Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:32

'Normal müəllim'ə maaş müəmması


Foto: Arxiv
Foto: Arxiv

AzadlıqRadiosunun arxivindən. Yazı 2013-cü ildə hazırlanıb.

Dərslər təzə başlasa da, təhsil işlərinə yeni nazir baxsa da, valideynlərdən köhnə şikayətlər eşidilməkdədir. Köhnə deyərkən, söhbət məktəblərə qanunsuz toplanan «fond pulları»ndan, müəllimlərin hədiyyə umacaqlarından və s. arzuolunmaz hallardan gedir. «Köhnə» sözünü bir gerçəklə də bağlı işlətmək olar – ata-anaların əksəriyyəti köhnə xasiyyətlərindən əl çəkmir, övladlarının problemlə üzləşəcəyini əsas gətirib, açıq-aşkar şikayətlərdən çəkinir, ad və dəqiq ünvan göstərmək istəmir. Elə Bakının Binəqədi rayonundakı 100 saylı orta məktəbdən AzadlıqRadiosuna şikayət məktubu da belələrindən gəlib:

MƏKTUBDA SADALANAN İDDİALAR

«Ənənəvi «Müəllim günü»nə hər şagirddən 30 manat istəyirlər. İllik mühafizəpulu 9 manat, testpulu 9 manat, tabaşir və süpürgəpulu 2 manat, səhər növbəsi dərsə getmək üçün də 20 manat vermək lazımdır. Amma bununla bitmir. Yeni il və 8 Mart bayramlarının hərəsinə 30 manat yığılır. 4-cü sinfədək şagirdlər dərsdən sonra məcburi hazırlığa cəlb olunur. Bunun üçün də hərəyə 20 manat tələb edilir... Biz valideynlər şikayət edəndə uşaqları gözümçıxdıya salırlar, dərs soruşmurlar, müxtəlif yollarla təzyiq göstərirlər».

MƏKTƏB DİREKTORU: «...KORRUPSİYA İDARƏSİNƏ ŞİKAYƏT ETSİNLƏR»

Adıçəkilən məktəbin direktoru Gülnarə Məmmədova məktubda yazılanların yalan olduğunu bildirir:

«Yazıblar, gəlsinlər onu sübut etsinlər. Mühafizəyə pul yığılmasına gəlincə, məktəbdə müəllim-valideyn assosiasiyası fəaliyyət göstərir və mən pulla bağlı işə qarışmıram. Mühafizə var – qanun çərçivəsində assosiasiya ilə müqavilə bağlanıb. Assosiasiyanın rəhbəri pulu verir. Pullar banka qoyulur. Çeklər də var. Həmin məsələyə assosiasiya cavabdehdir. Başqa məsələlərə gəlincə, biz tabaşirdən deyil, markerdən istifadə edirik. Qaldı Yeni il üçün pul yığılmasına, belə söz-söhbəti çox eşitmişik. Qapım açıqdır. Gəlsinlər, şikayət etsinlər, o müəllimlə bağlı tədbir görüm. Ya da korrupsiya idarəsi var, məndən ora şikayət etsinlər. Pisəm, işdən çıxarsınlar».

Direktor məktəbin yeni təmirdən çıxdığını, dövlət tərəfindən bütün avadanlıqlarla təmin olunduqlarını da bildirir:

«Partamız var, markerlə işləyən qəşəng lövhəmiz var. Biz tabaşir işlətmirik. Mən elə səviyyəsiz direktor deyiləm dövlətin verdiyi tabaşiri pulla satım».

«MAAŞ BƏS ELƏSƏ...»

Məktəblərdə pul yığmağın qarşısını almaq üçün ən çox müəllimlərin maaşını artırmaq təklifi yer alır. Bu təklif Yevlax şəhərində müəllim çalışan və ayda 180 manat maaş alan Ruslan Əliyevin də ürəyincədir:

Əyalət məktəbi
Əyalət məktəbi

​«Maaş bəs eləsə, müəllimin əlavə pul yığmasına ehtiyac qalmaz».

Astara rayonunun Ovala kənd orta məktəbinin direktoru Etibar Baxşıyev ötən illərlə müqayisədə bölgə məktəblərinin maddi-texniki təminatında, tədrisin keyfiyyətində və müəllimlərin dolanışıq səviyyəsində xeyli irəliləyiş olduğunu düşünür. O, bu il istifadəyə verilən bir məktəbdə çalışır:

«Məktəbi Heydər Əliyev Fondu tikib. Müasir tələblərə cavab verir və hər cür şəraiti var. Məktəbdə bizi çox narahat edən elə bir problemimiz yoxdur. Bircə problemimiz odur ki, məktəbimiz odunla qızdırılır. Həmi odunla da artıq təmin ediblər, gətirib yığmışıq məktəbə. Zəhmət tələb edən iş yalnız budur».

«HƏR MÜƏLLİMİN TOYUQ-CÜCƏSİ VAR...»

Etibar Baxşıyev bu il sentyabrın 1-dən qüvvəyə minən 10 faizlik artımdan sonra 300 manata yaxın maaş alacağını söyləyir:

«Məsələn, mən iki yüz neçə manat alırdım, indi 20-25 manat artım olacaq. Dərs yükündən asılı olaraq müəllimlər arasında 200 manat da alan var, 250 manat da...».

Bu pulun yetərli olub-olmadığına gəlincə, məktəb direktoru müəllimlərin digər sahələrdən də qazanc götürdüklərini deyir:

«Kənd yeridir, təsərrüfatımız var. Hərənin toyuğu-cücəsi var. Mal-qara saxlayırıq, arıçılıqla məşğul oluruq».

Direktorun dediyinə görə, onun rəyini soruşsalar, müəllimlərin maaşının 500 manatadək qaldırılmasını istərdi.

«NORMAL ADAM 200 MANATA GÖRƏ ƏSƏBLƏRİNİ KORLAYARMI?»

Sabiq təhsil naziri Misir Mərdanov hələ vəzifədə olarkən, bir müşavirədə müəllimlərin maaşlarının çox aşağı olduğunu etiraf etmişdi:

«Bu gün Azərbaycanda əl üstündə saxlamağa layiq müəllimlər var. Biz onlara 200 manat pul veririk. 200 manata kim uşaq hazırlayar? Biz gedib hazırlayarıq? Əlbəttə, yox. Müəllimə 2 min manat maaş ver, gör, uşaq repetitor yanına gedir, ya getmir. Üzr istəyirəm, normal, ağlı başında olan adam gedib 200 manata əsəblərini korlayarmı?».
Mikayıl Cabbarov
Mikayıl Cabbarov

Yeni təhsil naziri Mikayıl Cabbarov da müəllim maaşlarının azlığını təsdiqləyir. O, sentyabrın 26-da Amerika-Azərbaycan Ticarət Palatasının keçirdiyi tədbirdə bu məsələyə toxunaraq deyib:

«Azərbaycanda müəllimlərin maaşları artırılmalıdır, lakin bunun nə qədər yox, necə edilməsi əsasdır».

«SİYASİ SİSTEMİN TƏSİRİ ÇOX GÜCLÜDÜR»

Təhsil eksperti, orta məktəb müəllimi Nabatəli Qulamovun problemdən çıxış yolu haqqında fərqli düşüncəsi var:

«Təhsilə təsir edə biləcək yeganə məsələ varsa, o da siyasi sistemdir. Siyasi sistem dəyişmədən təhsilin dəyişməsi çətin məsələdir. Məktəblərə siyasi sistemin təsiri çox güclüdür. Sistem dəyişməyincə, təhsil də dəyişən deyil».

Maaş artımının məktəblərdəki vəziyyətə təsir imkanlarına gəlincə, ekspertin fikrincə, belə bir addım haradasa 30 faiz təsir edə bilər və dərhal da sözlərinə əlavə edir:

«Bu, Azərbaycan təhsilini mövcud problemlərdən xilas edə biləcək göstərici deyil».
XS
SM
MD
LG