxminən üçdə biri İlham Əliyevin hakimiyyəti dövrünə düşür.

Aydın Xan Əbilov:

- On ilə 60 adama bu ad verilib. Fikirləşmirəm ki, bu çoxdur. Çünki son on ildə Azərbaycan əhalisinin sayı da artıb.

Şahnaz B:

- Amma belə fikir var ki, əvvəllər bu ad say-seçmə sənətkarlara verilirdi. Son illər ucdantutma hər kəsə verilir.

A.X.Əbilov:

- Mübahisəli fikirdir. Belə deyim var ki, gözləyirik ki sənətkar ölsün, sonra ad verilsin, təriflənsin. Məncə, fəxri adlar sənətçinin yaradıcılığının çiçəkləndiyi vaxtda verilməlidir. Amma sözsüz ki, ad verilərkən seçim olmalıdır, kriteriyalar olmalıdır. Müəyyən edilməlidir ki, bu fəxri ad onun sənətinə görə verilir, yoxsa şəxsiyyətinə, cəmiyyətin xeyrinə çalışdığı üçün? Tutalım, xoşməramlı səfirlər var. Məncə, Azərbaycanda da fəxri ad veriləndə sənətkarın yaradıcılığı ilə yanaşı ictimaiyyətə verdiyi xeyir, ictimai düşüncəyə etdiyi təsir nəzərə alınmalıdır. Kimsə xalq artisti adı alandan sonra itib gedirsə, yaradıcılıqla məşğul olmursa, cəmiyyətə xeyir vermirsə, bu adı verməyin nə mənası var? Amma baxın dünyada necədir? Xoşməramlı səfir kasıb ölkələrə, münaqişə bölgələrinə gedərək bəşəriyyətin bir növ elçisi olur, insanları sülhə dəvət edir.

Ş.Bəylərqızı:

- Xalq artistinin onda missiyası nədir? Bir də o bu adı yaradıcılığına görə alır.

A.X.Əbilov:

- Xalq artistinin də, əlbəttə, ictimai missiyası olmalıdır. Keçimişdə Zeynəb Xanlarova, Rəşid Bebudov və başqa korifey sənətkarlarımız bu fəxri adları sənətlərinə, etdikləri yeniliklərə görə alırdılar. Eyni zamanda da, cəmiyyətin lazımlı adamına çevrilirdilər. Onlar xalq artisti olmaqla yanaşı həm də deputatıydılar. İndisə vəziyyət fərqlidir. Təssüflər olsun ki, xalq artisti adı alanlar bunu biznesin bir hissəsinə, qalmaqala çevirirlər. Bu adı alanlar özlərini aparmağı bacarmalıdırlar. Ona görə onlardan çərçivə tələb olunur. Xalq artistisən deyə qırmızı işıqda keçməlisən, qanunları pozmalısan, vergi verməmilisən? Və ya xalq artisti kimi istəyir təhqir etməlidir? Bu mənada onların davranışından tutmuş ictimai missiyasına qədər çərçivə olmalıdır.

Aydın Xan
Aydın Xan


ALİYƏ: “DÖVLƏT XALQ DÜŞMƏNİ ADI DA VERİRDİ”

Aliyə:

- Mən düşünürəm ki, son zamanlar fəxri adların verilməsi hallarının artması meyarın pozulmasına gətirdi. Elə adamlara fəxri adlar verildi ki, düşündülər başqalarına niyə verməsinlər. Amma mən xalq artisti adının verilməsinin əleyhinəyəm. Dövlət “xalq düşməni” adı da verirdi, kimisə düşmənlikdə ittiham edirdi. Eyni zamanda da kiməsə xalq yazıçısı, şairi adı verilirdi. Bu da müəyyən çərçivələr yaradlır. Sovet dövründə az adamlara fəxri ad verilirdi, çərçivə vardı, davranışında nümunəvi olanlara belə ad verilirdi. Məsələn, Vısotski xalq artisti adı almadı, ölümündən sonra dövlət mükafatı verildi ona. Müəyyən çərçivələr nəzər alınırdı. Ümumiyyətlə, fəxri ad dövlətdən asılılq yaradır, rıçaq rolunu oynayır, bəziləri özünü səlahiyyətli hiss edir.

Ş.Bəylərqızı:

- Nə cür asılılıq yaradır?

Aliyə:

- Məsələn, götürək teatrları, hamısı dövlət teatrıdır, hamısı da istədi-istəmədi dövlətdən asılıdır. Müstəqil yaradıcılıq birlikləri, müstəqil yaradıcılıq ocaqları olsa, o zaman onlar özləri qiymətləndirmə, mükafatlandırma apara bilər. Bu da sərbəst mühit yaradar.

İlqar Cahangirov
İlqar Cahangirov


“MƏN AZƏRBAYCANIN XALQ ARTİSTİ YOX, DÜNYANIN AKTYORU OLMAQ İSTƏYİRƏM”

İlqar Cahangirov:

- Rəşid Behbudovla Raç Kapurun məşhur görüşü haqda hamı eşidib. Rəşid Behbudov deyir ki, SSRİ xalq artisti, dövlət mükafatı laureatı, Azərbaycan xalq artistiyəm, sayıb, sayıb… Qurtarandan sonra Rac Kapur deyib ki, milyoner Rac Kapur. Mən Aliyə xanımla razıyam. Yəni bu adlara ehtiyac yoxdur. Sən yaradıcı şərait yarat, teatrları çoxalt, ev ver, 20 il kirayədə qalan aktyorlar var. Mənə elə gəlir ki, fəxri ad həqiqətən də asılılqdır. Mən Azərbaycanın xalq artisti yox, dünyanın aktyoru olmaq istəyirəm. O ad verilməsə, xalq artisti olmayacaq ki? Bazarlarımız böyüdükcə, “Sədərək”, “Binə” böyüdükcə adlar da bazar şəklinə düşüb. Ən çox fəxri adlar 2002-ci ildə verilib, biz də onda almışıq. Amma məncə, fəxri addan çox aktyora yaradılan şərait, məvacibi daha önəmlidir.

A.X.Əbilov:

- Bura Azərbaycandır, keçid dövrü qurtarmayan ölkədir. Burda - kapitalizmin oturuşmadığı cəmiyyətdə Avropada, Amerikada, lap elə Türkiyədə, Rusiyada olduğu kimi sənətə, yazarlığa o qədər əhəmiyyət və qiymət verilmir. Söhbət ictimaiyyətdən, vətəndaşlardan gedir. Ən yaxşı tamaşaya belə tamaşaçı getmirsə, sözsüz ki, o teatr iflasa uğrayacaq. Bu iflasın qarşısını almaq üçün dövlət həmin mexanizmləri fikirləşib, yəni rəsmi adlar, təqaüdlər, müəyyən ad və təqaüd alanlara ev verilməsi… Dövlət çox yaxşı anlayır ki, sənətçilərin vəziyyəti ağırdır. Düzdür, yazıçı olaraq düşünürəm ki, aktyorların vəziyyəti bizdən daha yaxşıdır. Məsələn, İlqar yaşda məndən balacadır, sənətə də məndən sonra gəlib, amma fəxri ad alıb.

İ.Cahangirov:

- Özümü yaxşı aparsaydım xalq artisti adı da alardım.

“A BALAM, NİZAMİNİN KƏNDİ OLUB, ŞAHLARIN SİFARİŞİ İLƏ YAZIB, HƏTTA EVLƏNMƏK ÜÇÜN “İMPORTNI” XANIM GÖNDƏRİBLƏR”

A.X.Əbilov:

- Bizim tanınmış yazıçılar var ki, tamaşaları qoyulur, amma ad verilməyib, işsizdilər, vəziyyətləri ağırdır… Onlar deyəndə ki, niyə yazıçılara fəxri ad vermirsiz, bəzi məmurlar ağız büzürlər: “Nizaminin adı olub?” A balam, Nizaminin kəndi olub, sifarişlə yazıb-yaradıb, şahlar onla çoxlu pul veriblər. Hətta evlənmək üçün ona gözəl xanım da göndəriblər, “importnı” xanım göndəriblər, nəinki yerli. Bu nə baxışdır? Biz neyləyək? Yazıçı və ya aktyor öz məhsulunu kimə versin? Cəmiyyətin 90 faizi bazar adamıdır, teatr nə olduğunu bilmir, kitab oxumur. Biz İlqara xalq artisti, dünya artisti adı verərirk, BMV verərik sürər, amma teatra gələn yoxdursa, bunun nə mənası? Amma bu da olmasa, cəmiyyət tamam pozular. Avropa ölkələri dəlidirmi teatra bu qədər pul ayırır? Dövlət vermir, ancaq iş adamları fondlara pul ayırır. Aktyor filmə çəkilir, bir milyonu hazırdır. Bizdə sivil kreativ bazar yoxdur. Ona görə də hələlik bu adlar qalmalıdır.

İ.Cahangirov:

- Amma Avropada da İtaliyanın xalq artisti, İspaniyanın xalq artisti yoxdur da…
Aliyə
Aliyə

A.X.Əbilov:

- Amma kreativ bazar var. Siz bir serialda çəkilib 100 min alsanız 100 il də qalsa xalq artisti sizə lazım deyil.

İ.Cahangirov:

- Ehtiyac yoxdur.

Ş.Bəylərqızı:

- Sizə əməkdar artist adı verilib, bu sizə hansısa üstünlük verirmi?

İ.Cahangirov:

- Bu ada görə 30 manat alıram. Xalq arrtisti 50 manat alır.

A.X.Əbilov:

- Az deyil ki…

Ş.Bəylərqızı:

- Sizcə, 50 manat stimul yaradırmı?

A.X.Əbilov:

- Teatrda nə qədər maaş alırsız?

İ.Cahangirov:

- 220 manat.

A.X.Əbilov:

- (Gülərək) 220 manatın müəyyən hissəsidir də 30 manat. Olmayan yerdə xərcləmək olar.

İ.Cahangirov:

- Bir vaxt söz gəzdi ki, təqaüdləri yığışdıracaqlar, əməkdar artistlərə 500 manat, xalq artistlərinə 1000 manat verəcəklər. Amma nəsə baş tutmadı. Bir aktyora 5 il, 6 il təqaüd verilir, amma aktyor var ki, ondan çox yükü var, zəhmət çəkir, ona illərlə vermirlər. Bu gün 5 əməkdar artistin 4-ü əmək sərf etmir, əmək sərf edənlərin adı da çəkilmir. Nə cür alırlar? Verirlər, alırlar. Bazara çeviriblər! Qıraqda, çayxanada, içəridə hamı deyir ki, buna bax, fəxri ad aldı, o biri deyir ki, məlumdur niyə veriblər. Amma heç kim bunu üzə çıxarmaq istəmir, mübarizə aparmır.

“YƏNİ DÖVLƏT SƏNƏTKARA DEYİR Kİ, BAŞIAŞAĞI OLSAN, ARTIQ-ƏSKİK DANIŞMASAN SƏNƏ BU KONFETİ VERƏRƏM”

Cavanşir Quliyev:

- Bolşeviklər fəxri adları sənətkarları əldə saxlamaq üçün düşünmüşdülər. Yəni dövlət sənətkara deyir ki, sən başıaşağı olsan, artıq-əskik danışmasan, sənə nə zamansa bu konfeti verə bilərəm. Sənətkar da başqa yolu omadığı üçün buna uyurdu. Amma indi azad dövlətdə bunun davam etməsi bir az müəmmalıdır. Bizim sənətkarlar şikayətçidir, şikayət də sənətdən deyil, hamısı deyir ki, kimsə ad aldı, kimsə almadı, kiməsə verdilər… Bizim sənət adamlarının təəssüf ki, bir çoxu nəyin bahasına olur-olsun fəxri ad almaq niyyəti ilə yatıb-durur, bu, xəstəliyə çevrilir və sənət qıraqda qalır. Ona görə də nə tamaşalarımızda, nə kinomuzda, nə musiqimizdə keyfiyyət var. Mən fəxri adın əleyhinəyəm. Bu adı alandan sonra 90 faizi heç nə etmir. Fəxri ad siyasi bir şeydir. Xüsusilə indiki Azərbaycanda bütün fəxri adları, ordenləri, imtiyazları, qısası bu konfetləri hökuməti, siyasi rejimi dəstəkləyən, ən azından əleyhinə çıxmayanlara, yerində sakit oturanlara verirlər. O üzdən də sənətkarlar hakimiyyətə bağlıdırlar. Fəxri adlarla hakimiyyət onları idarə edir. Tək-tük sənətkar ölkənin həyatı, ictimai-siyasi vəziyyətlə bağlı müstəqil fikir deyir. Hökumət fəxri adla, evlə, prezident rüşvətiylə onları özünə bağlayıb. Mən bu adların əleyhinəyəm. İkincisi, xalq artisti adı verməklə onun keyfiyyəti dəyişir? Mən o qədər xalq artistinin adını deyərəm ki, tanımazsınız.

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


“MAYKL CEKSON AMERİKANIN XALQ ARTİSTİ İDİ?”

Ş.Bəylərqızı:

- Amma Cavanşir bəy, sizdən öncə Aydın Xan Əbilov dedi ki, Azərbaycan keçid dövründədir, sənətə, sənətkara qiymət qoyulmur, kreativ bazar yoxdur, buna görə də belə fəxri adlar, bunun üçün verilən 30, 50 manat da stimul yaradır. Bu cür arqumentlərə münasibətiniz?

C.Quliyev:

- Mən bu arqumentləri qəbul etmirəm. Qardaşım, sənətini icra elə, pulunu al, qazan. Bunun dünyada bircə yolu budur. Ay stimul, ay sənətə qayğı... Niyə sənətə qayğı olmalıdır, çilingərə olmamalıdır? Sənətkara dəyər verilmirsə, deməli, dəyəri yoxdur. Süni olaraq, yalvarmaqla fəxri ad alıb döşünə taxıb gəzmək ki, mən dəyərliyəm, bu mənim razılaşmadığım şeydir. Maykl Cekson Amerikanın xalq artistiydi? Ona dəyər vermirdilər? Elə verirdilər, konsertini verir, pulunu alırdı. Dəyər budur.

A.X.Əbilov:

- Bizim gözəl bəstəkarımız öz fikirlərini söylədi. Əlbəttə, onun mövqeyinə hörmət edirəm. Amma öz fikrimdə qalıram ki, Azərbaycanda kreativ bazar olmadığına görə, yaradıcı insanlar yaratdıqları əsərlərdən pul qazana bilmədiklərinə görə mən bu formatın tərəfindəyəm. Amma belə götürək, insan ruhən azaddırsa, həbsxanada da azad olacaq, xalq artisti adı alanda da.

Ş.Bəylərqızı:

- Cavanşir bəy dedi ki, müxalif fikirli sənətçilər belə adlardan kənarda qalırlar.

A.X.Əbilov:

- Bu başqa problemdir. Bu hansısa məmurun dar düşüncəsindən irəli gəlir. Fəxri adlarla bağlı sərəncamı cənab prezident imzalayır. Məgər o həmin adamların hamısını bir-bir tanıyırmı? Məsələn, İlqarı tanıyırmı? Tanımır. O işə məsul məmurlar siyahını hazırlayırlar. İlqar bəy dedi ki, kimlərsə bunu bazara çevirib. Məndə belə fakt yoxdur, amma ola bilər, hansısa məmur bunu bazara çevirsin, kimisə çağırsın ki, bu qədər ver, ad verək, istisna deyil. Amma nazir və ya prezident bunların hamısını bir-bir yoxlaya bilməz. Buna görə də kriteriyalar olmalıdır. Ayrıca Mədəniyyət Şurası və ya prezident yanında Fond olmalıdır, sırf məmurlardan kənar hadisə olmalıdır.

CAVANŞİR QULİYEVLƏ AYDIN XAN ƏBİLOVUN DEBATI

C.Quliyev:

- Özünə kulturoloq deyən gənc adam deyəsən, iqtidarın təbliğatçılarındandır. O qədər yanlış şeylər danışır, deyir ki, prezident əməkdar artistləri tanımır. Tanımırsa, niyə imza atır? Hər kəs öz imzasının məsuliyyətini daşımalıdır. Azərbaycanda elə qanun yoxdur ki, prezidenti imzasından azad etsin. İkincisi, görünür, o cavan oğlanın xəbəri yoxdur fəxri adlar necə verilir. Onun dediklərini hamısı cəfəngiyyatdır.

A.X.Əbilov:

- Cavanşir bəy, məni təhqir etməyin... A kişi, bir dəqiqə, mən səni təhqir edirəm? Tanınmış adamın biri də sən. Səninlə İlhamə Quliyeva arasında nə fərq oldu? Niyə məni təhqir edir, dediklərimi cəfəngiyyat adlandırırsız? Siz məni tanıyırsız? Mən sənə hörmət etdim. Amma sən yaşından, nüfuzundan istifadə edib məni təhqir edirsən. Elə etməyin mən də sizə qaytarım.

C.Quliyev:

- Adam bir az tərbiyəli olar.

A.X.Əbilov:

- Gördük də sizin tərbiyənizi. Əgər siz onu danışdırırsızsa, mən gedirəm. (Studiyanı tərk edir).

C.Quliyev:

- Görünür, mən doğru demişəm ki, partladı. O adam fəxri adların necə verildiyini bilmir. İkincisi, deyir ki, adlarla bağlı komissiya yaradılsın. Bu komissiyalar Sovet İttifaqını yıxdı. İkincisi, bu komissiyaya kim daxil olacaq? Aydın bəymi? Mən çox şübhə edirəm onun sənət anlayışına. Çox görüşmək istərdim onunla, baxım görüm, sənət anlayışı nə dərəcədədir. Onun fikirləri siyasi lektorun danışdıqlarını xatırladır. Sənətlə əlaqəsi yoxdur. Özü də partlamağa ehtiyac yoxdur. Mən sizi təhqir etmədim. Sizin mövqeyi qəbul etmədim. Siz niyə sovet qaydalarını dəstəkləyirsiz? Bu köhnə üsuldan əl çəkin. Komissiya yaransa, yenə eyni şey olacaq.

Elmir Mirzoyev
Elmir Mirzoyev
ELMİR MİRZOYEV: “TOTALİTAR REJİMİN ANAXRONİZMİ”

Elmir Mirzoyev:

- Bu, aktual mövzudur və görünür, buna görə, belə mübahisələr baş verir. Bu adlar əslində totalitar rejimin anaxronizmi kimi qalmaqdadır. Bizim cəmiyyət totalitar rejimdən çıxıb. Totalitar rejim odur ki, cəmiyyətin bütün sahələri istisnasız xüsusi ideologiya ilə tənzimlənir. Bu, mədəniyyətdən yan keçə bilməzdi. Ona görə də xalqa və əməyə apellyasiya edilən bu cür adlar düşünülmüşdü. Məsələn, xalq artisti... Dedim ki, bu adlar totalitar keçmişimizin anaxronizmidir. O demək deyil ki, indiki cəmiyyətimiz moderndir. Yox. Modern olmadığından bu adlar sovetdəki siyasi ideoloji yükünü itirərək məişət səviyyəsində idarəetmə üsuluna çevrilib. İyrənc hal alıb, İlqar bəy demişkən bazara çevrilib. İyrənc simbiozdur, burda incəsənətdən danışmağa yer qalmır.

İ.Canahgirov:

- Mən Gürcüstanda olanda dedilər ki, son 10 ildə orda fəxri ad verilmir, bu ənənə yığışdırılıb. Ona görə də Gürcüstanda teatr var, mədəniyyət inkişaf edir, xalq kreativdir. Bu adlar lazım deyil. Sənət azad olmalıdır, qurtardı getdi...

Debatı tam izlə
XS
SM
MD
LG