Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:36

Azərbaycanlı cihadçılar və radikallar


Suriyadakı azərbaycanlı cihadçılar
Suriyadakı azərbaycanlı cihadçılar
Qeyri-rəsmi statistikaya görə, hazırda Suriyada yüzdən çox azərbaycanlı vuruşur. Bu ölkədə öldürülənlərin sayı 10-u keçib. Suriyaya cihad uğrunda getdiklərini deyən Azərbaycan vətəndaşları İslamın tələblərinə uyğun hərəkət edirlər? Bu mövzu bu dəfə “İslam və demokratiya” proqramında müzakirə olunub.

Müzakirəni tam olaraq buradan dinlə
Suriyaya cihada gedənlər
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid



SURİYAYA GEDƏNLƏR TƏHLÜKƏDİRMİ?

Politoloq Ərəstun Oruclu hesab edir ki, bu məsələdə etiqad məsələsi heç bir rol oynamır. Sadəcə ölkədə insanları bu işə cəlb edən şəbəkə mövcuddur:

“Könüllü kimi döyüşə cəlb olunanları əvvəlcə öyrədirlər, sınaqlardan keçirdirlər. Hər kəsi bura qəbul etmirlər. İstisna deyil ki, bu işi görənlər arxasında ya xarici ölkələrin xüsusi xidmət orqanları, ya da terror şəbəkəsi, ya da elə hər ikisi dayanır. Çünki Suriya müharibə gedən ölkədir, ora getmək xərc tələb edir. Lap getdin, orda kimə qoşulacağını bilmək lazımdır. deməli, burada transmilli şəbəkədən söhbət gedir”.

Ə.Oruclu ölkədə belə bir şəbəkənin olmasını Azərbaycanın milli təhlükəsizliyinə təhdid sayır. Çünki Suriyaya aparılan insanlardan sonradan Azərbaycan dövlətinə qarşı istifadə oluna bilər:

“Təəssüf ki Azərbaycanın təhlükəsizlik orqanları 30-40 inanclı müsəlmanı terror, narkotik ittihamı ilə şərləyib tutduğu halda, bu cür təhlükəyə göz yumur. Bəlkə də bu işin arxasında terrorçu şəbəkəsinin dayandığını bilirlər və Azərbaycanı hədəfə çevirməmək üçün onlara xüsusi problem yaratmırlar. Yaxud, bu fəaliyyətinin arxasında güclü, zəngin ərəb ölkələrinin dayandığını bildiklərində, siyasi konflikt yaratmaq istəmirlər”.


HÖKUMƏT NİYƏ ONLARA GÖZ YUMUR?

Politoloq hesab edilir ki, Azərbaycan hökuməti bu prosesi nəzarətdə saxlasa da, ona göz yumur, “cihadçılıarı” ölkədən buraxırlar.

“Bu isə yanlış taktikadır. Çünki qətllər törətmiş, iyrənc cinayətlərdə iştirak edən insanlar Azərbaycana qayıdanda nə edəcəyik? Onları cinayət məsuliyyətinə cəlb etmək də mümkün olmayacaq. Çünki Azərbaycan ərazisində cinayət törətməyiblər, onları sübut Yalnız şərləməklə tutmaq olar. Bu isə problemin həlli deyil”.

Preventiv tədbirlər görülməlidir, Bunun da ilk əvvəl Azərbaycanda etiqad azadlığını təmin etmək lazıdır. Azərbaycanın ənənəvi şiə məzhəbinə təzyiqləri dayandırmaq lazımdır.

Suriyada azadlıq ordusunun 95 faizi vəhhabi və digər radikal təriqətlərin nümayəndələrindən ibarət olduğunu xatırladan politoloq hesab edir ki, azərbaycanlı gənclərin vəhabi imamına üz tutmasının səbəbi Azərbaycandakı ideoloji boşluqdur:

“Ölkədə müstəqil ruhanilər yox dərəcəsindədir. Qafqaz Müsəlmanları Ruhani idarəsi dövlətin qurumudur. Əgər yüksək səviyyədə tapşırıq verilməsə, bu idarə heç bir məsələyə münasibət bildirməyəcək. Müstəqil ruhanilərin isə mövqeləri zəif olduğundan, hədəfə gəlmək istəmirlər”.



SURİYADAKI CİHADIN DİNƏ NƏ DƏXLİ?

İlahiyyatçı Bəhruz Əlizadə
cihad adı altında digər ölkənin işinə müdaxilə etməyin, insan öldürməyin nə İslama, nə də dini etiqada aidiyyəti olmadığını deyir.

“Dində belə cihad növü yoxdur. Sosial şəbəkələrdə baş verənləri izləyəndə, görürsən ki, bu aşırı dərəcədə ifratçılıqdır. Qeyri-ənənəvi dini cərəyanları islahatçılığı isə təşkil olunan cihad təfəkkürü və cihad düşüncəsi İslama ziddir. Bunların apardığı savaşın nə qurana, nə Peyğəmbərə, nə də Əhli-beytə dayanan kökləri yoxdur”.


AZƏRBAYCANDA MƏZHƏBLƏR ARASI GƏRGİNLİK

İslamda terror və günahsızları öldürmək, qoca və qadınlara təcavüz etmək ağır günah olduğunu xatırladan Bəhruz Əlizadə deyir ki, hazırda Azərbaycanın şimal bölgəsində qeyri-ənənəvi təriqətlər artmaqdadır. Onların İslama, şəriətə bağlılığı güclü deyil.

“Hətta internetdə belə məlumat yaymışdılar ki, aşura günündə terror edəcəklər. Burada nə İslamdan, nə də dindən danışaq olar. Cihad cihaddırsa, elə onda öz torpaqlarımızı uğrunda vuruşardılar da. Xeyli suallar var. Niyə Suriyadan əvvəl Fələstinə, Misirə, Bəhreynə heç kim getmədi. Amma əvəzində Dağıstana, Çeçenistana gedənlər çox idi”.

İlahiyyatçı düşünür ki, hazırda hansısa qüvvələr həm şiə, həm də sünnülər arasındakı radikal düşüncəli insanları hər iki tərəfdən qıcıqlandırmaqla münaqişə yaratmaq istəyirlər.

“Sələfi, yaxud vəhabilər kimi tanınan şəxslər özlərini əhli-sünnə kimi göstərib sünnələrin məskunlaşdığı bölgələrdə təbliğat aparır, insanların onların beyinlərini yuya bilirlər. Sələfilər tərəfindən kifayət qədər təhdidlər olunur”.

Ümid qəsəbə icmasının sədri Ramin Həsənzadə xatırladır ki, Suriyada vəhabiliyi qəbul edən erməni ilə azərbaycanlı qucaqlaşıb şəkil çəkdirirlər:

“Altında da yazırlar ki, bu, bizim erməni qardaşımızdır. Əgər İslam bir heyvanı öldürərkən ona zülm etməyi haram buyurursa, günahsız yerə heyvana vurulan çubuğun belə hesabını sorursa, onda günahsız yerə insan öldürən əbədi cəhənnəmlikdir”.

R.Həsənzadə də Azərbaycanda radikal təriqətlərin olduğunu, onların işinə həm saf, həm də qatı düşüncəli insanların olduğunu deyir. Məzhəb ayrıseçkiliklərini aradan qaldırmaq üçün yüksək mütəxəssislərə ruhanilərə ehtiyac var. Çünki insanların bisavadlığından istifadə edib, aldadırlar. Ata-anasını atır, evini satır, yalançı təbliğatın qurbanı olur, valideynlərin ömürlük vəziyyətdə qoyur.


SƏLƏFİLƏR İTTİHAMLARA NƏ DEYİR?

Şərqşünas, ilahiyyatçı Əkrəm Həsənov isə sələf alimlərinin də bu müharibənin əleyhinə olduğunu deyir. Onun sözlərinə görə, Suriyada savaş açanların özləri İslama hörmət etmir:

“Onlar üçün harada olduqlarının, kimlə vuruşduqlarının heç bir fərqi yoxdur, Onlar hətta İslam ölkələrinin başçılarına da kafir deyirlər. Məqsəd İslamın adından istifadə edib böyük mal-mülk əldə etmək, hakimiyyətə gəlməkdir”.

Ə.Həsənovun sözlərinə görə, böyük sələf alimləri müsəlmanlara tövsiyə ediblər ki, cihada çağıran, fətva verən kəsləri dinləməsinlər. Çünki bu adamların məqsədləri müsəlmanları radikallaşdırmaqdır:

“İslam dininə görə dövlət başçısının icazəsi olmadan digər dövlətdə savaş qatıla bilməzsən. Azərbaycandan Suriyaya gedənlər nə İslama, nə də dövlət qaydalarına əməl edirlər. Bəzi elmi olmayan, müsəlmanlar isə tez təsir altına düşür. Bunun səbəbi də məscidlərin olmaması, xüsusilə əhli-sünnə məscidlərinin olmamasındadır”.
XS
SM
MD
LG