Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:33

İranla danışıqlar: saziş yoxdur, ümid var


Amerika Birləşmiş Ştatlarının dövlət katibi John Kerry İran xarici işlər naziri Mohammad Javadla müzakirə zamanı
Amerika Birləşmiş Ştatlarının dövlət katibi John Kerry İran xarici işlər naziri Mohammad Javadla müzakirə zamanı
-
Cenevrə danışıqlarında İran və P5+1 qrupu, yəni ABŞ, Rusiya, Britaniya, Fransa və Çin, üstəgəl Almaniya iştirak ediblər.
Avropa İttifaqının xarici işlər komissarı Catherine Ashton danışıqlardan dərhal sonra keçirilən mətbuat konfransında bəyan edib ki, «konkret tərəqqi var, lakin müəyyən çətinliklər qalmaqdadır».
Danışıqların əlaqələndiricisi rolunda çıxış edən baronessa Ashton deyib ki, tərəflər bir daha noyabrın 20-də masa arxasına gələcəklər.
İranın xarici işlər naziri Mohammad Javad Zarif nəticədən narazı qalmadığını bildirib və əlavə edib ki, üzərində saziş qurulması üçün müəyyən bünövrə yaradılıb.
EYNİ DALĞA, EYNİ KOORDİNAT
Cənab Zarif deyib ki, «bütün tərəflər eyni dalğaya kökləniblər» və «saziş əldə olunması üçün təkan verilib».
Bununla belə, Amerika Birləşmiş Ştatlarının dövlət katibi John Kerry deyib ki, onun fikrincə, hazırda tərəflərin mövqeyi əvvəllər olduğundan heç də yaxın deyil.
Fransanın xarici işlər naziri Laurent Fabius
Fransanın xarici işlər naziri Laurent Fabius
Danışıqlarda Qərbin irəli sürdüyü təklif bəzi iqtisadi sanksiyaların yumşaldılması müqabilində İranın öz nüvə fəaliyyətini genişləndirməməsidir.
Diplomatik mənbələrdən alınan məlumatlarda deyilir ki, danışıqlar zamanı Fransa İrana qarşı daha kəskin mövqe nümayiş etdirilməsini istəyib.
Dünən gecə saatlarında başa çatmış mətbuat konfransından əvvəl Fransanın xarici işlər naziri Laurent Fabius demişdi ki, danışıqlar nəticəsiz başa çatıb.
Bununla belə o əlavə edib ki, Cenevrə danışıqları «irəliləyişə nail olub».
«Lakin biz hələ yekun mərhələsinə başlaya bilməmişik, çünki həll olunası bəzi suallar hələ də qalır» – deyib cənab Fabius.
Bəzi mənbələrdən alınan məlumatlarda deyilir ki, razılaşma məhz Parisin mövqeyinə görə əldə olunmayıb.
Fransa İranın artıq istehsal etdiyi 20 faizlik uranı oksidləşdirməklə radioaktivliyini azaltmasını tələb edir.
Bu dərəcədən aşağı uran nüvə silahının yaradılmasına imkan vermir, lakin ondan dinc məqsədlər üçün istifadəyə şərait yaradır.
Cənab Fabius bildirib ki, Paris konkret olaraq İranın Arak təhqiqat reaktorunda fəaliyyətini dayandırmasını tələb edir. Bu mərkəz plutoniumu silah dərəcəsindək zənginləşdirmək potensialına malikdir.
«PƏNCƏRƏ» SÖHBƏTİ
Ümumiyyətlə Qərb diplomatlarının danışıqların ardınca verdiyi bəyanatlar ziddiyyəti ilə fərqlənir.
ABŞ Dövlət katibi John Kerry jurnalistlərə deyib ki, «biz nəinki fikir ayrılığımızın məsafəsini daraltmışıq və qalan fərqlərin nədən ibarət olduğunu aydınlaşdırmışıq, biz hətta nüvə proqramının işləməsi və onun dinc məqsədlər daşımasına təminat alınması istiqamətində əhəmiyyətli tərəqqi əldə etmişik».
Lakin bunun dərhal ardınca cənab Kerry deyib ki, «diplomatiya üçün pəncərə qeyri-müəyyən müddətə açıq qala bilməz».
Mohammad Javad Zarif və John Kerry
Mohammad Javad Zarif və John Kerry
Maraqlıdır ki, İranın xarici işlər naziri də «pəncərədən» danışıb və deyib ki, saziş mümkündür, lakin imkan pəncərəsi daim açıq olaraq qalmaya bilər.
ABŞ dövlət katibi danışıqların “ciddi olduğunu və qarşılıqlı hörmətə söykəndiyini” vurğulayıb və deyib ki, o, Qərbin öz məqsədinə tezliklıə çata biləcəyinə ümid bəsləyir.
İran prezidenti Hassan Rouhani dünya güclərini saziş bağlanması üçün yaranmış “müstəsna imkanı” əldən verməməyə çağırıb.
Bununla belə İran xarici işlər naziri Mohammad Javad Zarif BBC-yə müsahibəsində deyib ki, o saziş barədə iki gün bundan əvvəl olduğundan daha ehtiyatla fikir söyləyə bilər, lakin sazişin əldə olunacağına ümid hələ də var.
Britaniyanın xarici işlər naziri William Hague də bildirib ki, danışıqlar konstruktiv məcradadır.
İranla gələcək enerji əməkdaşlığına ümid bəsləyən London Cenevrədə daha yumşaq mövqe tutub.
XS
SM
MD
LG