Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:56

Cüssəli adam (Seçmə hekayələrdən)


Zəka Vilayətoğlu
Zəka Vilayətoğlu
-

Prezident seçkiləri yaxınlaşırdı. Onunsa, çoxdan sağalmış yarası yenidən göyür-göyür göynəyirdi.

İş otağında qəbul etdiyi sonuncu xəstəyə bəzi məsləhətlər verdikdən sonra əlini başında göynəyən yara yerinin üstə qoydu. Həmin an da əlini çəkib barmaqlarına baxdı. Elə bildi başından yenə qan şoralanıb axır...



Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib. 10 hekayə və 12 şairin şeirləri imzası göstərilmədən Münsifə göndərilib. Onun çapa münasib bildiyi 3 hekayə və 2 şairin şeirlərini yaxın günlər ərzində "Oxu zalı"nda oxuyun.


Zəka Vilayətoğlu


CÜSSƏLİ ADAM


Qarşıdan yenə seçkilər gəlirdi-prezident seçkiləri.

Artıq kimin prezident seçilməsinin onunçün heç bir əhəmiyyəti yox idi. İş otağında oturub sakitcə xəstələrini qəbul edir, müayinədən keçirib, resept yazır, bütün diqqətini öz işinə yönəldirdi.

Amma illər öncə polis dəyənəyindən sonra dərin yara açılmış başı ara-sıra gicəllənir, elə bil indicə yarılıb, yaralanıbmış kimi göyür-göyür göynəyir, zoqquldayırdı. Qəribədir ki, seçkilərə az bir vaxt qaldığı bu günlərdə bu göynərti ona yenidən divan tuturdu.

Təkcə dost-tanışın, arvadının yox, sanki daşın-divarın da səsini, qınağını eşidirdi: «A kişi, həkimsən, həkimliyini et, sənə nə var prezident kim olacaq. Guya seçilən hər hansı bir prezidentdən sənə və ya qohum-əqrəbana bir fayda olacaq?.. Yenə, azdan-çoxdan nə var, elə bu həkimliyində var. Başını sal aşağı, xəstəni qəbul et, reseptini yaz, pulunu al!»

Hər şey arxada qalmışdı. Qatı müxalifətçi kimi tanınan həkimin, artıq müxalifliyindən əsər-əlamət qalmamışdı. Küçədə, insanların, müxalifətçilərin sıx yerində birdən-birə təpəsinin ortasından nalbənd çəkici kimi ilişən polis dəyənəyinin ağır zərbəsindən yerə sərilmişdi. Qan aparmışdı onu. Silahdaşlarının yardımından sonra ölümün cəngindən yaxasını birtəhər qurtara bilmişdi. Amma o zərbədən sonra gözlərinin işığı da xeyli zəifləmişdi. Bircə il öncə yaxını-uzağı alıcı quş kimi görüb-seçən gözləri, başındakı dəyənək yarası sağaldıqdan sonra tor görməyə başlamışdı. İndi eynək taxır, yazı-pozunu eynəklə görür, oxuyurdu.

Arvadı ona çox demişdi: «Bir gün ziyanını çəkəcəksən bu müxalifliyinin. Səni də bir jurnalist kimi əzişdirəcəklər, əl çək bu işlərdən. Ölkənin prezidenti var, qurtardı getdi. Bizə nə var prezident kim olacaq!..»

Bu sözlərinə, qınağına görə arvadıyla çox mübahisə etmişdi: «Sən belə şeyləri anlamazsan! Biz bir xalq kimi bütün xalqlardan yaxşı yaşamalıyıq. Bu bizim haqqımızdır! Amma bizi kölə halına salıblar. Biz layiq olduğumuzdan qat-qat azını alırıq və müticəsinə zalımlara, qaniçənlərə boyun əyməli oluruq! Bizə, xalqımıza, ölkəmizə məxsus olan böyük sərvətdən, ancaq tulapayı verirlər! Buna göz yummaq olmaz. İnsanlarımız öz hüquqlarını bilməli, öz halal haqlarını tələb etməyi bacarmalı, kimsədən qorxmamalı, çəkinməməlidir! Mən həkim olaraq, dilənçilik etməməliyəm, xəstələrin əlində qalmamalıdır gözlərim. Bundan böyük biabırçılıq, rəzillik yoxdur.

Hətta gör bir nə gündəyik ki, insanlarımızın, bir həkim olaraq bizə inamı qalmayıb, xəstələrin böyük əksəriyyəti, İrana, Türkiyəyə, İsrailə gedir müalicə olunmağa. Bizim iki yolumuz var: ya öz halal haqqımıza qovuşmalı, ya da mütilik, köləlik, rəzillik içində ölü bir heyvan cəsədi kimi iylənib, çürüyüb torpağa qarışmalıyıq..!»

Arvadı haqlı çıxdı. Onun ümidləri puç oldu. İllər öncəki prezident seçkiləri zamanı küçələrə axışan etirazçılardan bir çoxu əqidələrindən döndülər. Qəfildən iqtidar tərəfə keçib deputat olanlar, vəzifə alanlar-filan... Əzilənlər, döyülənlər sonradan səslərini qısıb həmişəlik susdular. Bundan sonra onun içindəki ümidləri də çilik-çilik olub töküldü.

Arvadının təpitmələrindən, dərman və sarğılarından sonra başındakı dərin yara nəhayət sağaldı. Bu, düz bir ay çəkdi. Bu vaxt ərzində onu dövlət tərəfindən arayan, narahat edən olmadı. Artıq prezident də seçilmişdi, amma onun seçmək istədiyi adam deyildi prezident.

Heç o adamın özünün də seçkilər sonrası müxalifçilərlə iqtidaryönlülər arasında baş verən gərgin çarpışmalardan, iğtişaşlardan sonra düz-əməlli səs-sorağı gəlməmişdi. Deyəsən, o da bu xınanın o xınadan olmadığını yaxşı anlamışdı və öz hücrəsinə çəkilmiş, səsini qısıb oturmuşdu.

İllər öncə olduğu kimi həkimin iş otağındakı stolun üstündə, daha müxalifət qəzetləri gözə dəymirdi. Gözə dəyən yaraşıqlı bir qələmdan, bir də müxtəlif adda yeni dərmanların reklam olunduğu rəngli, qəşəng dizaynıyla göz oxşayan jurnal idi.

Jurnalda reklam olunan dərmanlar qaraciyər xəstəliklərinin müalicəsi üçün idi. Həkim də əsasən qaraciyər xəstəliklərinin müalicəsini aparırdı. Mərkəzi xəstəxanalardan birində işlədiyi illərdə qaraciyərlə bağlı neçə-neçə ağır cərrahiyə əməliyyatı aparmışdı.

Bu əməliyyatlar üçün baş həkim ayrıca qiymət qoymuşdu və vaxtlı-vaxtında hesabı çatmalıydı. Ondan olsaydı heç bazar açmaz, hər xəstənin cibinə uyğun və vicdanla öz işini görərdi, amma bu cəmiyyətdə bunun mümkünsüzlüyünü duyduğundan müxalif mövqe tutmuşdu. Bu yolda isə o, çox şey itirdi; gözlərinin işığını, rahat və gözəl iş yerini. Hətta bir neçə il işsiz qaldı...

Prezident seçkiləri yaxınlaşırdı. Onunsa, çoxdan sağalmış yarası yenidən göyür-göyür göynəyirdi. İş otağında qəbul etdiyi sonuncu xəstəyə bəzi məsləhətlər verdikdən sonra əlini başında göynəyən yara yerinin üstə qoydu. Həmin an da əlini çəkib barmaqlarına baxdı. Elə bildi başından yenə qan şoralanıb axır. Yox, yara yox idi başında, amma göynərti anbaan artıb çoxalmaqdaydı.

O illərdə yanına bir xəstə gəlmişdi. Əslində onu öz həkim dostu-uroloq Səmimi göndərmişdi onun yanına. Demişdi ki, yaxın qohumudur, qaraciyərində narahatlıq hiss edir, onu əməlli-başlı müayinə və müalicə etsin.

Xəstə orta yaşlı iri cüssəli bir kişi idi. Amma həkim üçün bunun elə bir əhəmiyyəti yox idi. O, bütün xəstələrinə bir uşaqmış kimi yanaşır, hamısını qayğıyla, vicdanla müayinədən keçirirdi. Həmin xəstə də ona, sanki bir uşaq təsiri bağışlamışdı. Sonda tapşırmışdı ki, içki içmək, kabab yemək olmaz! Turşulu və yağlı yeməklərdən isə mütləq qaçmaq lazımdır. Həmin xəstəylə yarım ay sonra yenidən görüşmüşdü.

Müalicəsinin ona çox xeyri dəydiyini bilincə fərəhlənmişdi. Gözlərinə adi bir adam kimi görünən bu cüssəli adamın nəhəngliyinin fərqinə bu dəfə də varmamışdı. Elə bu üzdən onun heç sifəti də yadında qalmamışdı. Küçədə görsəydi tanımazdı da. Nadir hallarda xəstələrdən hansınınsa sifətini yadında saxlar, nə vaxtsa görüşəndə xatırlayardı.

O, işə düz bir ay sonra-başının yarası tamam sağaldığında çıxmışdı. Bir-iki gün sonra isə baş həkimin qəbulunda olmuş, işdən çıxması haqqında ərizə yazmışdı və guya bunu öz xoşu, öz istəyilə etmişdi. O vaxtdan da çox sınmış, ruhdan düşmüşdü.

Aylarla sürən depressiyadan yaxasını zorla qurtarmış, axır ki, özəl klinikalardan birində yenidən işə düzəlmişdi. Həyat təzə-təzə gözlərində çiçək kimi açılır, pardaqlanırdı.

Depressiyada olduğu günlərdə ünvanına məktub gəlmişdi. Onu Respublika Prokurorluğuna çağırırdılar. Məktubda hara və hansı şöbəyə müraciət etməsi də aydın göstərilmişdi. Ailəsində əməlli-başlı xof, təşviş, qara-qorxu hökm sürürdü. Məsələnin günbəgün qəlizləşdiyini duyur, sarsılırdı. Canından qorxmurdu, doğmaları sarıdan narahat, üzgün idi. Övladlarının sabahkı sıxma-boğmalar, təqib və təzyiqlərlə üzləşəcəyini düşünüb sıxıntıdan, gərginlikdən üzülürdü. Arvadı gözü yaşlı deyirdi: «Əl çəkməyəcəklər! Sənə demişdim, axı! Gördüüüün, mən deyənə gəldin! Gül kimi işini, gözlərinin nurunu itirdin! Bunca qara-qorxu bizə lazımmıydı?!» Günahkarcasına susurdu arvadının qarşısında. Dili yox idi sanki söz deməyə. Kimin haqlı olduğunu da ayırd edə bilmirdi: omu, onun başını dəyənəklə yaran polismi, heç cür bəyənmədiyi, barışmaq istəmədiyi bu hökumətmi-kim idi haqq sahibi?

Səhər Prokurorluğa getməliydi. İçində dünyanın özü boyda, özü ağırlığında dərd və ağrı vardı. Başındakı yara içində göynəyirdi, elə bil. Düşünürdü ki, ora gedincə tutub dama basacaqlar. Sonra olmayan şeyləri də onun boynuna qoyacaqlar. Sonra nələr olacaq, bir Allah bilir. Nələr olacaqsa olsun, amma... amma bir vaxtlar müalicə etdiyi xəstə qadının söylədiklərindən olmasın. Dözməz bu dəhşətə, bu vəhşətə. Qadın ona öz maarifpərvər ziyalı atasından danışmışdı. Məşhur 37-ci ildə onun başına gətirilənlərdən göz yaşlarında boğula-boğula söz açmışdı. Atasını bir zirzəmiyə salıbmışlar. Özü də əl-qolunu bağlayıb elə bir yerdə saxlayıbmışlar ki, heç yana tərpənə, yerini azacıq da olsa dəyişə bilməsin. Və... və yüksəklikdən bir damla su axıb handan-hana kişinin keçəl başının düz ortasına düşürmüş. Hər damlanın da arası, azı bir neçə dəqiqə çəkirmiş. Növbəti damlanın zərblə başının ortasına çırpılacağını gözləyən yazıq kişi ölüb-dirilirmiş və beləcə insanları dözülməz işgəncələrə, əzablara düçar edirmişlər. Bu olayı xatırlayınca əlini başının ortasına apardı. Onun da başının ortası keçəl idi. Təsəvvür etdi ki, yüksəklikdən iri bir su damlası yalavıyaraq, düz onun başının ortasına doğru gəlir. Bir anlıq düşündü ki, bu damla başının ortasında açılmış və zülüm-zillətlə sağalmış həmin yaradır, yenidən gəlib həmin yerə çırpılacaq.

Prokurorluğa daxil olanda özünü zorla ələ aldı. İçində tüğyan edən həyəcanı birtəhər ram etdi. Məktubda göstərilən N nömrəli otağı aramağa başladı. Dəhlizdə qəfil qarşısına çıxan cüssəli adamı görəndə, etinasızlıqla ötmək istərkən Adam dedi:

- Oooo, həkim, salam, xoş gördük!.. Siz burda xeyir ola?

- Salam! Bağışlayın, tanıya bilmədim sizi!

- Anlaşılandır, həkim! Siz bütün xəstələrinizi tanımağa borclu deyilsiniz! - Adam mehribanlıqla gülümsədi və əlavə etdi. - Siz məni müalicə etmisiniz! Mən Səmimi doxturun yaxın dostuyam. Yadınızdadırsa, məni sizin yanınıza o göndərmişdi. Çox minnətdaram sizə, müalicənizdən sonra özümü, maşallah olsun, lap yaxşı hiss edirəm!

- Aaaa, tanıdım, tanıdım! Gərək ki, adınıııız,..

- Mehman!

- Hə, Mehman bəy, indi çox yaxşı xatırladım sizi!

- Yaxşı, siz burda xeyir ola?

- Məni Prokurorluqdan çağırıblar. Dünən məktub almışdım. Məni çağıran şöbəni axtarıram!

- Verin baxım, zəhmət olmasa! - Mehman məktubu alıb baxdı və o dəqiqə sifəti tutuldu. Bu, həkimin nəzərindən qaçmadı, ürəyi həyəcanla döyündü.

- Arxamca gəlin! - Adam həkimi arxasınca apardı və birlikdə otağa daxil oldular.

Mehman öz kreslosunda əyləşib həkimə də əyləşmək üçün yer göstərdi. Sonra kreslosunu sağa-sola fırladıb dedi:

- Həkim, sizi mən çağırtdırmışam. Bu məktub da sizə bizim şöbədən göndərilib. Bizdə olan məlumata görə siz dövlət əleyhinə iğtişaşlarda, özbaşınalıqda və ən son olaraq ağır cinayətkarlıqda suçlanırsınız! İnanmazdım ki, bu, siz olarsınız!

- Axı, cənab prokuror, bu işdə başı yarılan, zərər çəkən mən olmuşam. Mənim əlimdən kimsə zərər görməyib, axı. Bir də ki, mən haqsız nəsə tələb etməmişəm. Bu ölkənin vətəndaşı olaraq, mənim də nəyəsə etiraz etmək, haqqımı tələb etmək hüququm var, axı! Amma bir halda ki, mən haqsızam, neynək olum haqsız. Cəzam nədirsə, onu da çəkməyə hazıram!

- Mən təəssüf edirəm ki, siz bir sıra yaramazlara, cüvəllağılara qoşulub özünüzü rüsvay edirsiniz! Gül kimi sənətiniz, peşəniz var, gedin həkimliyinizi edin! Axı nəyinizə lazımdır bu qədər çək-çevir, get-gəl? Hələ, sevinin ki, bu iş mənə həvalə edilib. Çalışıb sizi bu çətinlikdən qurtaracam, amma bir də uşaq-muşağa qoşulub özünüzü məhvə sürükləməyin! Maşallah, ölkəmiz günbəgün inkişaf edir, gözəlləşir. Sərvətimiz günü-gündən aşıb-daşır. Nədir sizi qane etməyən? Sizinçün bir fərqi varmı kimin prezident seçilməsinin. Bir vaxtlar hamımızın ağası rus idi, müticəsinə tabe olur, nə buyururdular onu da edirdik, bizə öz halal sərvətimizdən verdikləri də tula payı olurdu. İndi, nə olub, Allaha şükür ağamız, rəhbərimiz özümüzdən, sərvətimiz də ki, öz əlimizdə-yeyək, yaşayaq, mehriban dolanaq!

- Cənab Prokuror, məni hansı cəza gözləyir, deyin bilim?! - Prokurorun söylədiklərilə barışa bilmədiyi üçün söhbəti dəyişməyə cəhd etdi.

- Hansı cəzamı?.. Daha sizi gözləyən cəza, kimsə bilməsin, mənim bax, bu əllərimdə bir ətcəbalaya dönüb! - Prokuror iri əllərini yumruqlayıb ona göstərdi və fərəhlə gülümsədi. - Bir gözəl həkimimizi də cəzadan, dardan xilas edə bilməyəcəyiksə, daha niyə yaşayırıq? Amma unutmayın ki, mən də, müxalifətçilərin barışmadığı, bəyənmədiyi bir hökumətin, bir dövlətin prokuroruyam! Gedin, öz gözəl peşənizlə məşğul olun, rahat yaşayın! Amma bu barədə kimsə bilməsin, xahiş edirəm! Mən imkanım daxilində bu işi qapadacağam!

- Allah sizdən razı olsun, cənab Prokuror! - Həkim ayağa qalxıb, prokurorla sağollaşdı və otaqdan çıxdı. Prokurorluq binasından aralanınca Xəzərin sahilinə doğru üz tutdu. Bir qədər dəniz sahilində gəzməklə yüngülləşəcəyini düşündü. Yol boyu prokurorun iri əllərini, nəhəng vücudunu unuda bilmədi. Onu xəstə kimi qəbul etdiyi günləri xatırladı: «Axı bu adam o zaman bu cür nəhəng deyildi!.. Bəlkə mən fikir verməmişəm!.. Çox nəhəng adammış, çox! Amma ürəyi də vücuduna yaraşan ürəkmiş, halal olsun! Əsl kişi, əsl mərd ürəyi varmış onda!.. Çox nəhəng adammış, çooox! Necə olub ki, o vaxt o, mənim gözlərimə çox balaca görünüb?!.. Hııımmm!..»

Dənizin sahilində gəzişir, üzünə toxunan sərin mehdən xoşhal olur, yüngülləşirdi.

Düşünürdü ki, Xəzər Bakının nəfəsliyidir. Bu nəfəslik olmasa Bakının nəfəsi dayanar, bağrı partlayar. Sonra yenə Prokuroru düşündü: «İlahi, o, necə də cüssəli adammış!..»
XS
SM
MD
LG