Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:30

Rasim Musabəyov: «Bizə dədəlik iddiasında olan qurum...»


ATƏT
ATƏT
-
Beş aydan sonra ATƏT-in Bakı Ofisini Layihə Koordinatoru əvəzləyəcək. Bakı ofisinin rəhbəri Koray Targay deyir ki, hazırda işlərində dəyişiklik yoxdur:

«...Azərbaycanın istəklərinə cavab verən bir qərar qəbul olundu. İndi o qərar çərçivəsində anlaşma memorandumu təsbit ediləcək. Yalnız bundan sonra Bakı Ofisimizin yeni fəaliyyət istiqamətləri müəyyənləşəcək».

YENƏ ÖHDƏLİKLƏRƏ HÖRMƏT ÇAĞIRIŞI

Bu ilin martında Azərbaycan ATƏT rəhbərliyindən hazırkı statusun dəyişdirilməsini istəyib. Ancaq ABŞ-ın ATƏT-dəki missiyası indiki mandatın saxlanmasına, Azərbaycanın öhdəliklərinə əməl etməsinə çağırırdı. İyulun 26-da da missiya həmin öhdəlikləri bir daha xatırlatmışdı:

«İstənilən əsl demokratik dövlətin əsasını hüququn aliliyi, insan haqları və sərbəst toplaşma, birləşmə və ifadə azadlığı kimi əsas azadlıqlara hörmət təşkil edir. Biz ATƏT nümayəndəliyinin bu üç sahə üzrə və ofisin hazırkı və gələcək mandatına uyğun olaraq Azərbaycan cəmiyyətinin tam spektri ilə işləməsini Azərbaycan hökumətinin təmin edəcəyini gözləyirik».

Bakı Ofisinin sözçüsü Rəşad Hüseynov AzadlıqRadiosuna deyir ki, ATƏT ölkədə hər üç ölçü (siyasi-hərbi, iqtisadi və ətraf mühit və insan haqları) üzrə fəaliyyətini davam etdirəcək:

«Qurum hökumət orqanları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq şəraitində ölkədə demokratik islahatlara töhfəsini davam etdirəcək. Layihə Koordinatorunun detalları ATƏT-lə hökumət arasında razılaşdırılacaq anlaşma memorandumunda əksini tapacaq».

Bəzi müşahidəçilər ATƏT-in müstəqilliyinin azalacağını düşünür. Bu fikir Layihə Koordinatoruna öz fəaliyyətini XİN-lə razılaşdırmaq tələbindən doğur. Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT sədrinə məktubunun bir bəndi bu barədə idi.
Rasim Musabəyov
Rasim Musabəyov

«ATƏT BURADA NƏ EDİRDİ Kİ?»

Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov mandat dəyişikliyini digər beynəlxalq qurumların təcrübəsi ilə müqayisə edir:

– Yəni konkret layihəniz varsa, koordinatorunuz olsun. Yoxsa bizə dədəlik etmək iddiasında qurum olmasın. Tutalım, vaxtilə Beynəlxalq Valyuta Fondu Azərbaycana xeyli yardım göstərirdi. Bakıda böyük ofisi də vardı. Yaxud TACIS proqramı çərçivəsində Avropa Birliyi Azərbaycana böyük həcmdə texniki və humanitar yardım göstərirdi. İşlər məhdudlaşınca, ofislərinin statusu da dəyişdi. Ona görə ATƏT-in işinin insan hüquqlarına dair fəaliyyətinə görə məhdudlaşdırılmasını demək düzgün deyil.

Avropa ölkələrində ATƏT-in statusunu misal gətirirsiniz, ancaq həmin ölkələrdə əsas insan azadlıqlarının durumunu Azərbaycanla müqayisə etmək olarmı?

– Axı ATƏT burada nə edirdi ki? Gözəl anlayırıq ki, burada ancaq pul xərcləyirlər, vəssalam. İnsan haqları ilə bağlı real dəyişiklik Azərbaycan xalqının iradəsi ilə olacaq. Burada ofisdə oturub hansısa hesabatlar hazırlayan insanın fəaliyyəti ilə yox.

«AZƏRBAYCAN ÖZ BİLDİYİ KİMİ HƏRƏKƏT EDİRDİ»

AXCP sədrinin xarici məsələlər üzrə müavini Razi Nurullayev Azərbaycanın ATƏT-ə yetərincə yüksək üzvlük haqqı ödədiyindən digər üzvlərlə bərabərhüquqlu olduğunu deyir və maliyyə cəhətdən də qurum qarşısında gözükölgəli olmadığını vurğulayır. Qurumun missiyasının dəyişdirilməsi ilə bağlı müraciət də təsbit edilmiş hüquqdur. Digər tərəfdən ATƏT-in hüququ baxımdan məcburetmə mexanizmi yoxdur və buna görə tənqidlərə məruz qalır.
Razi Nurullayev
Razi Nurullayev
Qurumun missiyası ölkələrə könüllü kömək göstərməkdir və ölkələr özləri bu köməyi, məsləhəti almaqda maraqlı olur:

«Ancaq ATƏT onsuz da Azərbaycana demokratik, siyasi, media azadlıqları ilə bağlı kifayət qədər tövsiyələr verirdi. Nə nəticəsi olurdu? Azərbaycan öz bildiyi kimi hərəkət edirdi. ATƏT özü də üzv ölkələr qarşısında məsələ qaldıra bilərdi ki, «bu ölkə hələ də həmin statuslara cavab vermədiyindən bu statusumuz qalsa, yaxşı olar». Görünür, ATƏT də bunu istəmədi. Məncə, ATƏT dişsiz bir qurum olduğunu sübut elədi».

Nurullayev ATƏT-in seçki hesabatlarının da «haçalı» olduğunu, heç də həmişə həqiqəti tam əks etdirmədiyini vurğulayır:

«Bu baxımdan, Azərbaycan özü ATƏT-in statusunu almaqla müəyyən mənada özünü çətin vəziyyətdə qoydu. Axı, Azərbaycanın demokratiya ilə bağlı ciddi problemləri var. Bu səbəbdən öz adına müəyyən tənqidlər gələcək. İstənilən halda, ATƏT-in burada olması vətəndaş cəmiyyəti, siyasi partiya təmsilçiləri ilə görüşlərinə imkan verirdi. Monitorinq aparıb dünya ictimaiyyətinin diqqətinə çatdırırdılar. Bu baxımdan varlığı müsbət idi, ancaq olmamağı da faciə deyil».

ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Targay prezident seçkiləri ilə bağlı deyir ki, «qanunlara uyğun addımların atılması və Azərbaycanda keçiriləcək seçkilərə kölgə düşməməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik». Bakı Ofisindən Rəşad Hüseynov seçki layihələrinin qüvvədə qaldığını və icra olunacağını deyir.
XS
SM
MD
LG