Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:35

Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı: Ölkələr üzrə


Avropa Birliyinin Şərq Tərəfdaşlığı
Avropa Birliyinin Şərq Tərəfdaşlığı
-

Ermənistan və Gürcüstan Avropa Birliyi ilə assosiasiya razılaşması ilə bağlı hazırlıqlarını ötən həftə bitirib. Bu razılaşma, azad ticarət haqqında sazişlərlə birlikdə, hər iki ölkəni Avropa Birliyinə daha da yaxınlaşdıracaq. Amma Şərq Tərəfdaşlığına daxil altı keçmiş sovet respublikası üçün hələ də maneələr qalmaqdadır.

AzadlıqRadiosunun Brüssel müxbiri Rikard Jozwiak bu mənada Ermənistan və Gürcüstanı, eləcə də Azərbaycan, Belarus, Moldova və Ukraynanı Şərq Tərəfdaşlığının noyabr ayında Vilnüsdə keçiriləcək sammiti ərəfəsində nələrin gözlədiyinə nəzər yetirib. Bu sammitdə Brüsselin həmin ölkələrlə münasibətləri bir daha saf-çürük ediləcək:

MOLDOVA:

Şərq Tərəfdaşlığı Proqramı iştirakçıları
Şərq Tərəfdaşlığı Proqramı iştirakçıları
Moldova, ilin əvvəllərində siyasi böhran yaşasa da, Şərq Tərəfdaşlığının ən uğurlu şagirdidir. Ötən iyun ayında Kişinyov Avropa Birliyi ilə assosiasiya razılaşmasına dair danışıqları başa vurub. Bu razılaşma ölkənin Brüssellə siyasi bağlarını möhkəmləndirəcək və həmin razılaşmaya daxil olan Dərin və Hərtərəfli Azad Ticarət Zonası (Deep and Comprehensive Free Trade Area – DCFTA) barədə sazişi imzalamasına yol açacaq. İmzalanma mərasiminə hazırlığın Vilnüs sammitində başlanacağı gözlənilir. Moldova üçün növbəti məntiqi addım Birlik üzvlərinin bu ölkəni potensial namizəd kimi tanıması olacaq. Hazırda Bosniya-Hersoqovina və Albaniyanın belə statusu var. Ancaq yaranan durğunluq – Avropa Birliyinin genişlənməməsi eyni perspektivi bir qədər uzaqlaşdırır.

UKRAYNA

Ukrayna Birlik üzvlüyünə can atan keçmiş sovet respublikaları arasında ən çətin proqnozlaşdırılan ölkədir. Bir tərəfdən Ukrayna digər 5 ölkədən irəlidədir. Onun assosiasiyaya və DCFTA sazişinə qoşulmasına artıq start verilib. Amma bunların Vilnüs sammitində imzalanıb-imzalanmayacağı və daha sonra AB üzvləri tərəfindən ratifikasiya edilib-edilməyəcəyi bilinmir. Avropa Birliyi liderləri bildiriblər ki, Ukrayna bir sıra seçki və ədliyyə islahatlarını tamamlamalıdır. Onların ən böyük narahatlığı Ukrayna ədliyyəsinin seçkili yox, təyinatlı olmasıdır. Son möhlət bir neçə dəfə dəyişdirilsə də, indi belə görünür ki, oktyabradək dəyişiklik gerçəkləşməlidir.

Avropada ən böyük sağ mərkəzçi təşkilat olan Avropa Xalq Partiyası Ukraynaya yaşıl işıq yandırılmazdan öncə keçmiş baş nazir Timoshenko-nun azadlığa buraxılmasını istəyir. Nəzərə alınsa ki, AXP Avropa Parlamentində ən çoxsaylı təşkilatdır və üstəlik, Almaniya və Polşa kimi ölkələrdə hakim mövqedədir, deməli, Ukraynanın üzvlük arzuları Timoshenko-nun taleyi ilə sıx bağlı olacaq. Digər tərəfdən, bir çox Avropa strateqləri narahatdırlar ki, Ukrayna çox sıxışdırılsa, Moskvaya üz tuta bilər.

GÜRCÜSTAN

Şərq Tərəfdaşlığı Sammiti, 2011
Şərq Tərəfdaşlığı Sammiti, 2011
Gürcüstan assosiasiya razılaşmasının və DCFTA sazişinin hazırlığını bu həftə başa vurub və Moldova kimi onun da işinə noyabrda baxılacağı gözlənilir. Viza sisteminin liberallaşdırılması barədə razılaşmalar da hazırdır. Lakin Ukraynaya münasibətdə olduğu kimi, AXP bir sıra məsələlərdən, o cümlədən, ölkədə bir sıra müxalifət fiqurlarına qarşı siyasi motivli cinayət işlərinin qaldırılmasından narahatdır. Yeri gəlmişkən, bu mənada AXP-yə prezident Mikheil Saakashvili-nin Birləşmiş Milli Hərəkatı da təsir göstərir. Çaşqınlıq yaradan başqa bir məsələ də assosiasiyaya dair razılaşmada Gürcüstanın «Şərqi Avropa ölkəsi» adlandırılmasıdır. Ekspertlər bildirirlər ki, bütün Avropa ölkələrinin Birliyə üzvlük hüququ olsa da, coğrafi anlayışlar çox böyük rol oynayır və Tbilisinin üzvlüyə gedən yolu çox uzana bilər.

ERMƏNİSTAN

Ermənistanla imzalanacaq sənədin preambulunda bəlkə Gürcüstandakından da çox pərtlik gətirən məqamlar var. Burada söhbət Ermənistanın Avropa kimliyindən və ya Ermənistanın başqa Avropa ölkələri ilə paylaşdığı dəyərlərdən getmir. Brüsselin ən böyük vəzifəsi Ermənistanı Moskvanın Gömrük İttifaqına üzv olmamağa inandırmaqdır.

AZƏRBAYCAN

Azərbaycan bu qrupda yeganə ölkədir ki, Avropa Birliyinə qoşulub-qoşulmayacağı barədə niyyətini açıqlamayıb. Danışıqlar sürür və söhbət ticarət hissəsi olmadan assosiasiya sazişinin imzalanmasına gələndə, belə başa düşmək olar ki, bu il heç nə gözlənilmir. Bununla belə, viza rejimi barədə sazişin Vilnüsdə imzalanacağını gözləmək olar. Viza sisteminin liberallaşdırılması o deməkdir ki, bir sıra qruplar, o cümlədən tələbələr və biznesmenlər üçün birdəfəlik və çoxdəfəlik vizaların alınması xeyli asanlaşacaq. İstər Bakı, istərsə Brüssel bu mərhələdə enerji təhlükəsizliyi sahəsində daha dərin əməkdaşlığa meyllidir. Avropa Birliyi özünün Rusiyadan enerji asılılığının aradan qaldırılmasında Azərbaycanı əsas oyunçulardan biri sayır.

BELARUS

Belarus bu qrupda ən bilinməz ölkədir. Bu ölkə barədə nə assosiasiya söhbətləri edilir, nə də onun, ümumiyyətlə, Vilnüs sammitinə qatılıb-qatılmayacağı bilinir. Şərqi Avropa Tərəfdaşlığının əvvəlki sammitində son anadək sürən qeyri-müəyyənlikdən sonra rəsmi Minskə ayrılmış kreslolar boş qalmışdı. Avropa Birliyinin üzvləri həmin tamaşanın təkrarını istəmirlər. Onlar bunu da istəmirlər ki, 2010-cu il seçkilərindən sonra üzərlərinə səfər qadağası qoyulmuş 200 şəxsdən kimsə, ələlxüsus prezident Aleksandr Lukashenko bu sammitə təşrif buyursun. Xarici işlər naziri Makey-ə avropalı həmkarları ilə görüşmək üçün Brüsselə səfər icazəsi verilib və ümid edilir ki, Lukashenko-nun əvəzinə sammitə də onun qatılmasına Belarusu razı salmaq mümkün olsun.
XS
SM
MD
LG