Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:48

Britaniya parlamenti Suriya məsələsini təkrar səsə qoya bilər


John Kerry və William Hague
John Kerry və William Hague
-
Bu barədə bəyanatı Britaniyanın xarici işlər naziri William Hague verib. O deyib ki, millət vəkillərinə Suriyaya hərbi müdaxilədə Londonun iştiraklına dair məsələyə yenidən baxmaq şansı verilə bilər.
Bununla belə, xarici işlər naziri deyib ki, hökumət məsələni ikinci səsverməyə yalnız müxalif leyboristlərin qarantiyası olduqda çıxaracaq.
William Hague deyib ki, «biz demokratıq, parlament sözünü deyib və bizim də geriyə dönmək fikrimiz yoxdur... Lakin əgər vəziyyət dramatik şəkildə dəyişərsə, biz, əlbəttə məsələlərə fərqli baxa bilərik».
Xatırlatmaq yerinə düşərdi ki, Britaniya parlamenti Suriyaya hərbi müdaxilədə ölkənin iştirakı əleyhinə səs verib.
Bu barədə danışan xarici işlər naziri müxalifəti «fürsətçilikdə və siyasətbazlıqda» ittiham edib.
O deyib ki, leyboristlərin ikinci səsvermədə də eyni mövqeyi tutmayacaqlarını kimsə vəd edə bilməz.
Ötən həftə baş nazir David Cameron da parlamentin mövqeyini tənqid etmiş, lakin bildirmişdi ki, onun bu məsələni ikinci dəfə səsverməyə çıxarmaq niyyəti yoxdur.
Lakin xarici işlər nazirinin son bəyanatı göstərir ki, Cameron Sankt Peterburq sammitindən sonra fikrini dəyişmiş ola bilər.
RUSLARIN ATMACALARI STAVKALARI QALDIRIB
Həmin sammitdə Vladimir Putinin Britaniyanı və David Cameronu az qala lağa qoyması, ölkənin «əhəmiyyətsiz balaca ada» adlandırılması və parlamentin baş nazirdən fərqli düşündüyünün vurğulanması Britaniya ictimaiyyəti tərəfindən kifayət qədər hiddətlə qarşılanıb.
Fərq bundadır ki, Putinin ürək sözlərini Peskov açıqlamışdısa, Cameronun yeni mövqeyini Hague bildirir.
David Cameron Sankt Peterburqda Britaniya millət vəkillərinin mövqeyini daha sərt tənqid edərək demişdi ki, «hər kəs verdiyi səsə görə mənəvi məsuliyyət daşıyır».
Vladimir Putin
Vladimir Putin
Yeri gəlmişkən, Suriyaya müdaxilə məsələsinin təkrar səsverməyə çıxarılmasına bir neçə nüfuzlu nazir və London meri də çağırıb.
Əgər nəzərə alınsa ki, Britaniya parlamentində Suriyaya müdaxilə məsələsi nisbətən kiçik səs çoxluğu ilə keçərli sayılmayıb, mümkün təkrar səsvermə fərqli nəticələnə bilər.
Həmin səsvermə günü bir neçə vəzifəli şəxsin parlamentə gəlməməsi Cameron tərəfindən ciddi tənqid olunub və o hətta belə məsuliyyətsizliyi cəzalandıracağını bildirib.
Bunlardan belə nəticə çıxarmaq olar ki, hakim mühafizəkarlar mümkün ikinci səsverməyə daha mütəşəkkil gələcəklər.
Hadisələrin fərqli axarda inkişaf etdiyini ABŞ dövlət katibinin Londona gəlişi də isbat edir.
Bu gün az sonra John Kerry-nin Britaniya rəhbərliyi ilə görüşü keçirilməlidir.
LONDONUN QISQANCLIĞI
Dövlət katibi Londona Ərəb liderləri ilə görüşünü yekunlaşdırdıqdan sonra gəlir.
Parisdə keçirilən mətbuat konfransında John Kerry deyib ki, istisnasız olaraq bütün ərəb ölkələri Suriya prezidenti Bashar al-Assadın «qırmız xətti» keçməsi faktını təsdiq edirlər.
Lakin Britaniya mətbuatı xəbər verir ki, bu, hələ bütün ərəb ölkələrinin Suriya üzərinə raket zərbələrini məqbul saymasından xəbər vermir. Məsələn əgər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Qətər Dəməşqə cəzalandırıcı zərbələrə tərəfdardırlarsa, Suriyanın birbaşa qonşuları olan İordaniya və Livan daha ehtiyatlı mövqe tutublar.
Parisdəki çıxışında John Kerry Fransaya Suriya məsələsində tutduğu sərt mövqeyə görə prezident Obamanın təşəkkürlərini yetirib.
O bundan əvvəl də Vaşinqtonda etdiyi çıxışında Britaniyanın adını bir dəfə də çəkməmiş, əvəzində Fransanı «Amerikanın ən köhnə dostu» adlandırmışdı.
Londonda belə bəyanatlara qısqanclıqla baxırlar.
XS
SM
MD
LG