Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:44

Tana de Zulueta: «Bizim vəzifəmiz tənqid deyil, seçkilərin monitorinqidir»


Foto: Arxiv
Foto: Arxiv
-
Avqustun 29-dan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkisini izləməyə gələn missiyası işə başlayır.

Tana de Zulueta-nın rəhbərliyi altında fəaliyyət göstərən missiya Bakıda çalışacaq 12 beynəlxalq ekspertdən və 30 uzunmüddətli müşahidəçidən ibarətdir. Ekspertlər və müşahidəçilər 22 üzv ölkəni təmsil edir.

Missiyanın rəhbəri Tana de Zulueta deyir ki, missiya prezident seçkisinin ATƏT qarşısında götürülən öhdəliklərə, demokratik seçkilər üzrə beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğunluğunu qiymətləndirəcək.

Müşahidəçilər seçki kampaniyasını, seçkiyə yönəlik qurumların işini, seçki qanunvericiliyinin icrasını, media mühitini və şikayətlərin baxılmasını yaxından izləyəcək.

Bu müddət ərzində missiya dövlət qurumları, siyasi partiyalar, namizədlər, vətəndaş cəmiyyəti, media və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək. Seçki günündə missiyanın nümayəndələri seçki məntəqələrinin açılmasını, səsvermə prosesini, səslərin hesablanması və protokolların hazırlanmasını müşahidə edəcəklər:

«TÖVSİYƏLƏRDƏN BƏZİLƏRİ HƏLƏ DƏ İCRA OLUNMAYIB»

«Əvvəlki seçkilərdən sonra ATƏT-in verdiyi tövsiyələrdən bəziləri hələ də icra olunmayıb» deyən Tana de Zulueta icra olunmayan öhdəlikləri konkret sadalamadı.

Sərbəst toplaşma azadlığına gəlincə, o, 2010-cu il tövsiyələrindən birinin məhz sərbəst toplaşma azadlığı ilə bağlı olduğunu vurğuladı. Tana de Zulueta-nın dediyinə görə, bu hüquq Konstitusiyaya və beynəlxalq hüquqa uyğun həllini tapmalıdır:

Tana de Zulueta
Tana de Zulueta
SƏRBƏST TOPLAŞMAQ HÜQUQU DİQQƏTDƏ SAXLANACAQ...

«Bu hüququn yerinə yetirilməsi məsələsini diqqətdə saxlayacağıq».
Missiyanın rəhbəri verilən sualların cavabında dedi ki, «bizim vəzifəmiz tənqid deyil, seçkilərin monitorinqidir»:

«Bəzi insanlar ölkədəki demokratik proseslərin daha sürətlə getməsini istəyir. Lakin bu prosesi irəli aparmaq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun vəzifəsi deyil. Demokratik prosesləri daha çox sürətləndirmək həmin ölkənin insanlarının, həmin ölkənin hökumətinin vəzifəsidir. Bizim işimiz demokratik prosesi inkişaf etdirməkdə ölkəyə kömək etmək, dəstək verməkdir. Dərc etdiyimiz hesabatlardan irəli gələn tövsiyələri icra etmək ölkənin öz məsuliyyətidir».

Rüstəm İbrahimbəyovun MSK-ya qarşı iddiasına gəlincə, Tana de Zulueta bildirdi ki, onun da məsələsi diqqətdə saxlanacaq.

«GEC GƏLİBLƏR»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə deyir ki, müşahidə missiyası Azərbaycanda gec fəaliyyətə başlayır:

«Çünki Azərbaycan hakimiyyəti tərəfindən onlara dəvət gecikdirilmişdi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu adətən Azərbaycana seçkilərə bu zamanda gəlmirlər.
Anar Məmmədli
Anar Məmmədli
Demək olar ki, namizədlərin irəli sürülməsi, qeydiyyatı ilə bağlı bütün ərizələr Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Artıq imzatoplama kampaniyası gedir. Bu proses ATƏT-in müşahidəçiləri tərəfindən müşahidə olunmur. Mən deyərdim ki, çox kuryoz bir vəziyyətdəyik. Çünki beynəlxalq müşahidəçilər bu prosesi müşahidə etmirlər. Yalnız yerli müşahidəçilər monitorinq aparır. Yaxşı olardı ki, beynəlxalq missiya öz işinə daha erkən başlayaydı».

Uzunmüddətli müşahidəçilər sentyabrın 9-da, qısamüddətli müşahidəçilər isə oktyabrın 5-də Bakıya gələcək. Qısamüddətli missiyasının tərkibinə 280 müşahidəçi daxil olacaq. Hər bölgəyə 2 müşahidəçinin göndərilməsi nəzərdə tutulub.

Müşahidəçilər oktyabrın 19-a qədər Azərbaycanda qalacaq, seçkinin ikinci mərhələsi olsa, onu da müşahidə edəcəklər.

YEKUN HESABAT NƏ VAXT OLACAQ?

İlkin müşahidələr və rəylər üzrə bəyanat seçkidən bir gün sonra veriləcək. Yekun hesabat seçkinin bitməsindən təxminən iki ay sonra dərc olunacaq.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu 1995-ci ildən Azərbaycanda 8 seçkini, o cümlədən prezident və parlament seçkilərinin monitorinqini həyata keçirib.
XS
SM
MD
LG