Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:37

İqtisadçı-ekspert: «Dövlət Neft Şirkəti qanunla idarə olunmur»- [Video]


Azərbaycan neftindən milyonlar qazanıb adını gizli saxlayanlar haqqında Bakı sakinlərinin dedikləri
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Azərbaycan neftindən milyonlar qazanıb adını gizli saxlayanlar haqqında Bakı sakinlərinin dedikləri

-
Londonda mənzillənən «Global Witness» qeyri-hökumət təşkilatı Azərbaycan neftinin kimə və necə satılmasını araşdırıb. Təşkilatın «Anonim Azərbaycan» adlı araşdırmasında göstərilir ki, beynəlxalq adı SOCAR olan Azərbaycan Dövlət Neft Şirkəti Anar Əliyev adlı gənc biznesmenin yaratdığı şirkətlərlə 50-yə yaxın sövdələşmə aparıb.

Bunlardan yalnız birindən – Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan «Socar Trading SA» şirkətindən Anar Əliyevin qazancı 100 milyon dolları aşıb. Hesabatda Anar Əliyevin biznes fəaliyyətinin təkcə neftlə məhdudlaşmadığı bildirilir. «Global Witness» Anar Əliyevlə bağlı şirkətlərin çoxmilyardlıq Bakı Ağ Şəhər layihəsində də yer aldığını göstərir. Onun sahibi olduğu UGE şirkəti Ağ Şəhər layihəsində 99 faiz paya sahibdir.

Hesabat müəllifləri kimliyini axıradək aydınlaşdıra bilmədikləri Anar Əliyevin Birləşmiş Ərəb Əmirliklərində yaratdığı şirkət vasitəsilə SOCAR-la ən azı beş birgə müəssisədə ortaq olduğunu göstərir.

İqtisadçı-ekspert: «Dövlət Neft Şirkəti qanunla idarə olunmur»

Canlı müzakirə
Bu ortaqlıq Dövlət Neft Şirkəti ilə müqayisədə Anar Əliyevə daha çox milyonlar qazandırıb.

«Global Witness» göstərir ki, İsveçrədə qeydiyyatdan keçən, ARDNŞ-nin neft ticarəti ilə məşğul törəmə şirkəti – «SOCAR Trading S.A.»nın sahibi – «Supra Holding Ltd.» adlı şirkət olub. Sonuncu «SOCAR Trading»in yaradılmasından 6 gün əvvəl qeydiyyatdan keçibmiş. O zaman «Supra Holding Ltd.»in 50 faizi ARDNŞ-yə, 25 faizi Britaniya Vircin Adalarında yerləşən «Renfrel Holding» şirkətinə, 25 faizi isə BƏƏ-də yerləşən, Anar Əliyevin sahibi olduğu «Heritage General Trading FZE» şirkətinə məxsus olub. Sonradan Dövlət Neft Şirkəti «SOCAR Trading»in bütün səhmlərinə yiyələnib. Hesabatda göstərilir ki, «Heritage» səhmlərini 5 milyon dollara almışdı, «Renfrel» isə 1.25 milyona. ARDNŞ isə «Heritage»dan səhmləri 103 milyon dollara, «Renfrel»dan isə 30 milyona alıb. Daha sonra ARDNŞ-nin 5 il boyunca bu işbirliyindən cəmi 48.5 milyon dollar gəlir əldə etdiyi diqqətə yetirilir:
«Neft daşları»
«Neft daşları»

«O zaman Anar Əliyevə məxsus «Heritage» 118 milyon, «Renfrel» isə 33.75 milyon dollar gəlir əldə edib».

«Global Witness» yazır ki, 2011-ci ilin mayında Azərbaycan parlamenti «UGE-Lancer» adlı şirkətlə hasilatın pay bölgüsü sazişi imzalayıb. Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının inkişafını hədəfləyən bu sazişdə səhmlərin 75 faizinə «UGE-Lancer», 25 faizinə isə ARDNŞ sahibdir. «Global Witness» bildirir ki, ARDNŞ-nin «UGE-Lancer»i necə seçməsi aydın deyil, onlar tenderlə bağlı hər hansı məlumat əldə edə bilməyiblər.

İngiltərə təşkilatı bu şirkətin arxasında da Anar Əliyevin olduğunu aşkara çıxarıb. O da məlum olub ki, «UGE-Lancer» şirkəti karbohidrogen fəaliyyətləri ilə bağlı «sıfır faiz (0%) dərəcəsi ilə əlavə dəyər vergisindən azaddır». Hazırda bu verginin dərəcəsi 18 faizdir)

SOCAR ANAR ƏLİYEVİ TANIMIR

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, şirkətdə Anar Əliyev adlı şəxsi tanımırlar. Şirkət «Global Witness»in sözügedən araşdırmasına da münasibət bildirmək istəmədiyini nəzərə çatdırıb.

Amma SOCAR «Global Witness»ın sorğusuna cavab verib. Cavabda deyilir ki, geniş təcrübələrinə və layihələri daha yaxşı kommersiya şərtləri ilə maliyyələşdirməyə hazır olduqlarına görə, ARDNŞ beynəlxalq partnyorları cəlb edib:
Rövşən Ağayev
Rövşən Ağayev

«Davamlı və uğurlu əməkdaşlığın nəticəsi olaraq ARDNŞ inkişaf etdi və zəruri komfort əldə etdikdən sonra öz əməliyyatlarına nəzarət etməyə başlayıb».

«ŞİRKƏTİN QAZANCI PƏRDƏ ARXASINDA QALAN YÜKSƏK RANQLI MƏMURA ÖTÜRÜLÜR»

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi sədrinin müavini, iqtisadçı Rövşən Ağayev deyir ki, SOCAR iri şirkətdir, böyük mənfəəti var, amma büdcəyə çox az vergi ödəyir:

«Əslində, uzun müddətdir ki, SOCAR-ın özəl şirkətlərlə işləməsi, çoxlu müəssisələr yaratması və maliyyə hesabatlarında şəffaflığın olmaması tənqid olunurdu. Düzdür, SOCAR son iki ildir maliyyə hesabatlarında bəzi maliyyə axınları barədə məlumat verir, amma ayrı-ayrı şirkətlərlə, müəssisələrlə bağlı məlumatlara rast gəlinmir. «Global Witness»in açıqladığı məlumatlara SOCAR-ın maliyyə hesabatlarında rast gəlinmir».

İqtisadçı bunun səbəbini SOCAR-ın siyasi hakimiyyətə bağlılığında görür. O deyir ki, Dövlət Neft Şirkəti qanun və nizamnamə ilə yox, ayrı-ayrı yüksəkrütbəli məmurların göstərişi ilə idarə olunur:
İlham Şaban
İlham Şaban

«Əgər biz neft məhsullarının, 1 ton benzinin maya dəyəri barədə məlumatlar əldə edə bilmiriksə, belə qeyri-şəffaf mühitdə korrupsiyanın olması gözlənəndir, təbiidir... Bir nəfərə bağlı şirkətlərlə işləmək isə o deməkdir ki, məlumat daha dar dairədə qalır. Görünür, o bir nəfər də, əslində, formaldır, şirkətin qazancı pərdə arxasında qalan yüksək ranqlı məmura ötürülür».

«PROBLEM ONDADIR Kİ, BU MƏLUMATLAR İCTİMAİYYƏTƏ AÇIQLANMIR»

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban «Global Witness»in araşdırmasında Azərbaycan üçün sensasiyalı məlumatların olduğunu söyləyir. Onun sözlərinə görə, SOCAR xarici ölkələrdə öz törəmə şirkətlərini yaradarkən yerli şirkətlərlə ortaq olur:

«Bunda problem yoxdur, problem ondadır ki, bu məlumatlar ictimaiyyətə açıqlanmır. Yəni, sən törəmə şirkət yaradırsan, amma açıqlamırsan ki, əslində, bu şirkətin 100 faiz səhmi səndə deyil».

İlham Şaban deyir ki, məsələn, «SOCAR Trading S.A.»nın bir Britaniya şirkəti ilə sıxılmış qazın Qərbi Afrikaya satılmasına dair sazişi barədə məlumatı tərəfdaşı açıqladı, özü yox. Onun fikrincə, dövlət şirkəti öz fəaliyyəti ilə bağlı ictimaiyyətə nə qədər az bilgi verirsə, bu qapalılıq şəffaflıqla bağlı ciddi şübhələrə yol açır.
Mehman Əliyev
Mehman Əliyev

«SOCAR TRADING»İN GƏLİRLƏRİNİN BÖYÜK HİSSƏSİ ÖZGƏ CİBLƏRƏ AXIRMIŞ»

«Turan» İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev də deyir ki, bir neçə ay əvvəl, hasilatın azalmasına və qiymətlərin sabitliyinə baxmayaraq, Dövlət Neft Şirkətinin 2012-ci ildə xam neft satışından gəlirinin üç dəfə artması barədə məlumat onların diqqətini cəlb etmişdi. Mehman Əliyevin sözlərinə görə, hələ o zaman araşdırma apararkən məlum olmuşdu ki, İsveçrə hökuməti Cenevrədə yerləşən şirkətlərə daha açıq olmaları ilə bağlı xəbərdarlıq edib. Əks halda sərt tənzimləmə tətbiq ediləcəkdi.

Mehman Əliyev deyir ki, bu şirkətlər arasında «SOCAR Trading» də olub. Onun fikrincə, ARDNŞ-in xam neft satışından gəlirinin artmasına bu şəffaflıq tələbi, eyni zamanda, «SOCAR Trading»in səhmlərinə 100 faiz yiyələnməsi səbəb olub. Müsahibimiz əlavə edir ki, bunadək «SOCAR Trading»in gəlirlərinin böyük hissəsi özgə ciblərə axırmış.
XS
SM
MD
LG