Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:40

Günel Mövlud. İstedad məzarlığı…


Günel Mövlud
Günel Mövlud
-

Adil Mirseyidin xəstə olduğunu iki ildir bilirəm. İki il əvvəl bir dəstə gənc yazar yığışıb kampaniya başladıq.

Varlı, vəzifəli adamları üzə saldıq. Silsilə yazılar yazdıq, müsahibəsini dərc elədik, şair və rəssam Adil Mirseyidin rəsm sərgisinin təşkilinə nail olduq.

On min manatdan çox pul yığıldı.

Sonra hamı Adil Mirseyidi unutdu. O yenə 20 illik kirayə mənzilində, öz xəstəliyii ilə baş-başa qaldı.

Bu günlərdə şairin həyat yoldaşı kömək üçün onün üzv olduğu Azərbaycan Yazıçılar Birliyinə müraciət eləyib. Birliyin ağsaqqallarından Fikrət Qoca isə deyib ki, biz onun müalicəsinə kömək edə bilmərik. Birliyin buna imkanı yoxdur.

Yadıma bu yaxınlarda dünyasını dəyişən şair Şaiq Vəli düşdü. O da imkansızlıqdan, çətin şəraitdə yaşamaqdan, səfalətdən xəstələnib ölmüşdü. Ölümündən bir müddət əvvəl ac uşaqlarını da götürüb, AYB-nin qarşısında aksiya eləmişdi. Amma birlik ona bir şəpik də kömək eləmədi. Şaiq Vəli uşaqlarını dövlətə təhvil verdi. Sonra dünyasını dəyişdi.

Bu adamların taleyi çox faciəvi oldu. Gənclər etiraza başlayanda, Anarı ifşa edəndə, Birliyin məddahlıq yuvası olduğunu deyəndə, çox az adam bizim səsimizə səs verdi. Ev gözləyənlər, təqaüd gözləyənlər, qurumun hansısa qəzet-jurnalında iş gözləyənlər, ad gözləyənlər, Anarın bir xoş baxışını gözləyənlər…

İllərlə gözləyənlər oldu. Neçə-neçə istedad gözümüzün qabağında illərlə ev növbəsində dayandığı üçün susmağa məcbur oldu. Neçəsi küçədə azad yazarlara salam vermədi ki, Anarın qulağına çatar, adını təqaüd siyahısından çıxarar. Neçəsi bu gözləntilərlə qocaldı. Mövqeyini bəlli etmədiyi, açıq, azad yazmaqdan çəkindiyi üçün imzaları maraq doğurmadı, müzakirə olunmadı, itib-batmalı oldular. Qorxa-qorxa gözlədilər, gözləyə-gözləyə qocaldılar.
Şerif. Avtoqraf
Şerif. Avtoqraf

Anarın və AYB-nin səxavət kisəsi isə çox az adamın üzünə açıldı. Çünki AYB-də olmaq, Anarı dəstəkləmək, prezidentin uzaqgörən siyasəti barədə pis fikir işlətməmək hələ çox-çox azdır. O səxavət kisəsindəki qırıntılardan nəsə ala bilmək üçün sən Anara da, onun dəstəklədiyi rejimə də ürəkdən, canıyananlıqla, əks, müxalif fikirlərə düşmən, nifrət dolu mövqedə olmaqla yarınmalısan. Azad yazarları, müxalifəti, fərqli fikir deyənləri ürəkdən söyməlisən, hər sözündə, müsahibəndə, çıxışında, yazında onlara kin, nifrət qusmalısan. Amma belə eləsən də, yenə azdı. Bu işi görənlərin sayı da olduqca çoxdur. Onların arasında da seçilmək, gözə girmək, onlardan daha yaxşı, daha istdeadlı olduğunu sübut etmək lazımdır.

Bizim bəzi yazar dostlar isə sadəlövhcəsinə elə bildilər ki, «nə şiş yansın, nə kabab» prinsipi ilə AYB-dən nəsə almaq olar. Elə bildilər ki, Anarın peyğəmbərliyini, prezidentin allahlığını etiraf etmədən, bunu hər müsahibədə demədən, mədhiyyələr yazmadan, Heydər Əliyev, Rəsul Rza, Nigar Rəfibəyli barədə yağlı məqalələr, şeirlər, romanlar yazmadan ev almaq olar, «Ulduz» jurnalının redaktoru, AYB-də hansısa şöbənin katibi kürsüsündə oturmaq olar.

Sadəlövhlükləri onların faciəsi oldu. Susa-susa gözlədilər. Gözləyə-gözləyə qocaldılar. Rafiq Tağı məsələsində AYB-nin münasibəti, bu qurumdan imtina edib, çıxan gənc yazarların azad, minnətsiz şöhrətləri, qurumda illərlə gözləyib, heç nəsiz, adsız-sansız, şöhrətsiz, mövqesiz qocalanlar onlara dərs olmadı. İllərlə gözləyən Şaiq Vəli səfalət içində öldü. Adil Mirseyidin müalicəsinə AYB pul vermir.

Bütün ölkə Rafiq Tağının üstünə qalxanda AYB onu sıralarından xaric elədi. Ötən il gənc yazarlar birtəhər Adil Mirseyidin sərgisinə nail olanda, AYB o sərgiyə nə bir nümayəndə, nə bir təbrik məktubu, nə də bir dəstə gül göndərdi.

Bü gün az qala ölüm yatağında uzanan Adil Mirseyidin müalicəsi üçün AYB pul tapmır.

Cəmi bir ay əvvəl isə Yazıçılar Birliyinin sədri Anarın qızı Günel Anarqızının bahalı maşınının fotoları müxtəlif saytlarda, sosial şəbəkələrdə göz oxşayırdı…


(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)
XS
SM
MD
LG