Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:39

İslamçılar kəsdikləri «yanlış baş»a görə üzr istədilər


Foto: Arxiv. Suriya rejimi tərəfdarlarının edamı.
Foto: Arxiv. Suriya rejimi tərəfdarlarının edamı.
-
«Əl-Qaidə»yə bağlı «İraq və Suriyanın İslam Dövləti» təşkilatı (Islamic State of Iraq and al-Sham – ISIS) «düşmən başı» əvəzinə yanlış olaraq öz silahdaşlarından birinin başını kəsdiyinə görə üzr istəyib.

ISIS-in internetə yerləşdirdiyi videoda bir qiyamçının əlində kəsilmiş saqqallı baş görünürdü. Qiyamçılar prezident Bashar al-Assad-ın tərəfində vuruşan şiə döyüşçüsünü öldürdüklərini təntənə ilə elan edirdilər.

Lakin sonradan videodakı başı tanıyanlar olub. Məlum olub ki, başın sahibi «Əhrar əş-Şam» sünni yaraqlı təşkilatının üzvü imiş. Qrup bəzi ideoloji fərqlərinə baxmayaraq, ISIS təşkilatının müttəfiqidir.

Araşdırmadan sonra bəlli olub ki, kəsilmiş baş «Əhrar əş-Şam»ın bir müddətdir itkin sayılan lideri Mohammed Fares-ə məxsusdur.

Suriya münaqişəsində ölümlərin monitorinqini aparan Suriya İnsan Haqları Müşahidəsi Təşkilatı bildirib ki, ISIS döyüşçüləri Mohammed Fares-in imamlar haqqında dediklərini səhv başa düşüblər.

Mohammed Fares Hələb yaxınlığındakı hərbi baza uğrunda gedən döyüşlərdə yaralanıbmış.

PEYĞƏMBƏR DEYİB Kİ, OLAR

«Üzrxahlıq nitqində» ISIS-in sözçüsü Omar al-Qahtani peyğəmbərə istinadən deyib ki, Allah mömin müsəlmanı səhvən öldürəni bağışlayır.

ISIS-in ötən yay nüfuzunun yüksəlməsi onun başqa anti-Assad qruplaşmaları ilə arasını vurub. Bu qruplaşmalar ISIS-in iştirakı olmayan çoxsaylı alyanslar yaradıblar. Lakin ISIS şimali Suriyanın böyük ərazisinə nəzarət edir.

ISIS-in getdikcə artan qəddarlığı hətta Azad Suriya Ordusu ilə kürd yaraqlıları arasında kövrək ittifaqa son qoyub. Kürdlər indi əsas qüvvələrini ISIS-ə qarşı yönəldiblər və son həftələrdə onları şimali Suriyanın bir sıra şəhər və kəndlərindən qovublar.

Öz növbəsində, Assad hökuməti qiyamçılar arasındakı ixtilaflardan maksimum yararlanmağa başlayıb və Hələb ətrafında əhəmiyyətli uğur əldə edib.

Bir çox qiyamçı qruplar Assad qoşunlarının irəliləyişini dayandırmaq üçün ümumi səfərbərliyə çağırıblar. Onlar eyni zamanda «əl-Qaidə»yə bağlı olmayan qrupların əsasında vahid cəbhə yaratmaq istəyirlər.

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu
XS
SM
MD
LG