Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:49

Gülər Əhmədova Cəmil Həsənlini, ABŞ-ı və ATƏT-i ittiham edir


Gülər Əhmədova
Gülər Əhmədova
-
«ABŞ Dövlət Departamenti və ATƏT öz hesabatlarında məni cinayətkar adlandırıb. Məhkəmə qərarı olmadan nə haqla cinayətkar adlandırılmışam? 10 ayda daha çox prezident seçkiləri ərəfəsində əsəb keçirdim. Özlərini demokratiyanın təntənəsi adlandıran adamlar, Cəmil Həsənli efirdə məni mandat alverçisi adlandırdı. O, 9 milyonluq xalqın, ailəmin və anamın qarşısında bunları deməklə ailə nüfuzuma xələl gətirib».

Oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məkəməsində keçmiş deputat Gülər Əhmədovanın məhkəməsinə hazırlıq iclası keçirilib. Hakim Əlisultan Osmanov məhkəmə zalında video və foto çəkilişlərə icazə verməyib. Jurnalistlər zala ciddi yoxlanışdan sonra buraxılıblar. Zalda boş sıralar olsa da, Gülər Əhmədovanın çoxsaylı qohumları da giriş qapısının önündə qalıblar.

«CƏMİL HƏSƏNLİ VAXTINDA ÇOX ŞEYƏ GÖZ YUMUB»

İclas başlanan kimi, Gülər Əhmədova həbsdə saxlandığı 10 ay boyunca mediada, beynəlxalq hesabatlarda «mandat alverçisi», «dələduz» kimi tanıdılmasının onun təqsirsizlik prezumpsiyasını pozduğunu bildirib:

«Cəmil Həsənlinin özü vaxtında çox şeyə göz yumub. Prezident yanında korrupsiya ilə mübarizə komissiyasının təhsil məsələləri üzrə üzvü olanda, Elşad Abdullayevin ABU-da törətdikləri gözünün qarşısında idi. Niyə səsini çıxarmırdı? Mənə mandat alverçisi deyir, gəlsin bura, ona çox şeyi sübut edim. Sübut edərəm ki, o və indi yanında oturanlar hansı mandatı pulla almışdılar».

Gülər Əhmədova çoxlu sualı olduğu üçün hakimdən növbəti məhkəmə iclaslarında ABŞ səfirliyinin, ATƏT-in nümayəndələrinin və Cəmil Həsənlinin məhkəməyə dəvət edilməsini istəyib.

9 VƏSATƏT

Vəkil Əfsər Talıbov məhkəmə önündə 9 vəsatətlə çıxış edib. İlk vəsatət cinayət işinə xitam verilməsi ilə bağlı olub. Vəkil bu vəsatətini Gülər Əhmədovanın əməllərini sübuta yetirəcək yetərli sayda dəlil-sübutun olmaması ilə əsaslandırıb.

Gülər Əhmədova barəsində həbs qərarının ləğvi və onun ev dustaqlığına buraxılmasına dair də vəsatət qaldırılıb.

Digər vəsatətlərdə sübutlar siyahısından bir sıra şahid ifadələrinin, o cümlədən Sevinc Babayeva öldüyü üçün oğlu Ayxan Məmmədovun ifadəsinin çıxarılması məhkəmədən istənib. Qurama olduğu iddiası ilə Elşad Abdullayevin yaydığı videogörüntülərin də siyahıdan çıxarılması xahiş edilib.

TƏMİN OLUNMADI

Prokuror Eldar Həmzəyev vəsatətləri əsassız sayaraq hakimdən xahiş edib ki, onların heç biri təmin olunmasın. O, Elşad Abdullayevin məhkəmə tərəfindən zərərçəkmiş kimi tanınması üçün yazdığı məktuba da münasibət bildirib:

«Elşad Abdullayev məktubunda xahiş edir ki, bu işdə zərərçəkmiş kimi tanınsın. Ancaq göndərdiyi videogörüntülərin heç birində kiməsə konkret pul verdiyi əksini tapmayıb. O, işdə rüşvət verməyə cəhd edən şəxs kimi keçir. Ona görə də xahiş edirəm məhkəmə onu zərərçəkmiş kimi tanımasın».

Hakimlər qısa müşavirəyə gedəndən sonra vəsatətlərin təmin olunmaması qərarına gəliblər. Məhkəmə baxışı oktyabrın 28-ə təyin edilib.

Gülər Əhmədova hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin baş prokurora yazdığı ərizə əsasında bu ilin fevralında həbs olunub. Keçmiş rektor iddia edir ki, Gülər Əhmədova ona 1 milyon dollara deputat mandatı vəd edərək pulu alsa da, vədinə əməl etməyib.

İşdə vasitəçi kimi adı keçən Sevinc Babayeva ötən il dekabrın 27-də Türkiyədəki hospitallardan birində müəmmalı şəkildə ölüb.

Elşad Abdullayev özü barədə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi qaldırılıb.
XS
SM
MD
LG