Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 01:29

Adi vətəndaşın ev almaqlığı


Bakıda yeni tikili
Bakıda yeni tikili
-
Bu günlərdə dövlətin jurnalistlərə pulsuz-parasız mənzil verməsi və dövlət başçısının deməsi ki, jurnalistlər maaşları ilə mənzil ala bilməzlər, bir məsələni gündəmə çıxardı: Aylıq maaşı, aşağı-yuxarı, 500-600 manat olan jurnalist öz gücünə mənzil ala bilmirsə, bundan da aşağı məvacibi olan müəllim, həkim çalışanlar, kitabxanalarda, kommunal xidmətlərdə və s. sahələrdə işləyənlər neyləsin? Və ümumiyyətlə, ölkədə orta aylıq maaş 400 manatdırsa, adi vətəndaş bu qazancla harada və necə ev alsın?

MAAŞI AYLIQ MƏNZİL KREDİTİNDƏN 2 DƏFƏ AZ OLAN MÜƏLLİM

Cavidan Kərimli müəllimdir, aylıq gəliri 450 manatdır. Bu yaxınlarda mənzil alıb – şəhərin mərkəzindən 10 km aralıda – «Həzi Aslanov» metrosunun yaxınlığında. Deyir ki, burada mənzilin 1 kv.metri bir neçə ay öncə 500-600 manat olub və mənzili ona 51 min manata satıblar. Amma bu məbləğə də gücü çatmadığından bankdan kredit götürməli olub:

«Biz hər ay bu mənzil üçün 890 manat ödəyirik. Bu, 450 manat maaşla, təbii ki, mümkün deyil. Pulu vaxtlı-vaxtında ödəməkdə mənə valideynlərin kömək edir. Yəni, üç adamın maaşı hesabına bu evin kreditini ödəyə bilirik. Ev təmirsiz bu qiymətədir. Hələ evin pulunu ödəyəndən sonra yenə də bankdan pul götürməli olacağıq ki, təmir edək».

Ev alqı-satqısı ilə məşğul olan Eynulla Süleymanov Bakıda əksəriyyətin ya Cavidan kimi banka borclanma hesabına, ya da dədə-baba mülkünü satmaqla ev aldığını deyir. Ümumi alıcılıq səviyyəsinə gəlincə, burada da azalma gözə dəyir:

«Satan çox, alan yox. Qiymətlər çox yüksəkdir. Çoxu kirayə ev axtarır. 5-6 aya bir ev satıla, ya satılmaya.
5-6 aya bir ev satıla, ya satılmaya.
5-6 aya bir ev satıla, ya satılmaya.
​Əhalinin 90 faizinin gücü çatmır ki, ev-eşik sahibi olsun».

Mənzil dəllalı Baba İsmayılovun dediyinə görə, müştərilərinin çoxu ya ipoteka krediti ilə ev alanlardır, ya da kv.metri 500 manata olan mənzil axtaranlar:

«Təzə tikililərdə ev alanların əksəriyyəti ipoteka krediti hesabına alır. Camaatda pul yoxdur ki, baha qiymətə ev alsın. Mən bir ildir ki, 1-2 ev sata bilməmişəm. 5 il əvvəl aya 2-3 mənzil satılırdı».

ƏMLAK AGENTLİYİ: «MƏNZİLLƏR 15 FAİZ BAHALAŞIB»

«MBA» daşınmaz əmlak agentliyinin araşdırmasına görə, Bakıda ötən ilin eyni dövrü ilə müqayisədə mənzillər 15 faiz bahalaşıb. İndi şəhər mərkəzindəki yeni tikililərdə təmirsiz mənzilin 1 kv.metri 2 min 500-4 min manat arasında, köhnə tikililərdə təmirli mənzilin 1 kv.metri 1300 manat civarındadır. IV zona hesab olunan şəhərətrafı ərazilərdə mənzil almaq istəyənin hər kvadrata görə azı 800 manatı olmalıdır. Agentliyin açıqlamasına əsasən, mənzil bazarında bu ilin sonunadək daha 7-8 faiz qiymət artımı gözlənilir. Məsələn, vətəndaş 50-60 min manata mərkəzdən 10 km aralıda təmirsiz 100 kv.metr mənzil ala bilirsə, qonşu Türkiyədə bu məbləğə paytaxtın nisbətən mərkəzə yaxın ərazisində təmirli mənzilə sahib olmaq mümkündür.
Nüsrət İbrahimli
Nüsrət İbrahimli

MƏNZİL NİYƏ BAHADIR?

Bəs vətəndaşının orta aylıq gəliri Türkiyə vətəndaşından azı 2 dəfə aşağı olan Azərbaycanda bu bahaçılığın səbəbi nədir? Niyə mənzil almaq bu qədər əlçatmazdır? Ekspertlərə görə, səbəblər nə birdir, nə iki. Bakıda torpağın qiymətinin həddən artıq baha olması, qeyri-leqal vergilər, yəni rüşvət, bazarda rəqabətsizlik, tikinti şirkətlərində investisiya dayanıqlılığının yoxluğu və s. mənzilin qiymətini ərşə qaldırır.

ÇIXIŞ YOLU NƏDİR?

Çıxış yolu nədir? «MBA» daşınmaz əmlak agentliyinin rəhbəri Nüsrət İbrahimli deyir ki, inzibati yolların təsiri olmayacaq, bazara sosial təyinatlı əlavə mənzillər çıxarılmalıdır:

«Bazarda bu gün təmirsiz və kv.metri 1000-1200 manata biznes təyinatlı mənzillər satılırsa, eyni ərazidə şəhər icra hakimiyyəti və ya müvafiq bələdiyyə orqanları tender keçirib bina tikə bilər. Həmin binadan həm icra hakimiyyətində növbəyə duranlara güzəştli qiymətlə ev vermək, həm də kommersiya məqsədilə mənzil satmaq mümkündür. Bu, bazarda qiymətlərin tənzimlənməsinə də kömək edər, ev növbəsində duranlar da ev alar. Üstəlik, həmin ərazidə tikilən evlərin şəhərin baş planına uyğun olub-olmaması da gözdən qaçmaz. Alıcılıq qabiliyyətini artırmaq üçün bank faizlərini aşağı salmaq, insanların məşğulluğunu artırmaq, maya dəyərinin şişirdilməməsinə nəzarət etmək də qaçılmaz sayılmalıdır».

Jurnalistlər üçün tikilən bina
Jurnalistlər üçün tikilən bina
«HÜQUQ BƏRABƏRLİYİNƏ SARSIDICI ZƏRBƏ»

Dövlət hesabına tikilən və bu günlərdə jurnalistlərə paylanan mənzillərə nəzər salanda, biznes təyinatlı evlərə rəqibin olmamasının nəticəsini görürsən. Sən demə, qiymətə təsir etməli olan binaların özü də heç də ucuz başa gəlmir. Jurnalistlər üçün binanın inşasına 22 milyon manat xərclənib, yəni bir təmirli mənzil təxminən 120-150 min manata başa gəlib. Qəribədir ki, həmin ərazidə satılan başqa və oxşar mənzillər də eyni qiymətə satılır. Binanın ərazisinə pul verilməyibsə və bu baxımdan xeyli vəsaitə qənaət edilibsə, qiymətlər arasındakı eynilik və ya bənzərliyi necə əsaslandırmaq olar?

Mənzillərin jurnalistlərə pulsuz verilməsi başqa bir sual da doğurur: Niyə jurnalistə yaradılan bu imkan müəllimə, həkimə, mühəndisə və cəmiyyətin inkişafına təkan verən digər peşə sahiblərinə yaradılmır?

Elə 450 manat maaşla öz gücünə ev almağın mümkünsüz olduğunu deyən Cavidan Kərimli də düşünür ki, belə bir meyl varsa, onda müəllimə də pulsuz ev verilməlidir. Ekspertlərin fikrincə, mənzillərin pulsuz verilməsindəki ayrı-seçkilik təkcə bazara mənfi təsir göstərmir, həm də cəmiyyətdə ədalət prinsipinə, hüquq bərabərliyi anlayışına sarsıdıcı zərbə vurur.
XS
SM
MD
LG